Məhkəmə qərarları › İş №2(011)-375/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-375/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-375/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və mənzilə su axıdılması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Yaşadığı 703 saylı mənzilin üst mərtəbəsində 712 mənzilində cavabdeh yaşayır. Cavabdehin istifadəsində olan mənzilin hamam otağından, dəhliz, mətbəx və eyvan hissəsindən son üç ilə ərzində hazırkı vaxta qədər mütəmadi olaraq su axıdılır. Hazırda da, cavabdeh qanunsuz hərəkətlərini davam edir. Mənzil İstismar Sahəsinin rəhbərliyi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, lakin o, mənzilində olan su sızmasının qarşısını almamışdır. Qeyd edilən su sızmasının nəticəsində mənzilin hamam otağı, mətbəx, dəhliz və eyvan tam yararsız vəziyyətə düşmüşdür (tavan döşəmə və yan divarlar su sızmanın nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür). Mənzilə dəymiş zərərin aradan qaldırılması üçün, təxminən, 3000 manat pul vəsaiti lazımdır. Digər tərəfdən suyun axıldılmasının qarşısının alınması cavabdehin üzərinə vəzifə olaraq məhkəmə qətnaməsi ilə qoyulmalıdır ki, o, qanuna tabe olsun. İddiaçı məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən görünür ki, kirayəyə verən Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış hündür mərtəbəli yaşayış kompleksinin E blokunda yerləşən 703 nömrəli yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Mənzil Kommunal İstismar Sahəsinin 2341 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda Bakı şəhəri, Xətai rayonu, 2347-2348 saylı məhəllə, Telnov küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının 5-ci blokunda yerləşən 712 saylı mənzildə yaşayır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Mənzil Kommunal İstismar Sahəsinin 2517 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh halhazırda Bakı şəhəri, Xətai rayonu, 2347-2348 saylı məhəllə, Telnov küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının 5-ci blokunda yerləşən 712 saylı mənzildə yaşayır. İş materiallarında olan Sabunçu Rayon MKİS-nin rəisi V.Hacıyev, mühəndis Z.Məmmədov, sahə nəzarətçisi Ə.Hüseynov tərəfindən imzalanmış aktıdan görünür ki, Xətai rayonu, Telnov küçəsi 2347/2348-də məskunlaşmış məcburi köçkünlər tərəfindən kirayə müqaviləsinin şərtlərinin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədilə ev və mənzillərə baxış keçirilərkən tərəflərindən müəyyən edilmişdir ki, İddiaçı müvəqqəti verilmiş mənzil 703, bir mərtəbə yuxarıda yerləşən mənzil 712 Cavabdeh tərəfindən daimi su axıdılması faktı aşkar edilmişdir. Sübut olaraq mənzil 702-nin foto şəkilləri tərəflərindən çəkilmişdir. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1406 saylı rəyinə əsasən mülki iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Mənzil-Kommunal İstismar Sahəsinin rəisi V.Hacıyev, mühəndis Z.Məmmədov və sahə nəzarətçisi Ə.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 712 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 3nında yerləşən 703 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1100,00 manat məbləğində müəyyən edilir. Keçirilmiş ekspertizanın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının istifadəsi və sahibliyində olan ünvan 3nında yerləşən 703 saylı mənzilinə cavabdehin istifadəsində olan ünvan 3nında yerləşən 712 saylı mənzilindən suyun axıdılması nəticəsində iddiaçıya 1100,00 manat, məbləğində maddi ziyan dəymişdir. İddiaçı mənzilinə suyun axıdılması nəticəsində 3000 manat ziyan dəyməsini iddia etdiyi halda bu halı sübuta yetirə bilmədiyindən məhkəmə iddiaçının vurulmuş maddi ziyan tələbini qismən, yəni 1100,00 manat hissəsində əsaslı hesab edib təmin edir. Məhkəmə iddia tələbini ünvan 3nında yerləşən 703 saylı mənzilə suyun axıdılmasının cavabdehə qadağan edilməsi hissəsində qiymət verərək hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilərək cavabdehə ünvan 3nında yerləşən 703 saylı mənzilə suyun axıdılması qadağan edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1100,00 (bir min yüz manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli manat) manat dövlət nəfinə tutulsun. Cavabdeh ünvan 3nında yerləşən 712 saylı mənzildən ünvan 3nında yerləşən 703 saylı suyun axıdılması qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar