Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-377/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı əsasında ödənilmiş pulun geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 alğı-satqı əsasında telefon üçün ödədiyi 2.750 manat pulun alınaraq iddiaçıya geri qaytarılması və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin noyabr ayının 13-də Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 45c ünvanında yerləşən telefon mağazasından öz şəxsiyyət vəsiqəsini təqdim etməklə qutuda olan 1 ədəd yeni “İphone 11 Pro max 256 GB” markalı mobil telefonu 2.750 manat nağd pul ödəməklə almışdır. 02 dekabr 2019-cu il tarixdə Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyev iddiaçıya zəng edərək onu şöbəyə dəvət etmiş, şöbədə iddiaçıya mağazadan aldığı telefonun oğurluq olması bildirilmiş və telefonu şöbəyə təhvil verməsi istənilmişdir. Onlar iddiaçıdan 2.750 manat nağd pul ödəməklə aldığı telefonu zəmanət kağızları ilə birlikdə almışlar. Həmin vaxt şöbəyə mağaza sahibləri də çatdırılmışlar. Mağaza sahibi şöbədə polisə iddiaçının pulunu ona geri qaytaracağı barədə söz vermişdir. Sonradan mağazadan iddiaçıya telefonu polis şöbəsindən alması bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən dəfələrlə aidiyyəti orqanlara şikayət edilməsinə baxmayaraq o, mobil telefona görə ödədiyi 2.750 manat pulu geri ala bilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alğı-satqı əsasında telefon üçün ödənilmiş 2.770 manat məbləğində pulun alınaraq iddiaçıya geri qaytarılması və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyevin icraatında olmuş cinayət işinin materiallarından görünür ki, X2 tərəfindən verilmiş şikayət ərizəsi əsasında Nizami RPİ tərəfindən 19 noyabr 2019-cu il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı 11 noyabr 2019-cu il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin özgənin əmlakını gizli olaraq talamaq məqsədilə X1 məxsus mənzilə daxil olub 2500 manat dəyərində 1 ədəd “İphone Pro max 256 GB” markalı mobil telefon gizli talamaqla oğurluq etdikləri məlum olmuşdur. Araşdırmanın gedişatında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadələrində qeyd etmişlər ki, onlar 11 noyabr 2019-cu il tarixdə Ramin Əhmədovdan 2.330 manata bir ədəd təzə istifadə edilməmiş “İphone Pro max 256 GB” markalı mobil telefon almışlar. Həmin mobil telefonu satış üçün olan online səhifədə reklam etmişlər. İddiaçı 13 noyabr 2019-cu il tarixdə onlara məxsus dükana gəlib “İphone Pro max 256 GB” markalı mobil telefonu almaq istədiyini bildirmişdir. İddiaçı özünə məxsus “İphone 7 plus” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, cavabdehlər həmin telefonun müqabilində ona 550 manat təklif etmişlər. İddiaçı onlarla razılaşıb özünə məxsus mobil telefonu və 2.220 manat pulu verərək “İphone Pro max 256 GB” markalı mobil telefonu zəmanət talonu ilə birlikdə almışdır. İş materiallarında olan Nizami RPİ-nin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyevin 02 dekabr 2019-cu il tarixli götürmə aparılması haqqında qərarı ilə cinayət işinin ibtidai istintaqı zamanı maddi sübut hesab olunacaq mobil telefon aparatı İddiaçı tərəfindən təqdim edildiyindən götürülməsi qərara alınmışdır. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflərin arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlər iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməli olmuşlar. Nizami RPİ tərəfindən aparılmış cinayət araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçıya təqdim edilmiş mobil telefonun oğurluq olması faktı aşkar edilmişdir. Nizami RPİ-nin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyevin 02 dekabr 2019-cu il tarixli götürmə aparılması haqqında qərarı ilə həmin mobil telefon İddiaçı tərəfindən təqdim edildiyindən götürülməsi qərara alınmışdır. Bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Ona görə də mobil telefonun dəyəri olaraq ödənilmiş 2.220 manat pul vəsaiti cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, alğı-satqı zamanı iddiaçı özünə məxsus olan “İphone 7 Plus” markalı telefonu cavabdehlərə vermiş, həmin mobil telefon 550 manat dəyərində qiymətləndirilmişdir. Ona görə də, cavabdehlər tərəfindən iddiaçıya 2.770 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıdan ümumilikdə 2.770 manat pul vəsaitinin alınaraq ona mobil telefon satılması, daha sonra həmin mobil telefonun oğurluq olması səbəbindən polis şöbəsi tərəfindən iddiaçıdan alınması məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edildiyindən, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.770 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.770 (iki min yeddi yüz yetmiş) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-377/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-377/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver