Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3746/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən iddiaçıya cinayət işi üzrə dəymiş ziyanın, yəni 8000 manat məbləğində vəsaitin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əri X1 həbsdən azad etdirəcəyini vəd edərək inandırmış, 2014-cü ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunun qarşısında 2500 manat, 15 sentyabr 2014-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən kafedə 4500 manat, 26 sentyabr 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Xırdalan dairəsinin yanında 1000 manat, ümumilikdə 8000 manat pulu vahid niyyətlə ələ keçirib, İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət mühakimə icraatı zamanı cavabdeh AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Abşeron Rayon Məhkəməsinin hökmü ilə 1-(012)-7/2021 saylı iş üzrə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, o, bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmidir. Cavabdeh iddiaçının Abşeron Rayon məhkəməsində keçirilən cinayət mühakimə üzrə iddiaçıya maddi zərər vurması təsdiq edilmişdir. İddiaçı həmin cinayət mühakimə icraatında zərərçəkmış şəxs kimi tanınmış və ona 8000 manat maddi ziyan vurulması sübut edilmişdir. İddiaçının məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehə bir dəfə özü tərəfindən 8000 manat, bir dəfə də bacısı tərəfindən 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Sonradan cavabdeh ona bir dəfə 600 manat, bir dəfə isə 800 manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Cavabdeh qalan puldan heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmada baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM-nin 1096.2ci maddəsi). Qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh iddiaçını aldadaraq onun ərini həbsdən azad etmək adı ilə 8000 manat pulunu ələ keçirməklə iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus pulu ələ keçirməklə ona maddi zərər vurduğundan və ziyanı vurmaqda cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 82.4-cü maddəsinə Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi mahiyyətcə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 8000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, istintaq müddətində cavabdeh tərəfindən bir dəfə 800 manat, bir dəfə isə 600 manat olmaqla, cəmi 1400 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ona qaytarılmışdır. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 1400 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 6600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3746/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3746/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver