Məhkəmə qərarları › İş №2(011)-3757/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3757/2023

22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3757/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-946/2017 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir.

2. İddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, cavabdeh etirazında 2014-cü ildə rəsmi nikaha daxil olduğunu bildirsə də, İddiaçı ilə aralarında olan nikah münasibətlərinə 2017-ci ildə xitam verildiyinə görə başqa bir xanımla Sabirabad regional “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində yenidən nikaha daxil olması qeyri-mümkündür. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, onun digər nikahdan uşaqlarının olması onu ilk nikahdan doğulan uşaqlara baxmaq öhdəliyindən azad etmir, cavabdeh digər nikaha daxil olanda birinci nikahdan övladlarının olduğunu bilirdi. Cavabdeh Qəzli kəndində özünə məxsus evdə anası ilə birgə yaşayır, evin tək oğludur, etirazda cavabdehin fəhlə kimi işlədiyi qeyd olunsa da, o mebel ustası kimi fəaliyyət göstərir. Kənddə cavabdehin hər biri 100 metr uzunluğunda 2 istixanası var və oradan cavabdeh tonlarla satış edir və gəlir qazanır, həmçinin onun 1 hektar sahəsi var və orada meyvə ağacları da var. Cavabdeh həmin məhsulların da satışından müəyyən gəlir əldə edir. Bununla yanaşı cavabdehin istifadəsində olan etibarnamə ilə idarə etdiyi avtomobili vardır. İddiaçı yuxarıda sadalananları əzərə alaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qeyd olunan məbləğ uşaqların minimum yaşayış xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən aliment məbləğinin artırılması zərurəti yaranmışdır.

İddiaçının tələbi:

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-946/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd olunmuşdur ki, iş üzrə Cavabdeh Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur, cavabdeh yaşadığı kənddə fəhlə işi ilə məşğuldur. Həmçinin etirazda bildirilmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə Sabirabad regional “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 776 saylı aktla X12 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bu halda, əgər alimentin məbləği hər iki uşaq üçün 220 manat məbləğində artırılarsa, cavabdehin ikinci ailədən olan uşaqlara baxmaq ehtimalı mümklün olmayacaq. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə verilmiş xx.xx.2023cü il tarixli ərizəyə əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul etdiklərini bildirmiş, aliment məbləğinin hər uşaq üçün 150 manat olmaqla artırılmasına razılıq verdiklərini qeyd etmişdir. Həmçinin ərizədə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbi tam təmin olunduğu halda, ikinci nikahdan olan iki uşağın saxlanması cavabdeh üçün çətin olacaqdır.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz izahatında bildirmişdir ki, tərəflər arasında olan nikah münasibətlərinə xitam verilmiş, hər iki uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment ödənilməsi müəyyən olunmuşdur. Hal-hazırda uşaqlar üçün müəyyən olunan yaşayış minimumu artmış, qeyd olunan aliment məbləği uşaqların ehtiyaclarının qarşılanması üçün kifayət etmədiyinə görə təyin olunmuş aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, cavabdehin hər ay hər iki uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment ödəmək imkanı vardır, belə ki, Cavabdeh istixanası var, həmin obyekt rəsmi qeydiyyatda olmasa da, cavabdeh oradan gəlir əldə edir, həmçinin mebel ustası kimi fəaliyyət göstərir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 öz izahatında bildirmişdir ki, cavabdeh hər ay hər iki uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Həmçinin cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, Cavabdeh hal-hazırda evlidir və onun ikinci nikahdan iki övladı vardır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00101 nömrə ilə Bakı şəhər 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir, İddiaçı 57 manat məbləğində mediasiya xərcini ödəmişdir;

10. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-946/2017 saylı qətnaməsinə əsasən, müəyyən edilmişdir ki, X13 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətairayon Qeydiyyat şöbəsində bağlanmış 358 saylı nikah qeydi ləğv edilsin, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X14 anası X5 yanında saxlanılsın, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulsun.

11. AZ-İ № 278896 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X13 və Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 529 № ilə qeyd edilmişdir;

12. AZ-İİİ № 411231 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X6 anası X13, atası isə Cavabdehdur;

13. AZ-İİİ № 319985 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X2 anası X13, atası isə Cavabdehdur;

14. xx.xx.2023-cü il tarixli, 5-70-27/2-756/2023 saylı arayışa əsasən, Cavabdeh Sabirabad rayon Qəzli kəndində yaşayır və işləmir. Həmçinin arayışda cavabdehin həyat yoldaşı X1 da işləmədiyi qeyd olunmuşdur;

15. xx.xx.2023-cü il tarixli, ********** saylı məşğulluq haqqında arayışa əsasən, Cavabdeh məşğulluğu X11 filialında birdəfəlik dayandırılmış statusundadır;

16. AZ-İV № 724731 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il təvəllüdlü X3 anası X7, atası isə Cavabdehdur;

17. AZ-İV № 528368 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 anası X7, atası isə Cavabdehdur;

18. AZ-İİ № 415252 saylı nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X12 xx.xx.2020-ci il tarixdə Sabirabad regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 776 № ilə qeyd edilmişdir;

19. xx.xx.2017-ci il tarixli 8(056)-477/2017 saylı Sabirabad Rayon Məhkəməsinin qərardadına əsasən, Cavabdeh məxsus olan **-CS-*** qeydiyyat nişanlı “Vaz-21074” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur;

20. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

22. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

27. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

31. Belə ki, iddiaçının tələbi tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılmasından ibarətdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§23). Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.

32. Cavabdeh öz etirazını əsaslandırarkən qeyd etmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir, yenidən nikaha daxil olmuş, yeni nikahından iki övladı dünyaya gəlmişdir. Məhkəmə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (§29). Məhkəmə hesab edir ki, cavabdehin yenidən ailə həyatı qurması, övladlarının olması ondan ayrı yaşayan, aliment ödədiyi övladları üçün alimentin artırılmaması üçün əsas kimi çıxış etməməlidir. Belə ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir (§29).

33. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (§29).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§29).

35. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə hər iki uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§22). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

36. Məhkəmə hesab edir ki, dəyişən yaşayış minumumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişdirilməlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-946/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 137 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 olmaqla, cəmi 400 manat sabit pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

38. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir (§29).

Məhkəmə xərcləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən 400-274=126; 126x12=1512), yəni 35.12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-946/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin.

3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.

4. Cavabdeh 35.12 (otuz beş manat on iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.

5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar