Məhkəmə qərarları › İş №2(011)-381/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-381/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-381/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1224,8 manat əsas borc, 92,75 manat faiz borcu, 65,10 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 10,05 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 1392,7 manat borcun və 33,93 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.F.Hüseynov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 24 faizlə 12 ay müddətində 5000 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır, zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, xx.xx.2022-ci ilədək Cavabdeh1 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1224,8 manat əsas borc, 92,75 manat faiz borcu, 130,2 manat cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 10,05 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 1457,8 manat borcu vardır, cərimə borcu 130,” manat olmasına baxmayaraq ümumi cərimə məbləğin 65,10 manat məbləği tələb olunur, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi X.F.Hüseynov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı ASC 3 saylı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılması barədə 3-MCR-1-617-21 saylı razılaşmadan görünür ki, Cavabdeh1, 120 ay müddətinə, 72% illik cərimə, illik faiz dərəcəsi 30% olmaqla 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan Cavabdeh1 və İddiaçı ASC 3 saylı filialı arasında bağlanmış kreditin verilməsinə dair xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 biznes məqsədilə 12 ay müddətinə, faiz dərəcəsi 24%, komisyon haqq 50 manat, cərimə illik 72%, məbləğ 5000 manat olmaqla kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 verilən kreditin məbləği 5000 manat, illik faiz 24%, müddət 12 ay, güzəşt müddəti 0 aydır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 4900 manat məbləği təhvil almışdır. İş materiallarında olan Cavabdeh2 və İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müaviləsinə əsasən, zamin Cavabdeh2 xx.xx.2021-ci il tarixli 3-MCR-1- 617-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Cavabdeh3 və İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müaviləsinə əsasən, zamin Cavabdeh3 xx.xx.2021-ci il tarixli 3-MCR-1- 617-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kreditin verilməi tarixi xx.xx.2021-ci il ltarixidir, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixidir, kreditin bitmə tarixinə əsas borc 1224,8 manat, kreditin bitmə tarixinə faiz borcu 40,5 manat, cərimə borcu 130,2 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) 10,05 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq məktubu göndərilməklə onlardan xx.xx.2021-ci il tarixli 3-MCR-1- 617-21 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində tam ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 33,93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 3-MCR-1-617-21 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, sonuncuya bank tərəfindən biznes məqsədi ilə illik 24 faiz dərəcəsi ilə, 12 ay müddətinə 5000 manat məbləğində kredit vəsaiti ayrılmış, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsələr də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir, hazırda banka olan ödənilməmiş əsas borc məbləği 1224,8 manat, faiz borcu 92,75 və cərimə borcu 65,10 manat, müqavilə bitdikdən sonra hesablanmış faiz borcu (illik 5%) kimi 10,05 manat olmaqla, ümumilikdə 1392,7 manat təşkil edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öz riski ilə müqaviləni bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1224,8 manat əsas borc, 92,75 manat faiz borcu, 65,10 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 10,05 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1392,7 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, iddia tələbinin təmin olunmuş həddi, onun 1000 manatdan çox olması nəzərə alınmalı, dövlət rüsumu kimi ödənilmiş 33,93 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc məbləği kimi 1224,8 manat, faiz borcu kimi 92,75 manat, cərimə borcu kimi 65,10 manat və müqavilə bitdikdən sonra hesablanmış faiz borcu (illik 5%) kimi 10,05 manat olmaqla, ümumilikdə 1392 (min üç yüz doxsan iki) manat 70 (yetmiş) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 33 (otuz üç) manat 93 (doxsan üç) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar