Məhkəmə qərarları › İş №2(011)-3920/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3920/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3920/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2746/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə 250 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh bir müddət aliment ödəmiş olsa da, 2022-ci ilin fevral ayından aliment ödəməyi dayandırmışdır və indi də ödəməkdən imtinanı davam etdirir. Elə həmin vaxtdan da cavabdeh uşaqla maraqlanmır, onun saxlanılması üçün nə maddi, nə də mənəvi köməklik göstərmir, bir valideyin kimi üzərinə düşən vəzifələri yerinə yetirmir, nikah pozulan vaxtdan indiyə kimi, ümumiyyətlə uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün aliment ödəməkdən qəsdən boyun qaçırır və hal hazırda da davam etdirir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə nikah pozulandan sonra ayrı yaşayırlar və uşağın saxlanılması üçün iddiaçıya hər ay 225 manat aliment ödəyir. Lakin iddiaçı iddia ərizəsində yalan qeyd edərək bildirmişdir ki, guya ki, uşağa lazımi diqqət və qayğı göstərmir və eyni zamanda da alimenti vaxtı-vaxtında ödəmir. İddiaçı oğlu X6 ilə görüşməyinə maneyə yaradır, artıq bir ildən çoxdur ki, oğlunu görə bilmir. Buna görə də məcbur olub Bakı şəhəri Xətai rayon Məhkəməsinə uşaqla ünsiyyətdə olma tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Hesab edir ki, oğlunun saxlanılması üçün iddiaçının da üzərinə öhdəlik düşür. Hazırda "xxxx" MMC-də satıcı vəsifəsində işləməsi və aylıq əmək haqqı 300 manat olması nəzərə alaraq, xx.xx.2020-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əmək haqqının 1/4 hissəsi qədər aliment tutularaq iddiaçıya verilməlidir. Çünki, uşağın saxlanılması üçün alimentin ödənilməsi ondan və iddiaçıdan bərabər olan ödənişlərlə həyata keçirilməlidir. Bu səbəbdən də, valideyinlərin bərabər hüquq və vəzifələri olduğundan uşaqlar üçün yaşayış minimumu müəyyən edildiyindən, valideyinlər göstərilən ödənişlərlə əlaqədar bərabər məsuliyyət daşıyırlar. Yəni 1 uşağın aylıq xərci 175 manatdırsa, hər valideyinin üzərinə 87.50 manat vəsait düşür. Göstərilənlərə əsasən aliment tələbinin rədd edilməsi və hər ay əmək haqqının 1/4 hissəsi qədər alimentin ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2746/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və s. tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında xx.xx.2019-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5190/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək Cavabdeh hər ay 50 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin X2 Sistemindənxx.xx.2022-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satıcı işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İlkin mediasiya sessiyasındandan sonra prosesin davam etdirilə bilməməsi haqqında xx.xx.2022-ci il tarixli, MŞB/4-00990 saylı arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə hesab edir ki, iddiaçı alimentin məbləğinin dəyişdirilməsinə dair tələb irəli sürməkdə haqlıdır. Bununla yanaşı, iddiaçı aliment təyin edildikdən sonra cavabdehin maddi vəziyyətində tələb olunan məbləğdə aliment ödənilməsi üçün dəyişikliyin baş verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməli, cavabdehdən uşağın saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə “cavabdehin əlavə xərclərə cəlb edilməklə ondan hər ay 250 manat miqdarında pulun alınması” ilə bağlı tələbə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin tələb edilən məbləği ödəmə qabiliyyətinin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmadığından, tələb həmin hissədə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2746/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar