Məhkəmə qərarları › İş №2(011)-3957/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3957/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3957/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5297/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 03 aprel 2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahdan 31 dekabr 2016-ci il təvəllüdlü X2 anadan olub. Cavabdehlə bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və iddiaçıya Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 386466 nömrəli nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. Xətai Rayon Məhkəməsi müvafiq iş üzrə həmçinin qət etmişdir ki, övladı 31 dekabr 2016-ci il təvəllüdlü X2 iddiaçının yanında qalsın və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 02 oktyabr 2019 tarixindən başlayaraq hər ay 160 manat məbləğində sabit pul şəklində aliment tutulsun. Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə 31 dekabr 2016-cı-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün 01 avqust 2022 tarixindən Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilib. Hazırda qızı orta məktəbdə təhsil alır, onun xərcləri artıb, iddiaçı onun aylıq tam xərclərini qarşılamaq qabiliyyətində deyil. 2024-cü il üzrə yaşayış minimumu 235 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə nikahından 31 dekabr 2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8131/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat alimentin və uşaq 3 yaşına çatanadək iddiaçı üçün 50 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5297/2022 saylı, 24 oktyabr 2022-ci tarixli qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmış və cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5297/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 48.20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5297/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar