Məhkəmə qərarları › İş №2(011)-3926/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3926/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3926/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ çıxarışın etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş evin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fərdi yaşayış evinə dair qayınatası-Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə aparılmış qeydiyyatın və buna əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə digər Cavabdeh2 (pay) mülkiyyət hüquqlarının tanınması və ona müvafiq çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 2013-cü il tarixdə həmin nikahdan bir oğlu anadan olmuşdur. İddiaçı ailə qurmamışdan əvvəl 2006-cı ildə “xxxxxxxxxxxxx” MTK ilə müqavilə bağlayaraq, mənzil əldə etmişdir. O, evləndiyi zaman həmin mənzil hələ hazır olmadığından onlar bir müddət kirayə evdə yaşamışlar. Bu zaman iddiaçının qayınatası-digər Cavabdeh1 iddiaçıya torpağının olduğunu, həmin torpağı ona hədiyyə etmək istədiyini, onun MTK-dan aldığı mənzili sataraq həmin torpaq sahəsində ev tikməsini təklif etmişdir. Qayınatasının ona verdiyi torpaq sahəsi onun evi ilə qonşuluqda olmuşdur. Həmin vaxt iddiaçı işi ilə əlaqədar olaraq tez-tez ölkə xaricinə çıxdığından qayınatası tikinti işinə rəhbərlik edəcəyini bildirmişdir. İddiaçı 2013-cü ildə MTK-dan aldığı mənzili 62.700 manata satmış və həmin məbləği qayınatasına vermişdir. Qayınatası tikintinin aparılmasına rəhbərlik etmiş və ünvan 2 C ünvanında mübahisəli fərdi yaşayış evini tikməyə başlamışlar. Həmin məbləğ yetərli olmadığından iddiaçı 2014-cü ildə “Azərbaycan Sənaye Bankı”ndan da 10.000 manata yaxın kredit götürmüş və qayınatasına vermişdir. Sonradan isə tiknitinin tamamlanması və evin təmiri üçün 2014-cü ilin iyun ayında “xxxxxxxxxx” ASC ilə kredit müqaviləsi bağlayaraq 34.800 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının anası X3 bankla zaminlik müqaviləsi bağlamış, qayınatası Cavabdeh1 isə bankla ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı hər ay əmək haqqı ilə və eyni zamanda nəqliyyat vasitəsini sataraq əldə olunan vəsait hesabına həmin krediti 2019-cu ildə cəmi 60.000 manat ödəməklə tam şəkildə bağlamışdır və nəticədə qayınatasına məxsus qeyri-yaşayış sahəsi də ipoteka yüklülüyündən azad olunmuşdur. İddiaçı və Cavabdeh2 2014-cü ilin payızında tam hazır olmuş evlərinə köçərək mehriban şəkildə orada yaşamağa başlamışlar. Həmin vaxt maddi imkanları yetərli olmadığından evi rəsmiləşdirə bilməmişlər. Mənzilin bütün kommunal xərcləri iddiaçı tərəfindən hər ay ödənilmişdir. 2018-ci ildə iddiaçının həyat yoldaşı ilə aralarında mübahisə olmuş və iddiaçı onu vurmuşdur. Bundan istifadə edən qayınatası iddiaçını Xətai rayon Polis İdarəsinə vermiş, sonradan o həyat yoldaşı ilə barışdığından həmin iş bağlanmışdır. Həmin ərəfədə iddiaçının qayınatası öz qızının adından etibarnamə alaraq iddiaçıya qarşı nikahın pozulması, daha sonra isə öz adından evdən çıxarılma tələbinə dair iddialar qaldırmış və o, iddiaçıya məxsus evə dair 2018-ci ilin əvvəllərində öz adına çıxarış almışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Xətai Rayon Prokurorluğuna və Xətai Rayon Polis İdarəsinə müraciətlər etmişdir. Onlar cavabdeh ilə 2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, 2014-cü ildə isə ünvan 1 ünvanında fərdi yaşayış evini tam hazır edərək oraya köçmüşlər və həmin vaxtdan həmin evdə yaşayırlar. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı öz izahatında bildirdi ki, evi satıb 60.000 pulu bir vermiş, sonra bankdan 30.000 manat pul götürmüşdür. Faiz olaraq əlavə 30.000 manat pul ödəmişdir. Odur ki, evin tikilməsi üçün onun tərəfindən sərf edilən vəsait 120 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və digər Cavabdeh2 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Vəkil öz izahatında bildirdi ki, Cavabdeh1 ilə İddiaçı arasında olan borc 90.000 manat miqdarındadır. Cavabdeh1 Eminə heç bir zaman evdə onun pay hüququnun tanınacağı ilə bağlı vəd verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı və Cavabdeh2 xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikah bağlamışlar. İddiaçı “xxxxxxxxxxxxx” MTK ilə müqavilə bağlayaraq aldığı mənzili xx xxxxxx 2013-cü il tarixdə 62.700 manata satmışdır. ünvan 1 ünvanında fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Ona xx xxxxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında fərdi yaşayış evinə dair qayınatası-Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə aparılmış qeydiyyatın və buna əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmədə İddiaçı və onun vəkili iddianın təmin edilməsi yönündə çıxışlar edərkən əsas olaraq onu qeyd etmişlər ki, mübahisəli ev iddiaçının da vəsaiti hesabına tikildiyindən o ev tərəflərin birgə əmlakı hesab edilməli və Cavabdeh1 evə dair öz adına çıxarış alması qanunsuz hesab edilməklə etibarsız hesab edilməlidir. Məhkəmə çıxarışın etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu araşdırarkən belə qənaətə gəlir ki, mübahisələndirilən ev cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Evin tikilməsi başa çatdıqdan bir müddət sonra cavabdeh xx xxxxxx 2018-ci il tarixdə özünün adına çıxarış əldə etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qaydalarına uyğun olaraq Cavabdeh1 mülkiyyətinə keçirilmişdir və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş və əmlak qanuni əsaslarla Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. Hazırkı mübahisə üzrə qeyd edilən çıxarışın etibarlılığını şübhə altına alan heç bir hal müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə digər Cavabdeh2 (pay) mülkiyyət hüquqlarının tanınması və ona müvafiq çıxarışların verilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əssasız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı mübahisəli əmlakın Cavabdeh1 mülkiyyəti olduğu müəyyən edilmişdir. İddiaçı ünvan 2 C ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə ona aid vəsait hesabına, yani 60.000 manat evinin satılmasından əldə edilmiş vəsait və 60.000 bankdan kredit və faizlər üçün ödədiyi vəsait hesabına tikilməsini göstərmiş və bu əsasla mübahisəli evin tərəflərin birgə mülkiyyəti kimi qəbul edilməli olmasına istinad etsə də, o istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 90.000 manat pulun borc olaraq aldığını etiraf etmiş, lakin bu pulu evin tikilməsinə sərf etməsi və ya iddiaçı ilə evin statusu ilə bağlı hər hansı razılığın olması faktını inkar etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair qayınatası-Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə aparılmış qeydiyyatın və buna əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə digər Cavabdeh2 (pay) mülkiyyət hüquqlarının tanınması və ona müvafiq çıxarışların verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar