Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3767/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 Fərhad oğlu arasında xx.xx.2021-ci il tarixdə PKLMB- 0601 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaq şərtilə, 58 500 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 1365,24 manat müəyyən edilmişdir.
2. Sonradan iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli Əlavə razılaşma protokolu imzalanmış və sözügedən protokola əsasən xx.xx.2021-ci il tarixli PKLMB-0601 saylı kredit müqaviləsinə əsasən qalıq 58 500 borcun müddəti əlavə olaraq 1 il 7 ay 15 gün müddətinə, illik 16 faiz olmaqla, aylıq 2057 manat ödəməklə uzadılmış və son ödəniş günü xx.xx.2024-cü il müəyyənləşdirilmişdir
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Cavabdeh1 57 300 manat əsas borc, 2666 manat faiz, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın və 285 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, PKLMB-0601 saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 58 500 manat məbləğində kredit verilmişdir. Sonradan iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Əlavə razıaşma protokolu imzalanmış və kredit müqaviləsinə əsasən qalıq 58 500 borcun müddəti əlavə olaraq 1 il 7 ay 15 gün müddətinə, illik 16 faiz olmaqla, aylıq 2057 manat ödəməklə uzadılması və son ödəniş günü olaraq xx.xx.2024-cü il tarixi müəyyənləşdirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının keçmiş əməkdaşı və həmin dövrdə ’’kredit mütəxəssisi” vəzifəsində çalışan digər Cavabdeh2 tərəfindən Cavabdeh1 kredit verilməməli olduğu halda və sözügedən kreditin geri qayıtmayan kredit olduğu bilinərək kredit verilmiş, yəni Cavabdeh1 kredit əldə etmək üçün mövcud şərtlərə cavab verib-verməməsi düzgün araşdırılmamışdır. Nəticə olaraq Cavabdeh1 tərəfindən 57 300 manat əsas, 2666 manat faiz borcu ödənilməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi.
10. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
22. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin Cavabdeh1 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəlyini icra etməmişdir (§ 13).
23. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə Ayaz Allahverdiyrvin əsas borc üzrə 57 300 manat, faiz borcu üzrə 2666 manat olmaqla, cəmi 59 966 manat kredit borcunun olması göstərilmişdir.
24. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh1 iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir.
25. Məhkəmə, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
26. İddia ərizəsinin məmunundan da göründüyü kimi, iddiaçı 5000 manat pulu özünün əldən çıxmış faydası kimi tələb edir.
27. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 kredit verməməli olduğunu bildiyi halda sonuncuya kredit verildiyini sübut edə bilmədiyindən iddia təmin edilə bilməz.
28. Mülki Prosessual Məcəllə müəyyən edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi).
29. Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət olduğu halda (MPM-nin 5.1-ci maddəsi), mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil.
30. Məhkəmə həmçinin iddianın 285 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində tərəflərə aid edilməli, dövlət rüsumunun 22,80 manat hissəsi iddiaçıya aid edilməli, qalan 262,20 manat isə Cavabdeh1 tutulmaqla iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. 57 300 manat məbləğində əsas, 2666 manat faiz olmaqla, cəmi 59 966 manat pul məbləği, həmçinin ödənilmiş 262,20 manat dövlət rüsumu Cavabdeh1 Fərhad oğlundan tutularaq "xxxx" BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22,80 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı