Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3827/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən bir ədəd elektron nəzarət vasitəsinin komplektinin və ya onun dəyəri olan 2.397,16 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək Biləsuvar Rayon Məhkəməsinin 1(022)-5/2020 saylı, 07 yanvar 2020-ci il tarixli hökmü ilə 2 il 08 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 14 aprel 2020-ci il tarixdə böyük icra məmuru R.Ağayev məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq iltizamla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh cəza müddəti bitməsinə baxmayaraq elektron nəzarət vasitələrini qaytarmamışdır. Cavabdeh lazımınca məsuliyyətli olmadığından bir ədəd elektron nəzarət vasitəsinin komplektini təhvil verməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Həmin komplektin dəyəri 2.397,16 manat təşkil edir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən bir ədəd elektron nəzarət vasitəsinin komplektinin dəyəri olan 2.397,16 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 1(022)-5/2020 saylı hökmündən görünür ki, Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti günün 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan 14 aprel 2020-ci il tarixli Bakı şəhəri Probasiya İdarəsinin böyük icra məmuru Rövşən Ağayev tərəfindən imza olunmuş protokoldan görünür ki, məhkuma 01 ədəd “İdrak” markalı mobil qurğu, 01 ədəd mobil qurğunun enerji toplayıcı başlığı, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq, 01 ədəd sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yükləmə qurğusu və 03 ədəd siqnal ötürücüsü təhkim olunmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Rövşən Ağayev tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli aktdan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-5/2020 saylı, 07 yanvar 2020-ci il tarixli hökmü ilə 02 il 08 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh 14 aprel 2020-ci il tarixli protokolla ona tətbiq edilmiş 01 komplekt elektron nəzarət vasitəsini təhvil verməmişdir. İş materiallarından görünür ki, 01 aprel 2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil verilməmiş 01 komplekt elektron nəzarət vasitəsini Bakı şəhər Probasiya idarəsinə qaytarması və ya onun dəyəri olan 2.397,16 manat pulu müvafiq hesaba ödəməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156-1.4-cü maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş 1 ədəd elektron nəzarət vasitəsinin komplektini itirməsi (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 1(022)- 5/2020 saylı, 07 yanvar 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 08 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş mobil qurğu itirilmiş və bununla da cavabdeh tərəfindən 2.397,16 manat məbləğində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 2.397,16 manat pul vəsaiti cavadehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2.397,16 (iki min üç yüz doxsan yeddi manat on altı qəpik) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3827/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3827/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver