Məhkəmə qərarları › İş №2(011)-3704/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3704/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3704/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən 3165,32 manat məbləğində borcun, və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və 3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.N.Xəlilov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə “OBA RETAİL CHAİN“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və vəzifələrinə dair “X6” haqqında müqavilə imzalanmışdır, xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında 99 – K saylı əmrlə vəzifəsindən azad edilmişdir, xx.xx.2020-ci il tarixlərində cavbdehin çalışdığı və məsul olduğu “Oba – Lokbatan 3” mağazasında aparılmış inventarizasiya aparılmış nəticədə müəyyən malların çatışmadığı aşkar olunmuşdur, aparılan yoxlamaya dair qeyd olunan tarixdə “İnventarizasiya Nəticələrinə” dair akt tərtib edilmiş, qeyd edilən yoxlamalar üzrə ümumilikdə 5407,14 manat məbləğində malın çatışmadığı məlum olmuşdur, maliyyə arayışından da göründüyü kimi çatışmayan malların ümumi dəyəri olan 5407,14 manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 2241,82 manat güzəşt edilmişdir, yekun olaraq cavabdehin 3165,32 manat borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi N.N.Xəlilov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi N.N.Xəlilov yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə yazılı ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdən X1 satıcı-kassir vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında sonuncunun xx.xx.2017-ci il tarixdən başlamaqla 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə aylıq 153 manat əmək haqqı ilə işə qəbul olunması barədə əmək müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 488-K saylı Əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul olunmuçdur, əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi qeyd olunmuşdur. İş materiallarından olan xx.xx.2017-ci il tarixli “X6” haqqında müqavilədən görünür ki, "xxxx" MMC-nin rəhbəri X3 ilə Cavabdeh arasında onun tutduğu vəzifə və qurduğu işlə əlaqədar X6 haqqında müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə yazılı ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixində Satış departamentinə administrator vəzifəsinə keçməyə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 112-K saylı Əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 13 mart 2019-cu il tarixindən Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh müddətsiz əmək müqaviləsinə əsasən, aylıq 345 manat əmək haqqı olmaqla, administrator vəzifəsinə keçirilmişdir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli “X6” haqqında müqavilədən görünür ki, "xxxx" MMC-nin rəhbəri X3 ilə Cavabdeh arasında onun tutduğu vəzifə və qurduğu işlə əlaqədar X6 haqqında müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək,əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 697 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasındakı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ”a” bəndinə əsasən xitam verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2 a bəndinə əsasən – tərəflərdən birinin təşəbbüsü ilə Cavabdeh ilə "xxxx" MMC arasındaki əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 15 mart 2020-ci il tarixli OBA-Lokbatan 3 filialında aparılmış İnventarizasiya nəticələrinə dair yekun Akt-dan görünür ki, itki və imhanın cəmi 4709,97 manatdır. İş materiallarında olan 404 saylı İnventarizasiya Siyahısından görünür ki, OBA- Lokbatan 3 filialında maddi məsul şəxs Cavabdehdur, artıqgəlmə miqdarı 1696,58, məbləği 2894,55, əskikgəlmə 7118,83, məbləği 6030,51, son nəticə 3135,96-dır. İş materiallarında olan 28 iyul 2020-ci il tarixli OBA-Lokbatan 3 filialında aparılmış növbədənkənar İnventarizasiya nəticələrinə dair yekun Akt-dan görünür ki, itki və imhanın cəmi 3928,65 manatdır. İş materiallarında olan 21 aprel 2020-ci il tarixli 006/İ saylı İnventarizasiya Siyahısından görünür ki, OBA-Lokbatan 3 filialında maddi məsul şəxs Cavabdehdur, artıqgəlmə miqdarı 3597,29, məbləği 4526,77, əskikgəlmə 7058,926, məbləği 6797,95, son nəticə 2271,18-dir. İş materiallarında olan Elnur Qardaşov, Vüqar Quliyev, Vüqar İsmayılov, Müseyib Muxtarov, Pərviz Əliyev tərəfindən imzalanmış 28 iyul 2020-ci il tarixli İmtina Aktından görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən OBA-Lokbatan 3 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2020-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanılmışdır, maddi məsul şəxs - Cavabdeh inventarziyasının aparılmasında iştirak etsə də yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonra heç bir riad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmədən (-2271,18 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli DN-6291 saylı xəbərdarlığın surətindən görünür ki, maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamğının mütləq olması bildirilmiş, Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli DN-5012 saylı xəbərdarlığın surətindən görünür ki, sonuncudan faktiki qalıq borcu 3454 manatın 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixdə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X4 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 3165,32 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən MŞB/5 mediasiya təşkilatına 50 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 3 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-də 3 ay sınaq müddəti müəyyən edilməklə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə Cəmiyyətin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir, tərəflər arasında xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixdə X6 barədə müqavilələr imzalanmışdır, iddia tələbi cavabdehin öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmədiyi səbəbindən iddiaçıya vurulmuş 3165,32 manat məbləğində pulun cavabdehdən alınması barədədir, xx.xx.2020-ci il tarixli 697 saylı əmr ilə tərəflər arasındakı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ”a” bəndinə əsasən – cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsinə əsasən işçinin əsas vəzifəsi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən işəgötürənin işçilərin ona və mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ vardır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya dəymiş ziyanın əvəzi olaraq tələb olunan 3165,32 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 3 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı əmlakına vurduğu ziyana görə 3165 (üç min yüz altmış beş) manat 32 (otuz iki) qəpik, ilkin mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu qismində ödənilmiş 3 (üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar