Məhkəmə qərarları › İş №2(011)-37/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-37/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-37/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 4 saylı evin, 2 saylı mənzili iddiaçının, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 4 saylı evin, 4 saylı mənzili isə cavabdehin mülkiyyətindədir.

2. Mübahisə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 4 saylı evin, 4 saylı mənzildən iddiaçının mülkiyyətində olan həmin ünvanda yerləşən 2 saylı mənzilə su axması nəticəsində dəymiş zərərlə bağlıdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı ünvan 1, 4-ci mənzilindən su axması nəticəsində ünvan 1, 2-ci mənzilinə dəymiş 2000 manat məbləğində maddi ziyanın və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması və su axıntısnın bir daha baş verməməsi üçün həmin sahənin təmirinin həyata keçrilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil xx.xx.2010-cu il tarixindən onun şəxsi mülkiyyətindədir. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Düvlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Onun bacısı öz ailəsi ilə ona məxsus mənzildə həmin binanın 1-ci mərtəbəsində, cavabdehin ailəsi isə həmin binanın 2-ci mərtəbəsində yaşayır. Onun mənzili 2 otaqdan: yataq otağı, qonaq otağı,sanitar qovşağı, hamam, mətbəx və dəhlizdən ibarətdir. Cavabdehin ailəsi sözü gedən mənzildən düzgün istifadə etmirlər və bu illər ərzindədə daima su axıntıları baş verir. Cavabdehin sanitar qovşaqlarından su axıntısı nəticəsində onun mənzilinin qonaq otağı, sanitar qovşağı, hamam, mətbəx və dəhlizi nəm çəkmişdir. Daha əvvəl də cavabdehin təqsiri üzündən mənzilinə ziyan dəymiş və dəymiş ziyanı qaldırmaq üçün bir neçə dəfə öz hesabına evi təmir etdirmişdir. Bu barədə cavabdehin ailəsinə dəfələrlə xəbərdarlıq olunsa da,o bundan heç bir nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamış və qonşu kimi birgəyaşayış qaydalarına riayət etməmişdir. Bu axıntı artıq neçə vaxtır davam edir. Dəfələrlə Mənzil Komunal İstismar Sahəsinin rəhbərliyinə şikayət etsə də, heç bir nəticə olmamış, su axıntısı yenidən baş vermişdir. Cavabdehin ailəsi dəfələrlə xəbərdar olunsa da, buna əhəmiyyət verməmişdir və onun təqsiri üzündən axan sular mənzilinə xeyli miqdarda ziyan vurmuş, mənzilində antisanitar şəraitin yaranmasına gətirib çıxarmışdır. Bununla birlikdə ona, ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

17. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 4 saylı evin 2 saylı mənzilinə su axıdılmışdır. Belə ki, Bakı şəhəri Xətai rayonu 93 saylı MKİS tərəfindən tərtib edilmiş Aktda cavabdehin yaşadığı 4 saylı mənzildən iddiaçının yaşadığı 2 saylı mənzilə su axıdılması qeyd edilmişdir.

18. Həmçinin, işin bu halı Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5990 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzildə mərtəbəarası su sızmanın əlamətləri müşahidə edilmiş, mənzilin dəhliz, mətbəx və yaşayış otağında boya qatının qabarması, su izləri (saralmalar), divar kağızının qopması və aralanması, döşəmə taxtasının şişməsi və aralanması müşahidə edilmişdir.

19. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir.

20. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olubolmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfü deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi).

21. Ekspertiza rəyində də iddiaçıya məxsus Mənzilin sanitar qovşağında mərtəbələrarası su sızmasının əlamətlərinin olması qeyd olunmuşdur.

22. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizəsində su sızıntısının onun mənzilindən axmamasını qeyd etsə də, bunu təsdiq edə biləcək heç bir sübutu məhəkəməyə təqdim etməmişdir.

23. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir.

24. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 2000 manat olması hissəsində qismən əsaslıdır.

25. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5990 saylı, xx.xx.2024cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayon, Q.Nəbi küçəsi, 4 saylı evin 2 saylı mənzilinə su axması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı olan təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətinə uyğun olaraq təqribən 1803 manat müəyyən olunur.

26. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə su sızması nəticəsində dəymiş ziyanın ümumilikdə 1803 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 1803 manat cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir.

27. Məhkəmə hesab edir ki, 40 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 90 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1803 manat maddi ziyan və 36 manat dövlət rüsumu, cəmi 1839 manat manat məbləğində pul vəsaiti X2 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pulun 45 manat hissəsi X2, 5 manat hissəsi isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar