Məhkəmə qərarları › İş №2(011)-383/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-383/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-383/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 770000 manat borc pulun və 200000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ******* manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 ildən artıq müddətdir ki tanıyır. Cavabdeh uzun müddətdir ki, öz briqadası ilə təmir-tikinti işləri ilə məşğul olur. Tərəflərin arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazəsndə yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməli idi. Lakin cavabdeh tərəflərin razılaşdığı vaxtda götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 2019-cu ilin, təxminən, ortalarında bütün əlaqələrini kəsdilər. Sonuncu haqq-hesablarına əsasən cavabdehin iddiaçıya 770000 manat borcu qalmış və, Cavabdeh iddiaçıya söz verdi ki, bir ay ərzində bütün borcunu qaytaracaq. İddiaçı Cavabdeh ona olduğu borcunu ödəmədiyini görüb, ona şifahi xəbərdarlı etmişdir. Lakin, bu xəbərdarlıqlar hər hansı bir nəticə verməmişdir. Bununla da, cavabdeh iddiaçının pulunu əsassız olaraq özündə saxlayaraq, iddiaçının həmin puldan öz məqsədləri üçün istifadə etməyə maneçilik törətmiş və nəticədə iddiaçının gərgin əsəb və stress keçirtməyinə, həmçinin ayrı-ayrı şəxslərə (banklara) borclarının yaranmasına səbəb olmuşdur. Bunların nəticəsində iddiaçıya çox ağır mənəvi zərər də dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 200000 manat məbləğində qiymətləndirir. İddiaçı, həmçinin, hesab edir ki, cavabdeh həm də gecikdirilən hər üçün qanunvericiliklə nəzərdə tutulmuş cərimə faizləri də ödəməlidir. Buna görə də cavabdeh iddiaçıya vurduğu 770000 manat maddi ziyanın və 220000 amant məbləğində mənəvi ziyanın, eyni zamandan AR Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili, həmçinin ərizə ilə müraciət edərək məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdən – xx.xx.2019-cu il tarixinədək olan müddətdə fərqli tarixlərdə tərtib edilmiş, İddiaçı və Cavabdeh adları göstərilmiş qaimə fakturalardan görünür ki, 89700 manat dəyərində daş Əliyev soyadlı şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüusi mülkiyyətindədir. İş materiallarında olan satıcı "xxxx" MMC və alıcı X5 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, MMC alıcıya Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən AAF-İnşaat MMC –yə məxsus 3 saylı yaşayış binasında 24 saylı mənzili dəyəri tam ödənildikdən sonra təyin edilmiş vaxtda təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 7/095 nömrəli sənəddən görünür ki, X1 şəhrəi, M.Hüseynzadə küçəsində MMC-yə məxsus yaşayış kompleksində yerləşən 3 saylı bina 24 saylı mənzilin pay dəyərindən 48258,00 manat məvləğində ödənilmişdir, borc qalığı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 2008-ci ildən tanıyır. İddiaçı onun tikdiyi evlər üçün daş vermişdir. Cavabdeh şəxsən tanımır. İddiaçı keçən ilin avqust ayında ona iş təklif etmişdir. İddiaçı demişdir ki, yarımçıq qalan tikililəri var, gəlib baxsın. Onlar Cəlilabad rayonunda olan evinə baxış keçirdikləri zaman, müəyyən edildi ki, ev tam yarımçıq idi. Daha sonra, onlar Bakı şəhərində, Rus səfirliyinin arxasındakı 15 mərtəbənin 8-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus evə baxış keçirtdilər. Həmin evdə qapılar, mebellər pis vəziyyətdə idi, kafellər tökülmüşdü. Noyabrın ortalarından orda öz təmir briqadası ilə təmir işlərinə başladı, ancaq hələ də iş bitmir. Hətta, evin bütün mebelləri sökülüb, təzədən boyatdırıb, gətirib quraşdırmışdı. Təmir adı ilə İddiaçı pul alınıb, ancaq iş görülməyib. İşlər ayrı-ayrı qiymətləndirilir, ona görə də, dəqiq qiymət deyə bilmir. Ancaq təkrar iş əvvəldən görülən işdən baha başa gəlir. Mənzilin təmiri üçün İddiaçı dediyinə görə 150000 manat civarında pul ödənilib. Evdə aparılan təmir işləri hələ də gedir, qiyməti də tam müəyyən etmək mümkün deyil. Cəlilabad rayonunda olan evə baxmışdır, lakin hələ işə başlamayıb. Onun sənəti həm rəssam, həm də memardı. O, hal-hazırda Asim Səmədovun şirkətində memar çalışır. Orada iş görüləndə müqavilə də imzalanır. Ancaq şəxsi evlərlə bağlı şifahi razılaşırlar. Normal evin təmiri üçün evin kv/m 150-300 manata təmir edilir, bu işlədilən materialdan da asılıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 2000-ci ildən tanıyır. Belə ki, onlar birlikdə Qaradağ rayonunda Daş karxanasında işləyiblər. Cavabdeh da karxanadan daş almağa gələndə tanıyıb. O, uzun müddət karxanadan daş alırdı, daşları da özü yığıb göndərirdi. Cavabdeh 5000 manatlıq, 3000, 10000 manatlıq daşın göndərdiyi olub. Axırıncı dəfə 770000 manat civarında borcu qalmışdır. Onlar 2 ilə yaxın ona daşı vermirlər. Axırıncı dəfə 2019-cu ildə daş göndərmişdirlər. Hacıyev Eldənzi daş karxanasında, ev tikintisində, mebel işlərində işləyib. Ramiz ona evi təmir etdirmək üçün pul verirdi. Axırıncı dəfə 160000 pul verdi evi təmir etmək üçün, lakin evlər təmir edilmədi. Onun hesabında mən qeyri yerlərdən də daş alıb vermişəm, indi də Hacıyev Ramiz ilə o üçüncü şəxslərə borcu qalmışdır. O, İddiaçı bütün hesabatlarını aparırdı. O, Cavabdeh özü də müraciət edib ki, pulu qaytarsın. O, əmlakı mülkiyyətçisi deyil, ancaq idarəçisidir. 2019-cu ildə 770000 manatlıq borcu Cavabdeh hissə-hissə vermişdir. Cavabdeh 3-4 ildir ki, pulu vermir. Daşları özü yüklətdirib , sürücü ilə göndərirdi. Daşları təhvil alındığına dair hər hansı kağız almayıb. Lakin daşları aparıb təhvil verən sürücülər şahidlik edə bilərlər. Daşlar təhvil alındığı zaman sənəd imzalanmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 30-40 ildir ki, tanıyır. Ailəvi dostular. Cavabdeh 2015-2016-cı ildən tanıyır. Belə ki, o, İddiaçı işlərinə nəzarət edirdi. Tərəflərin danışıqlarından bilir ki, Cəlilabadda görüləsi işləri indiyə kimi qalıb. Cavabdeh İddiaçı məxsus evin işində parketindən tutmuş kafel, metlax və evin içində görülən bütün işləri yerinə yetirməli idi. Cavabdeh əvvəl-əvvəl mallar göndərirdi, sonradan onu da kəsdi. O, həmin evdə 2015-cı ildən işləmişdi. Tərəflər arasında təxminən 700000 manatlıq borc barədə söhbətin şahidi olmuşdur. Onlar, Cavabdeh ilə 2016-cı ildən 2017-ci ilə qədər işlər görürdülər. O, Cavabdeh tərəfindən təmir üçün göndərilən malları qəbul edirdi. İddiaçı pul verirdi ki, Cavabdeh mal göndərirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, fəhlə kimi sexlərdə işlədiyinə görə İddiaçı adını eşidib. Cavabdeh sexində əmək müqaviləsiz 2017-ci ildən 2020-ci ilədək işləyib. O, bilir ki, 510 nömrəli avtomobillər ilə Rafiq, Natiq və Sadiq adlı şəxslər sexə daşlar gətiriblər. Həmin avtomobillər İddiaçı avtomobilləri idi. Həmin avtomobillər ilə 2020-ci ilin yanvar ayınadək daşlar gətirirdilər. Onun işi daş kəsməkdən ibarət olub. Daşın həcmi və dəyərindən məlumatı yoxdu. Onun Cavabdeh İddiaçı borclu olduğuna dair məlumatı yoxdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sayılov Elşən oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı Şırxan oğlunu Binəqədi rayonunda daş sexində 2017-ci ildən işləməyə başlayanda tanıyıb. Belə ki, o, sexdə işlədiyi zaman oraya daş göndərirdilər və, o bilirdi ki, daşları İddiaçı göndərirdi. Cavabdeh sexində fəhlə işləyirdi. O, 2020-ci ildə pandemiya başlayandan sonra işdən ayrılmışdır. Sexdə işlədiyi zaman sexə İddiaçı məxsus 510 nömrəli maşınlar ilə daşlar gətirirdilər. O, işdən çıxana qədər sexə daşları gətirirdilər. Lakin onun daşlar ilə bağlı haqq-hesabdan məlumatı yoxdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı Şırxan oğlunu 1981-1982-ci ildən tanıyır. Belə ki, onlar birlikdə işləyirdi. Cavabdeh da tanıyır. O, Cavabdeh blok daşıyırdı. Onun Cavabdeh İddiaçı olan borcundan məlumatı yoxdur. O, bilir ki, Cavabdeh İddiaçı üçün təmir işləri görməli idi, mallar göndərməli idi. O, İddiaçı yanında sürücü işləyirdi. Onun sürdüyü maşın 510 nömrəli idi. O, Cavabdeh sexində 2020-ci ilədək daşlar daşıyıb. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Şəmsəddin oğlu ilə Cavabdeh arasında podrat müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyünü, iddiaçı tərəfindən cavabdehə bu işlərin müqabilində iddiaçı əvvəlcədən 770000 manat məbləğində pul vəsaitinin ödənildiyi və daşların təqdim edildiyini iddia etsə, məhkəməyə istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə-fakturalarında 89700 dəyərində daşın Cavabdeh təqdim edildiyi qeyd edilsə də, həmin daşların həqiqətən də cavabdeh tərəfindən və ya onun işçisi tərəfindən təhvil alındığı təsdiq edilmir. Qaiməfakturalarında daşların Əliyev soyadlı şəxs tərəfindən təhvil alındığı qeyd edildiyi halda, həmin şəxsin Cavabdeh ilə işlədiyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Cavabdehin vəkili məhkəmə iclaslarında həmin daşların onlar tərəfindən təhvil alındığı, tərəflər arasında bu cür razılaşmanın mövcud olduğunu inkar etmişdir. Digər tərəfdən məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi üçün kifayət hesab edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya Cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 770000 məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaya iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 200000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsassız hesab edilərək rədd edilməldir. Belə ki, Belə ki, Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək rədd edilməldir. Məhkəmə iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaitinin qanunsuz saxladığı və ya, iddiaçının hesabına pul vəsaitinin əsassız əldə etdiyi məhkəmə araşdırnası zamanı sübuta yetirilmədiyinə görə iddia 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən hazırkı iddia tələbinin tərəflər arasında mövcud olmuş müqavilədən irəli gələn münasibətlərdən yarandığına görə iddiaya üç illik iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddiaçı tərəflər arasında hər-hansı müqavilənin bağlanıldığı və həmin müqavilə üzrə münasibətlərinin mövcud olduğunu öz təsdiqini tapmamışdır. Odur ki, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdehin hüquqlarının pozulduğunu bildiyi tarixdən, yəni 2019-cu ildən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 2019-ci ildən hesablanmalı olduğundan, iddiaçı isə hazırkı iddia tələbi ilə 2021-ci ilin oktyabr ayında müraciət etdiyinə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 770000 manat borc pulun və 200000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ******* manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddiası sübuta yetirilmədiyinə görə rədd edilməldir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 770000 manat borc pulun və 200000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ******* manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar