Məhkəmə qərarları › İş №2(011)-386/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-386/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-386/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh Zamin, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Zamin qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1313,26 manat - Bundan 368.42 (üç yüz altmış səkkiz manat 42 qəpik) manat əsas, 295.21 (iki yüz doxsan beş manat 21 qəpik) manat faiz, 597.03 (beş yüz doxsan yeddi manat 03 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.60 (əlli iki manat 60 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.F.Həsənli iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir, Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 280002469/ZM nömrəli 26 fevral 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********756 nömrəli 08.09.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyət göstərdyi dövrə təsadüf edir, halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 10.09.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1313.26 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi H.F.Həsənli deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi R.F.Rəhmanov iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir, Cavabdeh 2014-cü il tarixdə kreditə görə ödənişləri həyata keçirmiş, daha sonra Bank bağlanmış və ona borcun tələbi ilə bağlı zəng gəlməmişdir, bu səbəblə də borcu ödəməmişdir, hazırda əsas borc üzrə 368,42 manat, faiz borcu kimi 66,31 manat, illik 5% kimi 52,60 manat, cəmi 487,33 manat borcun olduğunu etiraf edir, iddia tələbini qalan hissədə qəbul etmir, cərimə həddindən artıq şişirdilmişdir. Sonda R.F.Rəhmanov qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zamin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mülki iş üzrə zamindir, zaminlik müqaviləsini 2014-cü il tarixdə bağlanmışdır, o vaxtdan çox uzun müddət keçmişdir, bankın ondan tələb hüququ yoxdur, bu səbəbdən zaminliyinə xitam verilməsini xahiş edir. Sonda Zamin deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC–nin “Xətai” filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, kreditor borcalana şəxsi istehlak məqsədi ilə illik 34 faiz olmaqla, gecikdirilən borc məbləğinə cərimə kimi illik 68 faiz, aylıq 5,67 faiz dərəcəsi ilə, 24 ay müddətinə 1500 manat kredit verməyi, borc alan isə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26.02.2014cü il tarixli ödəniş cədvəlindən görünür ki, məbləğ 1500 manat, illik faiz 34 faiz, müddət 24 ay, aylıq annunittet 87,03 manatdır. İş materiallarında olan "xxxx" ASC ilə Zamin (Zamin) və Cavabdeh (borcalan) arasında bağlanmış 280002469/ZM nömrəli 26.02.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin predmeti ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün əsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan "xxxx" LPO tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə arasında bağlanmış ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10 sentyabr 2021-ci il tarixə yaranmış tələb, əsas borc 368 manat, müqavilə müddəti üçün tələb olunan faiz 295,21 manat, cərimə borcu 597,03 manat, gecikdirilmiş vaxt üçün hesalanmış faiz məbləği 52,60, ümumi borc 1313,26 manatdır. İş materiallarında olan ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 24 aprel 2017-ci il tarixli 01 №-li “Əlavə Saziş”dən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 531,69 manat təşkil edir, kreditin müddəti 24.10.2018-ci il tarixədəkdir. İş materiallarında olan 280002469/ZM nömrəli 26.02.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 24 aprel 2017-ci il tarixli 01 №-li “Əlavə Saziş”dən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər və cərimə məbləğləri kapitallaşdırılaraq 531,69 manat təşkil edir, kreditin müddəti 24.10.2018-ci il tarixədəkdir. İş materiallarında olan Cavabdeh və Zamin ünvanlanan 08.09.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə 3 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli, 9/741 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 04 dekabr 2014-cü il tarixli 008RR********** №-li kredit müqaviləsi və əlavə saziş şərtləri əsas götürülməklə Cavabdeh 10.09.2021-ci il tarixıdık olan dövrün faiz borcu, illik 5 faizlə hesbalanmaqla banka olan borcu 516,90 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 393,91 manat, faiz borcu üzrə 66,31 manat, faiz borcu üzrə (5%-lə) 56,68 manatdır. Həmin rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 30.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında 26.02.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi istehlak məqsədlərinə görə 24 ay müddətinə illik 34 faiz olmaqla, 1500 manat kredit verilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq Zamin ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, 24.04.2017-ci il tarixli əlavə sazişlə kredit restruktizasiya edilmişdir, həmin kreditin müddəti 24.01.2018-ci il tarixədəkdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, Cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, Cavabdeh müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, əsas və müqavilə bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilənlərdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, əsas və faiz borc (müqavilə bitdikdən sonra illik 5%) məbləği iddia tələbində göstərilən həddə (müvafiq olaraq 368,42 manat; 52,60 manat) müəyyən edilməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borcun (müqavilə müddətində hesablanmış) məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq, 66,31 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 40 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan Zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti (əlavə saziş nəzərə alınmaqla) 24.01.2018ci ilə qədər olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, zaminliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 368,42 manat əsas, 66,31 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 52,60 manat fazi borcu, 40 manat cərimə olmaqla, ümumilikdə 527,33 manat LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Zamin 26 fevral 2014-cü i tarixli müqavilə üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və ekspertizanın dəyərini təşkil edən 100 manat Cavabdeh aid edilməli, ondan 30 manat alınaraq iddiaçıya, 100 manat isə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 368,42 manat əsas borc, 66,31 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 52,60 manat faiz borcu, 40 manat cərimə olmaqla, ümumilikdə 527 (beş yüz iyirmi yeddi) manat 33 (otuz üç) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Zamin ********* nömrəli 26.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Cavabdeh alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar