Məhkəmə qərarları › İş №2(011)-3910/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3910/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3910/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh xx.xx.2022-ci tarixdə yazılı qəbz yazaraq iddiaçıya və Fuad Məmmədova mebel alış-verişindən 26000 manat pul borcunun olduğunu qeyd etmiş, həmin borcun 3 ay müddətinə hissə-hissə ödəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin, həmin iltizamda qeyd edilmişdir ki, həmin pul vəsaitindən başqa bu insanlara (yəni, iddiaçıya və Fuad Məmmədova) cavabdehin borcunun olmaması, onların isə cavabdehə pul tələblərinin olmadığını imzaları ilə təsdiq edirlər.

2. İddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış və əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Abşeron RPİ-nin İŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 26000 manat nağd borcun, bankdan götürüb cavabdehə verdiyi 20000 manat pulun (kredit qalığından 24 aylıq ödəmə məbləği) 1500 manatını ödəmiş (20000 - 1500 = 18500 AZN) və 5230 - 400 = 4830 manat (kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği AZN) manat, ümumilikdə 49330 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26000 manat nağd borcun və məhkəməyə ödənilmiş 168 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə qohumu Elşən adlı şəxsin vasitəsi ilə 2018-ci ildə Xırdalan şəhəri “ƏR-Riyad” ticarət mərkəzində yerləşən “Aydınoğlu” mebel mağazasında iş görmək və mebel gətirərək pul qazanc əldə etmək adı ilə tanış olmuşdur. Tanışlıqdan sonra o, cavabdehə işini böyütmək üçün 74000 manat nağd pul vermişdir. Bundan sonra cavabdeh ohna məxsus “Hyunday” markalı avtomobili 22000 manata alacağını vəd verib etibarnamə açdırmaqla onun ümumilikdə 96000 manat pulunu ələ keçirmişdir. Cavabdehin ona qarşı etdiyini hərəkətləri dələduzluq əməli hesab etdiyindən, o, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək kömək etmələrini və araşdırma zamanı dələduzluq əməllərinin müəyyən edilərək təsdiqini tapdığı halda onun məsuliyyətə cəlb olunmağını xahiş etmişdir. Lakin araşdırmadan sonra xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin müstəntiqi polis kapitanı Elvin Allahverdiyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdehə dəfələrlə onun pulunu qaytarmasını bildirsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. İstintaqın gedişatı zamanı cavabdeh onunla və əri Fuad Məmmədovla görüşmüşdür. Hesabat apardıqdan sonra ona 26000 min manat nağd borcunun qaldığını etiraf etmiş və həmin 26000 manatı 3 ay müddətinə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Cavabdeh, o və əri X4 arasında xx.xx.2022-ci ildə müqavilə bağlanmışdır. 2022-ci ilin oktyabr ayında cavabdeh atasının xəstəliyi ilə əlaqədar pul lazım olduğunu bildirərək ona 20000 min manat pul lazım olacağını bildirmiş, iddiaçının nağd pulu olmadığı üçün cavabdehlə razılığa gəlmişlər ki, o, bankdan 20000 manat kredit götürərək cavabdehə versin, cavabdeh isə hər ay həmin pulu banka ödəsin. Həmin vaxt cavabdeh "xxxx" MMC-də işçi kimi işləyirdi. xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC adına 24 ay müddətinə 20000 manat pulu götürüb cavabdehə vermişdir. Cavabdeh 24 ay müddətində 1051 manat pulu banka ödəməli idi. Cavabdeh həmin puldan müxtəlif vaxtlarda təxminən 2-3 dəfə az miqdarda 1500 manata qədər X1 pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya aralarında olan 26000 manat borcu xx.xx.2023-cü ilə qədər, bankdan götürdükləri kreditin aylığında bağlayacağı ilə əlaqədar X3 iştirakı ilə müqavilə bağlamışdır. Cavabdeh verdiyi vədlərə əməl etməyərək bu günə qədər 26000 manat borcunu, bankdan götürdükləri 20000 manat puldan cəmi 1500 manat məbləğində ödəniş etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddianı müdafiə etdiyini və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

15. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.

24. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə sadə yazılı formada müqavilə bağlanılmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 26 000 manat məbləğində borc pulu 3 ay müddətində hissə-hissə ödəyəcəyi barədə yazılı öhdəlik götürmüş, müqavilədə borcun məbləğini (26000 manat), borcun qaytarılması şərtlərini, müddəti açıq formada göstərmişdir. Göründüyü kimi, edilmiş bu müqavilə iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir.

25. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.

26. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

27. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərə tam cavab verməsə də, tərəflər aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər.

28. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 26 000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

29. Məhkəmə həmçinin hesab edir ki, 168 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 26 000 manat məbləğində borc və 168 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar