Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3801/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-751/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirərək Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat pulun Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 751/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 110 manat olmaqla iki uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Məlumdur ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı övladına görə hər ay ödənilməli olan alimentin miqdarının artırılması və hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində ödənilməsi ilə bağlı cavabdehə mediasiya təklifi vermiş, təklifinə cavab verilmədiyindən mediasiya şurasına ərizə ilə müraciət etmişdir. İştirak etsə də cavabdehin qəbul etməməsi səbəbindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmiş, “Mediasiya haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən iddiaçıya arayış verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə 1 uşağa görə 110 manat alimentin tutulması qət edilmiş, lakin cavabdeh aylıq əmək haqqı aldığına görə ödəməkdə çətinlikləri yaranmışdır. Eyni zamanda cavabdeh iddiaçıdan ayrıldıqdan sonra yenidən Azadə adlı xanımla ailə qurmuş və yaxınlarda övladı olacaqdır. Cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin X8 Və Təmiri Xidməti Müəssisəsində texnik olaraq işləyir və aylıq 805 manat əmək haqqı alır. Cavabdeh həmin əmək haqqı ilə atası, anası və yoldaşını, ailənin dolanması üçün xərcləri qarşılayır. Cavabdehin 805 manatdan başqa heç bir gəliri yoxdur. Əgər aliment sabit pul məbləğində kəsilərsə Ailə Məcələlsinin tələbləri pozulmuş olacaq, cavabdeh 2 uşağa görə əmək haqqını müəyyən 1/3 hissəsi miqdarında aliment ödənilməsinə etiraz etmir, çünki ondan başqa gəliri yoxdur. Odur ki, işə sabit pul məbləğində deyil, əmək haqqının müəyyən hissəsinin tutulması miqdarında baxılmasını məhkəmədən xahiş edir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə münasibətlərindən Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X6 və 10 noyabr 2015-ci il təvəllüdlü X10 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(050)-751/2019 saylı qətnaməsi ilə Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 110 manat olmaqla, ümumilikdə 220 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Onun təqdim etdiyi iş yerindən arayışdan görünür ki, cavabdeh Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin X8 Və Təmiri Xidməti Müəssisəsində texnik vəzifəsində çalışır və 805 manat əmək haqqı alır. İş materiallarında olan şəhadətnamələrin surətindən görünür ki, X3 iddiaçının anasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbinin həcmini, uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə qeyd edir ki, məhkəmə verilmiş iddia tələbi həcmində işə baxır. İddiaçı sabit pul məbləğində təyin edilmiş aliment məbləğinin artırılmasını tələb etdiyindən, məhkəmə verilmiş tələb həcmində işə baxılmasını qanuni hesab edir. Eyni zamanda, cavabdeh yenidən evləndiyini, övladının doğulacağını və himayəsində ata-anasının olmasını qeyd etsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Masallı Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(050)-751/2019 saylı qətnaməsi əsasında 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilkin mediasiya xərci olaraq 61 manat (51 manat + 10 manat) ödəmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən 60 manat mediasiya xərci tutularaq iddiaçıya, 76.40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(050)-751/2019 saylı qətnaməsi əsasında 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3801/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3801/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver