Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3810/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə X7 arasında 23 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı X2 borc almış və borcu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə götürülmüş borc bu günədək tam şəkildə şahidlərin iştirakı ilə X5 iddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən 44425 manat məbləğində pulun tutulması barədə xx.xx.2023-cü il tarixində icra qeydi vermişdir. Hazırda icra məmuru iddiaçıdan 44425 manat pulun ödənilməsini tələb edir, halbuki iddiaçı X5 olan borcu icra qeydində göstərilən məbləği tam şəkildə qaytarmışdır. Bundan başqa Notarius tərəfindən iddiaçıya tələbin icra edilməsi barədə bildiriş göndərilməmişdir. Bu barədə iddiaçının məlumatı olmamışdır. İddiaçının icra qeydi barədə məlumatı yalnız icra məmuru tərəfindən ona xəbər verilməsindən sonra olmuşdur. Göründüyü kimi icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən, tələbin icra olunması barədə iddiaçıya bildiriş göndərilməmişdir. Bu da onu göstərir ki, icra qeydi qanunsuz və əsassızdır. Buna görə də icra qeydini mübahisələndirmək zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, icra qeydi 44425 manat pulun tutulmasına dair verildiyindən, o, isə borcu tam şəkildə ödədiyindən və buna dair şahidlər olduğundan iddia tələbi təmin olunmalı və icra qeydi ləğv edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, X7 ilə 23 may 2022-ci il tarixində Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş 44425 manat pulun tutulmasına dair Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında qeyd etmişdir ki, X2 notariusda 44000 manat borc almış, notariusdan çıxdıqdan sonra Səyyah Əliyev 10000 manat pulu geri götürmüş, iddiaçıya cəmi 34000 manat pul verilmişdir. Notarius xərclərini də iddiaçı özü qarşılamışdır. İddiaçı faizləri ödəmiş, ümumilikdə 25000 manat civarında pul qaytarmışdır. İddia ərizəsində yanlış yazıldığı pulun yerdə qalan hissəsini hal-hazıradək geri ödəməmişdir. O, qalan borcunun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 bildirmişdir ki, iddiaçı tərəfindən heç bir ödəniş olunmamışdır. İş üzrə cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə və Bakı şəhəri 53 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borc verən X7 ilə İddiaçı arasında bağlanmış 23 may 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X7 tərəfindən 06 ay müddətinə 44000 manat məbləğində pul borc verilmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən X3 xeyrinə İddiaçı 44000 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 44425 manat pul tutulması təklif edilmişdir. İcra işi materiallarında olan İddiaçı Xətai rayon İcra şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından müəyyən edilir ki, o, X3 anası Firuzə xanımla tanışdır, hər zaman aralarında pul münasibətləri olmuşdur. Belə ki, nə zaman pul lazım olmuşsa Firuzə xanım verdiyi pulun hər ayını 10% hesablamaqla ona pul vermişdir. X7 ilə 44000 manat pul ilə bağlı Firuzə xanımın iştirakı və razılığı ilə Yasamal rayon ərazisində notarial qaydada müqavilə bağlamışdır. Müqavilə bağlanan gündən 10% təşkil etməklə ona müəyyən vaxtlarda faiz ödəmişdir. Belə ki, yaşadığı ünvanın həyətində görüşərək 10000 ABŞ dolları, 800 ABŞ dolları, 500 manat, 1200 ABŞ dolları, 2000 ABŞ dolları, 400 ABŞ dolları vermişdir. Onun xatırlamadığı, lakin ödədiyi pullar da vardır. Faiz ödənən zaman heç bir sənədə imza etməmiş və aralarında inam, etibar olduğu üçün ondan heç bir imzalı sənəd tələb etməmişdir. 5 ilə yaxındır ki, Firuzə xanımla aralarında normal pul münasibətləri olmuşdur. Son vaxtlar ailəsində yaranmış problemlərlə əlaqədar olaraq ona faiz ödəyə bilmədiyi üçün narazılıq yaranmışdır. Firuzə xanım özü də yaxşı bilir ki, anası və həyat yoldaşı xəstədirlər. İddiaçı da səhhətində problemlər yarandığından maddi durumunda problemlər yaranmışdır. Firuzə xanım aralarında şifahi söhbət zamanı İddiaçı bildirmişdir ki, Xətai rayonu ərazisində 1 otaqlı evini satıb ona olan borcunu ödəyəcəkdir. Onunla hər dəfə görüşən zaman oğlu Səyyah və İddiaçı həyat yoldaşı iştirak etmişdir. Səyyah Əliyev və anası Firuzə bu halı inkar edə bilməzlər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Eyni qanunun 79-cu maddəsinə görə icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə icra qeydinin ləğv edilməsi, deyil icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsnə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, X7 ilə İddiaçı arasında 23 may 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı X7 tərəfindən 06 ay müddətinə 44000 manat məbləğində pul borc verilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydi verilərək X3 xeyrinə İddiaçı 44000 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 44425 manat pul tutulması tələb olunmuşdur. Həmin icra qeydi əsasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraat başlanmış, xx.xx.2024-cü il tarixdə X4 izahatı alınmış, həmin izahatda Vəzirə X1 ona notarial qaydada 44000 manat pul vəsaiti verdiyini qəbul etmiş, həmin müqavilə bağlanan gündən 10% təşkil etməklə müəyyən vaxtlarda faiz ödənişi etdiyini qeyd etmiş, lakin notarius tərəfindən ona tələbin icra edilməsi barədə bildiriş göndərilməməsi ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə iclasında verdiyi izahatda da iddiaçı iddianın irəli sürülməsinə əsas kimi icra qeydi üzrə tələb olunan borcun qismən qaytarılmasını, 44000 manat məbləğində borcunun olmamasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən tərəfindən 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi təsdiq edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda qeyd edilmiş qanun normasının tələbinə görə məhkəmə qaydasında icra qeydi aparılmış tələbin borclu tərəfindən mübahisələndirilməsi imkanı nəzərdə tutulduğu halda borclu tərəfindən kredit müqaviləsi üzrə borc məhkəmə qaydasında mübahisələndirilməmiş, icra qeydinin ləğv edilməsi tələbi irəli sürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı notarius tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə iki cavabdehə qarşı məhkəməyə müraciət etsə də, həmin cavabdehlərə qarşı iddiasını əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə iclasında iddiaçı 18 sentyabr 2023-cü il tarixli 8İ-9783 nömrəli icra qeydinə əsasən tələb edilən borcun cavabdehə qismən ödənilməsini, yerdə qalan məbləğin ödənilməsi üçün vaxta ehtiyacı olduğunu bildirməklə, icra qeydinin verilməsi ilə bağlı heç bir halı mübahisələndirməmiş, eyni zamanda iddiaçı 25000 manat məbləğində pul vəsaitinin ödənilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual normalara əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X4 cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə və Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3810/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3810/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver