Məhkəmə qərarları › İş №2(011)-394/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-394/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-394/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 841,05 manat əsas, 472,46 manat faiz borcu, 412,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 127,80 manat faiz borcu olmaqla, cəmi 1854,09 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə "xxxx" ASC ilə cavabdeh arasında 14.07.2015-ci il tarixldə kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 1300 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 11.10.2017-ci il tarixində Əlavə saziş bağlanmış sazişə əsasən “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, 14.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc olan 1016,70 manat olan məbləğində pul vəsaiti kreditə çevrilərək, kreditin müddəti 11.10.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 14 iyul 2015-ci il tarixli Kredit müqaviləsinə 11.10.2017-ci il tarixli Əlavə Sazişə əsasən “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, borcalanın kredit öhdəliyinin qalığı 1016,70 AZN hesablanmışdır. Kreditin müddəti 11.10.2018-ci il tarixinədək uzadılmışdır. 10.09.2021-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 1854,09 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə də müəyyən edilir ki, tərəflər arasında 14.07.2015-ci il tarixli kredit müqaviləsinə 11.10.2017-ci il tarixdə Əlavə saziş bağlanmış, "xxxx" ASC müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. "xxxx" ASC ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 10.09.2021-ci il tarixinə cavabdehin əsas borc üzrə 841,05 manat, faiz borcu üzrə 472,46 manat, cərimə borcu üzrə 412,78 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəli ilə 127,80 manat, cəmi 1854,09 manat kredit borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit və bank hesabı orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında "xxxx" ASC-dən kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında "xxxx" ASC-dən kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 412,78 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 412,78 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin həcmi əsas borc tələbindən xeyli artıqdır. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 412,78 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği qismində 127,80 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, tərəflər arasında bağlanmış Kredit müqaviləsinə Əlavə sazişə əsasən kreditin müddəti 11.10.2018-ci il tarixədək müəyyən olunsa da, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəti bitdikdən sonrakı müddətdə də borcunu tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə qeyd edir ki, göstərilən hissədə iddia tələbi mahiyyətcə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi Arayışda müqavilə müddəti bitdikdən sonra illik beş faiz məbləğində pulun hesablanması üçün göstərilən düstura əsasən tələb edilən edilən pul 127,80 manat deyil, 124,39 manat edir. Yəni, (841,05 manat (əsas borc)/100 x 5%)/360 = 124,39 manat. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra illik beş faiz məbləğində pulun tələb edilməsi hissəsində iddia tələbi 124,39 manat hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu, habelə bank xidmət haqqının ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 78%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 841,05 manat məbləğində əsas, 472,46 manat faiz, 20 manat məbləğində cərimə və 124,39 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 1457,90 manat pul məbləği, həmçinin ödənilmiş 23,40 manat dövlət rüsumu Cavabdeh tutularaq Ləğv Prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 6,60 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar