Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3705/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 5363.91 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və 24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "Oba Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəhııl olunmuşdur. xx.xx.2017-ci il tarixində isə əmək müqaviləsinə edilən əlavə ilə və tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqla administrator vəzifəsinə keçirilmişdir. 2110.2020-ci il tarixdə öz ərizəsi əsasında 093 saylı əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “Oba-Türkan” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində ümumilikdə 13069.92 manat dəyərində malın çatışmadığı məlum olmuşdur. Çatışmayan malların ümumi dəyəri olan 13069.92 manat vəsait üzrə keçən dövr ərzində cavahdehə 7330.45 manat güzəşt edilmiş, 375.56 manat hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq, cavabdehin iddiaçıya 5363.91 manat borcu yaranmışdır. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, MMC-də xx.xx.2017-ci il tarixdə baş satıcı vəzifəsində işə başlamış, daha sonra xx.xx.2017ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. MMC-də işlədiyi müddət ərzində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, guya ki, əmək müqaviləsinin və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuş, şirkətə ziyan vurmuşdur. Bunun təsdiqi kimi xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixli inventarizasiya yoxlaması nəticələri iş materiallarına əlavə edilmişdir. İddia tələblərini qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı şirkətə vurduğu zərərlə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi barədə isə şirkət ona heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi, iddiaçıya hüquqlarının və qanuni mənafelərinin pozulması 2018-ci ildə keçirilmiş inventarizasiyanın nəticələrinə əsasən məlum olmuşdur. Lakin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə, iddia müddətinin tətbiqini zəruri hesab edir. Göstərilənlərə əsasən iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X1” MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən işçi 3 aylıq sınaq müddəti tətbiq edilməklə, baş satıcı vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə öz xahişinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixli “İnventarizasiya nəticələrinə” dair aktların surətinə əsasən müəyyən olunur ki, həmin tarixlərdə Cavabdeh “Oba-Türkan” mağazasnda çalışdığı zaman aparılmış inventarizasiyanın nəticəsi olaraq onun tərəfindən Cəmiyyətə ümumilikdə 13069.92 manat məbləğində zərər vurulması məlum olmuşdur. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ümumi borcdan 7330.45 manat güzəşt edilmiş, 375.56 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmış və qalıq borc 5363.91 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə görə əgər zərər işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən maddi ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün üzrə qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə məhkəmə belə hesab edir ki, iddia tələblərinə iddia müddət tətbiq edilməli və tələb təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDi: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən vurulmuş ziyana görə 5363.91 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və 24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 24 (iyirmi dörd) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3705/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3705/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver