Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-374/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsi üzrə 30 000 (otuz min) manat, dövlət rüsumu olaraq ödənilən 180 (yüz səksən) manat və hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən ödənilən 500 (beş yüz) manat olmaqla, cəmin 30 680 (otuz min səkkiz yüz səksən) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qismində qoyulan Cavabdeh ilə iddiaçı arasında 01 sentyabr 2021-ci İl tarixli Kredit müqaviləsi bağlanmışdır. Bu Kredit müqaviləsinə əsasən cavabdehə 30000 (otuz min) manat borc pul verilmişdir. Verilən borc pul onun tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçıya qaytarılmalı idi. Ancaq Kredit müqaviləsnin bitmiş olmasına baxmayaraq cavabdeh tərəfindən indiyə kimi vermiş olduğu borc pul geri qaytarılmamışdır. Dəfələrlə borc pulun geri qaytarılması barədə onunla danışsa da hər dəfəsində bir bəhanə gətirərək qaytarmaqdan yayınmaqdadır. Məhkəməyə müraciət etmək qərarına gəlməmişdən qabaq hətta onun qəsmi ünvanına xx.xx.2022-ci il tarixində məktub göndərərək almış olduğu 30 000 (otuz min) manat pulu 5 (beş) gün ərzində qaytarmasını, əksi halda məhkəməyə gedəcəyi barədə xəbərdarlıq göndərmişdir. Ancaq onun rəsmi ünvanına göndərdiym məktubun alınmasından imtina edilmişdir. Məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etmək üçün tələb etdiyi məbəğə uyğun olaraq 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu da ödəmişdir. Eyni zamanda məhkəmədə işlərinin aparılması üçün vəkillə müqavilə bağlamışdır və bu müqavilə üzrə 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Həmin məbləğlər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Bakı 01 sentyabr 2021-ci İl tarixli Kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində iddiaçıya ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə 180 manat məbləğində pul ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Hüquqi yardım göstərilməsi haqqında 22 sentyabr 2022ci il tarixli, 1064 saylı müqavilədən və bank mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosuna 500 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 180 manat məbləğində dövlət rüsumunun və 500 manat hüquqi yardım xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi və hüquqi yardım xərci ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və hüquqi yardım xərci ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi yardım xərci də cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış kredit müqaviləsi üzrə əsas borca görə 30000 (otuz min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 (yüz səksən) manat və hüquqi xidmət haqqının əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-374/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-374/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver