Məhkəmə qərarları › İş №2(011)-3928/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3928/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3928/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə 5970 manat 58 qəpik (beş min doqquz yüz yetmiş manat 58 qəpik) tutulması ilə bağlı Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 18 fevral 2022-ci il tarixli icra qeydinin ləğv olunmasına və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv olunması barədədir, ərizə iddia icraatı qaydasında verilmişdir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Bakı şəhər 40 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Beynəlxalq Bankı ASC göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının 8-ci bəndində edilmiş dəyişikliyə əsasən, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, notariat hərəkətlərindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olması nəzərdə tutulduğundan, iddiaçı notariat hərəkətlərindən “şikayətlə” deyil, notariat orqanına qarşı “iddia ərizəsi” ilə ümumi məhkəməyə müraciət etdiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul olunması mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçı, hazırki iddia tələbi üzrə müvafiq icra hakimiyyəti orqanına (Notariat ofisinə), bunun nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxılması da mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh olaraq Bakı şəhər 40 saylı Dövlət Notariat Kontoru ilə yanaşı Azərbaycan Beynəlxalq Bankı ASC-ni göstərsə də, sonuncuya qarşı yönələn tələbini dəqiq ifadə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin icra xidməti, probasiya qurumları, dövlət notariat ofisləri, regional qurumları, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı, hazırkı tələblə əvvəlcə notariat orqanına, onun cavabından asıl olaraq isə müvafiq inzibati məhkəməyə, habelə notariat hərəkətlərindən şikayətlə ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə 5970 manat 58 qəpik tutulması ilə bağlı Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən 18 fevral 2022-ci il tarixli icra qeydinin ləğv olunmasına və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar