Məhkəmə qərarları › İş №2(011)-3792/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3792/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3792/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından bir övladları, xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur.

2. Tərəflərin nikahı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 219/2021 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahından doğulmuş uşağın iddiaçının himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı birgə nikahdan doğulmuş 29 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)- 219/2021 saylı mülki iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşağın onun himayəsində saxlanılması və azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu gün 120 manatla sağlam uşaq böyütmək tərbiyə etmək, onun bütün tələbatını ödəmək mümkün deyildir. Son illər ərzində ərzaq, təsərrüfat, geyim əşyalarının və müxtəlif xidmət növlərinin qiymətləri dəfələrlə artmışdır. Bu səbəbdən də azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Maddi vəziyyətinin zəif olmasına görə azyaşlı övladının normal və sağlam təminatı üçün 120 manat kifayət deyildir.

a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, o, Xətai rayon bələdiyəsində vergi agentliyi vəzifəsində işləyir. Əmək haqqı 345 manat (maaşdan çıxılandan sonra 290.2) maaş alır, həmin əmək haqının 4/1 hissəsi 86.25 manatdır. Cavabdehə isə Kürdəmir rayon məhkəməsinin qətnaməsi ilə 120 manat aliment verir, göründüyü kimi onun verdiyi aliment 4/1 hissəsindən 34 manat artıqdır. O, xəstədir, paralic keçirmişdir odur ki, müalicəyə ehtiyyacı var. Əmək haqqı az olduğu üçün müalicə oluna bilmir. Həmçinin şəkərli diabet xəstəsidir. Odur ki, iddiaçının iddiası təmin edilməməsini xahiş edir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək bildirdi ki, onun hal hazırda maddi imkanı tələb edilən alimenti ödəməyə imkan vermir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

15. Maddə 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

18. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.

19. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 12).

20. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.

21. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2017-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.

22. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay 120 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 24.Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin də maddi vəziyyəti və səhhəti nəzərə alınmalıdır. Belə ki, həm cavabdehin gəlir məlumatları barədə “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında, həm də iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Xətai rayon Bələdiyyəsi tərəfindən verilmiş 03/C 383 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, o, Xətai rayon Bələdiyyəsində vergi və ödənişlər şöbəsinin vergi agenti vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil edir. Bundan başqa, işə əlavə edilmiş Ambulator çıxarışdan görünür ki, cavabdehə İİ tip şəkərli diabet diaqnozu təyin edilmişdir.

25. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 160 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.

26. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

27. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 480 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar