Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3958/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh iddiaçını aldadaraq ondan 7.900 (yeddi min doqquz yüz) manat pul almışdır. İddiaçıdan almış olduğu pula görə aiddiyyəti dövlət orqanlarına iddiaçı tərəfindən şikayətə əsasən araşdırma aparılmışdır. Suraxanı Rayon Polis İdarəsinin 30- cu Polis Bölməsində araşdırma zamanı cavabdeh X3 təhqiqatçının çağırışlarını gəlmədiyindən onun izahatı alınmamışdır.
2. Cavabdehin iddiaçıdan almış olduğu pul vəsaiti onunla nikaha daxil olmamışdan əvvəl olmuşdur ki, birgə nikah dövründə olmamışdır. Cavbdeh iddiaçını aldadaraq ondan 7900 manat pulu almış bu günə kimi qaytarmamışdır. Ona dəfələrlə pulu qaytarmasına dair xəbərdarlıqlar etsədə o, qaytarmaqdan imtina etmişdir. Xətai rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı 08 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək cavabdehin ondan almış olduğu 7.900 manat maddi ziyanla bağlı məhkəməyə müraciət etməyini izah edilmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh 7900 manat, 100 manat dövlət rüsumu və ümumilikdə 8000 manat pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 7900 manat, hüquqi xidmətə görə əlavə olaraq 321 manat, 100 manat dövlət rüsumu və ümumilikdə 8321 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil öz izahatında bildirmişdir ki, cavabdehin ümumilikdə iddiaçıya 7900 manat məbləğində borcu vardır. Borcla bağlı müxtəlif zamanlarda xəbrdarlıqlar edilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş (“Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalar bu halları təsdiq etməkdədir. İddia tələbini müdafiə etmiş və məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2024-cü il tarixində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Xətai rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Vüqar İsizadə tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, xx.xx.2023-cü il tarixdə vətəndaş X1 RPİ-nin 30- cu PŞ-nə müraciət edərək keçmiş həyat yoldaşı Cavabdeh birgə nigah dövründə və nigahdan kənar dövürlərdə ümumilikdə 7900 manat borc pul verməsini lakin sonuncunun həmin məbləği qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etməsini bildirmişdir. Araşdırma zamanı X2 həyat oldaşı Rəşadın evlilik dövründə və ondan əvvəlki zamanlarda hissə-hissə olmaqla ümumilikdə 7900 manat borca pul almasını lakin qaytarmamasını bildirmişdir.
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(010)-3355/2022 №-li qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilməsi qərara alınmışdır.
11. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2023-01672 №-li, xx.xx.2023-cü il tarixli arayışa əsasə, X4 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
12. “Expresspay” ödəniş sistemi vasitsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən, İddiaçı “Pro Bono” Vəkil Bürosunun hesabına 321 manat məbləğində pul vəsaiti ödəmişdir.
13. Fotoşəkillərə (“Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalara) əsasən, Cavabdeh borcu olduğunu etiraf etmişdir.
14. Disk və digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.
21. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan müəyyən məbləğdə pul vəsaitini alaraq, geri qaytarmağı vəd etməsi lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin müəyyən hissəsinin qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, “Whatssapp” sosial şəbəkəsində tərəflər arasındakı yazışmalarla öz təsdiqini tapmışdır.
22. İddiaçı tərəf cavabdehin ona 7900 manat borclu olduğunu qeyd etsə də təqdim etdiyi “Whatssapp” sosial şəbəkəsində tərəflər arasındakı yazışmalarda cavabdeh tərəf iddiaçıdan 5000 manat pul aldığını etiraf edir. İddiaçı tərəf əlavə pul verdiyini iddia etsə də 2900 manat pulun cavabdehə verildiyini sübuta yetirən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 5000 manat pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi 5000 manat pulun ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh 5000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. İddiaçının iddia ərizəsində qeyd edilmiş digər bir tələbi də hüquqi yardıma görə ödənilmiş 321 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də aiddir. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 321 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 5000 manat pul məbləği tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Hüquqi yardıma görə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova