Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3741/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 585.396,96 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə arasında imzalanmış 27.11.2020-ci il tarixli, 27/11-2020 saylı faizsiz borc müqaviləsinə əsasən borc verən olaraq MMC-nin adından idxal olunmuş mallara görə 585.396,96 manat məbləğində gömrük rüsumlarını ödəməyi, borc alan isə borcu 07 dekabr 2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulan borc məbləğini qaytarmamış və müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələblərini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri Cavabdeh MMC-yə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi cavabdehin məhkəmə iclasına üzrsüz səbəbdən gəlməməsi ilə əlaqədar işə qiyabi icraat qaydasında baxılmasıına dair vəsatət verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsini rəhbər tuturaq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh MMC (VÖEN: **********) ilə arasında imzalanmış 27.11.2020-ci il tarixli, 27/11-2020 saylı faizsiz borc müqaviləsinin surətindən görünür ki, borc verən MMC-nin adından idxal olunmuş mallara görə 585.396,96 manat məbləğində gömrük rüsumlarını ödəməyi, borc alan isə borcu 07.12.2020-ci il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.. İş materiallarında olan 27.11.2020-ci il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh MMC-nin adından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına 585.396,96 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh MMC-nin İddiaçı 585.396,96 manat borcunun qalması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 585.396,96 ( beş yüz səksən beş min üç yüz doxsan altı manat 96 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3741/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3741/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver