Məhkəmə qərarları › İş №2(011)-3933/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3933/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3933/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının əmlakına dəymiş 430 manat ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 460 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyun 2022-ci il tarixdə saat 08.05 radələrində iddiaçıya məxsus olan “Toyota” markalı, **-VK-*** dövlət nişanlı avtomobillə Gəncə prospektində hərəkət edərkən qabaqda hadisə olduğu üçün dayanmışdır. Onun yanında “Opel” markalı, AZ **-UA-*** dövlət nömrə nişanlı avtomobil geriyə hərəkət edərək onun avtomobilini qabaq və arxa qapılarını vuraraq əzmişdir. Hadisədən sonra AZ **-UA- *** dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilin sürücüsü şəxsiyyət vəsiqəsini iddiaçıya verərək avtomobili öz hesabına təmir etdirəcəyini bildirmişdir. Lakin cavabdehlər hadisə yerindən yayınmışlar. İddiaçı 102 çağrı xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cavabdehlər tərəfindən iddiaçının avtomobilə dəymiş zərər qüsur aktına əsasən 430 manat məbləğində dəyərləndirilmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 30 iyun 2022-ci il tarixdə saat 08:45 radələrində “Opel Astra” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh X4 yol hərəkəti qaydalarını pozaraq iddiaçının oğlu X1 məxsus olan və onun tərəfindən idarə olunan “Toyota Corolla” markalı, **-VK-*** dövlət nişanlı avtomobilin qabaq və arxa qapılarını vuraraq əzmişdir. Bakı şəhər DYPŞ inspektoru tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 30 iyun 2022-ci il tarixli, TP5104981 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən **-UA-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü X4 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı “Toyota Corolla” markalı, **-VK-*** dövlət nişanlı avtomobilə dair verilmiş qüsur aktına əsasən 430 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4894/2022 nömrəli Qətnaməsinə əsasən X3 430 (dörd yüz otuz) manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, yuxarıda tarif edilmiş yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan vurulmuş avtomobil iddiaçıya deyil, onun oğlu X1 məxsus olmuşdur və, həmin hadisə nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir, yol nəqliyyat hadisəsi nəticəsində ziyan vurulmuş əmlak iddiaçıya məxsus olmadığına görə onun ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ müəyyən edilmir. Odur ki, iddia iddiaçının subyektiv hüququnun olmadığına görə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının əmlakına dəymiş 430 manat ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 460 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar