Məhkəmə qərarları › İş №2(011)-3865/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3865/2022

03.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3865/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili X15 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bağışov Xaləddin Vəkil oğluna və X9 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bağışov Xaləddin Vəkil oğluna və X9 qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsi, 2337-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus binada 10-cü mərtəbədə yerləşən 1 otaqdan ibarət, sahəsi 87,9 kv. metr olan 43 saylı mənzilə sahiblik, istifadə hüququnun tanınması, mənzilin sahibliyinə və istifadəsinə verilməsi, mənzilin açarlarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 04.11.2016-cı il tarixində "xxxx" MMC-nın sədri X11 ilə alqı-satqı müqaviləsi bağlayaraq həmin MMC-in İnşa etdiyi Bakı şəhəri,M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən lotaqlı,sahəsi 87,9 kv.metr olan 10-cu mərtəbədəki 43 saylı mənzili almışdır. Mənzilin pay dəyərini, yəni 50.000 manatı ödəmiş və 04.11.2016-cr il tarixindən mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Bir neçə aydan sonra mənzilə gedərkən qapısının açarının dəyişildiyini görmüş, bununla bağlı MMC-yə müraciət etrrüş, lakin heç kim doğru cavab verməmiş, onu süründürmüşlər. Hesab edir ki, mənziln tam dəyərini ödədiyindən mənzilə sahiblik və istifadə hüququ tanınmalı, mənzil sahibliyinə və istifadəsinə verilməli, mənzilin açarı ona təhvil veriiməli, təmir işlərinə başlamasına şərait yarədılmalı və mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır, Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan digər bir işlə bağlı hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və üçüncü şəxsin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında üçüncü şəxs X13, onun nümayəndəsi və vəkili X22 izahatınlarda göstərdilər ki, mübahisəli mənziln ilkin sahibi Seyfulla olub. 2016-cı idə isə mənzili ona satıb. Həmçinin mənzilin açarını da Seyfulla ona verib. Həmin evdə tikinti işlərinə başlayıb. Tərəflər arasında isə formal müqavilə bağlanıb və evin pulunu Seyfullaya ödəyib. Hal hazırda da həmin mənzil onun istifadəsindədir. Seyfullanı çoxdan tanıdığı üçün aralarında mənzilin alqı-satqısı rəsmiləşdirilməyib. Seyfulla xaricə gedib və mənzilin pulunu ona ödəyib. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə üçüncü şəxsin, onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı Cavabdeh2 MTK-nin direktoru Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış 04.11.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MTK-nın Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində 1 otaqdan ibarət, sahəsi 87,9 kv. metr olan 43 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 50000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.11.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən MTK-ya 50000 manat ödənilmişdir. İş materiallarında olan X7 tərəfindən yazılmış ərizənin surətindən görünür ki, o, Cavabdeh2 MTK-nin direktoru Cavabdeh1 müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsi, 2337-ci məhəllədə yerləşən binada 10-cü mərtəbədə 1 otaqdan ibarət, sahəsi 87,9 kv. metr olan 43 saylı mənzili 27.05.2008-cı il tarixli müqavilə əsasında aldığını, hal hazırda mənzili satmaq qərarına gəldiyini, mənzilə görə 57135 manat pulu tam olaraq aldığını göstərmiş və mənzilin X6 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan satıcı Cavabdeh2 MTK-nin sədri Cavabdeh1 ilə alıcı X13 arasında bağlanmış 06.06.2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, X3 05.06.2017-ci il tarixli ərizəsi əsasında, satıcı MTK-nın Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 87.9 kv.m. olan 1 otaqlı 43 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və dəyəri olan 57135 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Ağir Cinayətlər Məhkəməsinin 29.06.2021-ci il tarixli, 1(101)- 61/2021 saylı hğkmündən görünür ki, təqsirləndirilən şəxslər Cavabdeh1 və X10 1 otaqlı, 87,9 m2 sahəli 43 №-li mənzili 27.05.2008-ci il tarixli müqavilə ilə X2 və mənzilin dəyəri tam ödənildiyi halda, 2015-ci ilin noyabr ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını X8 adına və onun pul vəsaitinə mənzili alan X14 yalandan bildirib, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və Cəmiyyətin möhürü ilə təsdiq etdiyi, Vurğun Süleymanovun adına rəsmiləşdirilmiş 09.12. 2015-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin satılması adı ilə Azər Həsənov vasitəsilə Vurğun Süleymanova mənzilin satışını 72.000 manata razılaşdıqdan sonra, Azər Həsənov tanışı X19 V.Süleymanovdan mənzilin dəyəri olan 72.000 manat pulu 2015-ci ilin noyabr-dekabr ayları ərzində Bakı şəhərində almasından sonra aralarında olan borc münasibətinə görə həmin pulun 42.000 manatını Cəlal İbadovun özündə saxlayıb, 30.000 manatını isə hissə-hissə Azər Həsənova verməsindən sonra sonuncudan həmin pulun 25.000 manatını işlədiyi ofisdə mənzilin ilkin ödənişi qismində alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, mənzilin qalan məbləği olan 42.000 manat pul isə Cəlal İbadov tərəfindən qeyd edilən qaydada özündə saxlanmaqla və Azər Həsənov tərəfindən 5.000 manat ona verilmədiyindən o, cəmi 47.000 manat məbləğində pulu ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin 72.000 manat məbləğində əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməyə cəhd etmiş, daha sonra, təkrarən, 2016cı ilin noyabr ayında İddiaçı həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Habil Fətəliyevlə birlikdə yalandan bildirib, oğlu Samir Alışovun məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və Cəmiyyətin möhürü ilə təsdiq etdiyi 04.11. 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında İddiaçı satılması adı ilə ondan həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında 50.000 manat məbləğində pulu Samir Alışov və qeyrisi ilə birlikdə alıb aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmişdir. Hökmün məzmunundan müəyyən olunur ki, cinayət işi üzrə bir çox zərər şəkmiş şəxslərə, o cümlədən, İddiaçı vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2022-ci il tarixli, 1(103)- 133/2022 saylı hğkmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkumlar Cavabdeh1 və X10 barəsində dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar Cavabdeh1, X16, zərərçəkmiş şəxslər X25 və X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29.178.3.2-ci maddələri ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh1 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1 (101)-61/2021 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29.178.3.2-ci maddələri ilə təyin edilmiş AR CMnin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X12 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsi, 2337-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus binada 10-cü mərtəbədə yerləşən 1 otaqdan ibarət, sahəsi 87,9 kv. metr olan 43 saylı mənzilin 27.05.2008-cı il tarixli müqavilə əsasında X1, daha sonra MMC-nin sədri Cavabdeh1 tərəfindən 04.11.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında İddiaçı satılması, Cavabdeh1 göstərilən cinayət əməllərinə görə Bakı Ağir Cinayətlər Məhkəməsinin 29.06.2021ci il tarixli, 1(101 )-61/2021 saylı hğkmü ilə mühakimə olunması və cəzalandırılması, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq, ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması müəyyən olunmuşdur. Ona görə də, iddia əsassız hesab olunmalı və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bağışov Xaləddin Vəkil oğluna və X9 qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsi, 2337-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus binada 10-cü mərtəbədə yerləşən 1 otaqdan ibarət, sahəsi 87,9 kv. metr olan 43 saylı mənzilə sahiblik, istifadə hüququnun tanınması, mənzilin sahibliyinə və istifadəsinə verilməsi, mənzilin açarlarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmas tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar