Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3967/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bank "BTB” ASC-yə qarşı qiymətləndirmə barədə rəyin ləğv edilməsi, mənzilin 120 000 manat bazar dəyərində yenidən hərraca çıxarılması və yeni kredit müqaviləsinin bağlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00)-370/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli DEN-00056/19 A kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı1 tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə xx.xx.2020-ci il tarixinə İddiaçı1 30344 manat əsas borc, 437441 manat faiz borcu, 50 manat cərimə borcu, ümumilikdə 34768,50 manat məbləğində borc, ipoteka predmetinə qeydiyyatı üçün ödənilmiş 30 manat, 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank BTB ASC-nin xeyrinə tutulması, həmin mənzilin ilkin satış qiyməti 58000 manat müəyyən edilməklə, mənzilin satışından əldə olunan vəsait borcun artıq qalan hissəsinin cavabdeh İddiaçı2 verilməsi, həmin mənzilin satışından əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, cavabdeh İddiaçı1 tutulmaqla, iddia tələbi təmin edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 76500 manat müəyyən edilmişdir.
3. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır.
4. İddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, o, kredit borcunun ödənilməsi məsuliyyətini qəbul edir. Lakin dünyada baş verən, Azərbaycan Respublikasına da təsirsiz ötüşməyən iqtisadi inkişafda baş verən durğunluq şəraiti bu kreditin vaxtında ödənilməsinə çətinlik yaradır. Bank BTB ASC-yə müraciət edilərək borcun ödənilməsi üçün möhlət verilməsini və yaxud yeni müqavilə öhdəliyi cədvəli razılaşdırmaqla kredit borcunun hissəhissə ödənilməsi şərait yaradılması məsələsinə baxılması xahiş edilsə də, tərəflər arasında hər hansı razılaşma əldə edilməmişdir.
İddiaçının tələbi:
5. Cavabdeh Bank BTB ASC-nin hərəkətsizliyini əsassız sayaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kreditin ödənilməsi təminatı olaraq, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, ev 7, 100 saylı mənzilin girov yüklülüyündə saxlanması əsasında yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, ev 7, 100 saylı mənzilin qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi və hərracın 105 000 manat bazar dəyəri əsasında keçirilməsi, cavabdehlərdən Bank BTB ASC-nin imtinasını əsassız sayaraq, yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçı1 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xahiş edirəm hissəsində evin qiymətləndirilməsinin 105 000 manat əvəzinə 120 000 manat dəyərində olması əsasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
9. İddiaçı1 öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir və mənzilin qiymətləndirilməsinin 120 000 manat bazar dəyəri əsasında aparılmasını və hərraca çıxarılmasının təmin edilməsini xahiş etmişdir.
10. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
11. Cavabdeh Bank BTB ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 76500 manat müəyyən edilmişdir.
13. Bank BTB ASC-nin Promo filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində Mirzəyev X1 Sevinc Ənvər qızı xx.xx.2019-cu il tarixdə Bank BTB ASC ilə DEN-00056- İ5 19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəllər ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 100 saylı mənzil ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank BTB ASCnin Promo filialı ilə İddiaçı1 arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli DEN- 00018-05/17A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank BTB ASC-nin Promo filialı ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli DENG-00018-05/17A saylı ipoteka müqaviləsinə əsasən Bank BTB ASC-də ipotekaya qoyulmuşdur.
14. Əmlak Ekspert Mərkəzi tərəfindən verimiş 15 may 2023-cü il tarixli ƏEM/M 47- 294/23 nömrəli arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi ərazisində və yaxın ətrafda yerləşən 5 mərtəbəli fransız layihəli binaların orta mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 50 kv.m olan yaxşı təmirli yaşayış mənzillərinin 15 may 2023-cü il tarixə bazar dəyəri 105 000 ( bir yüz beş min) manat; likvid dəyəri isə 99 000 (doxsan doqquz min) manat təşkil edir.
15. Qiymətləndirmə və Audit MMC tərəfindən verimiş 23 iyun 2023-cü il tarixli 01 Q/A nömrəli arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi ərazisində və yaxın ətrafda yerləşən 5 mərtəbəli fransız layihəli binaların orta mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 50 kv.m olan əsaslı təmirli yaşayış mənzillərinin hazırki tarixə orta bazar dəyəri 120 000 (bir yüz iyirmi min) manat təşkil edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 59.İ. Hər öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il Qərarı.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
23. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, ev 7, 100 saylı mənzilin qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi və hərracın 120 000 manat bazar dəyəri əsasında keçirilməsi, cavabdehlərdən Bank BTB ASC-nin imtinasını əsassız sayaraq, yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin prinsipləri olan subyektlərin bərabərliyi və müqavilə azadlığına uyğun olaraq müqavilə tərəflər arasında sərbəst şəkildə, iradələrinə uyğun olaraq bağlanmalıdır. Müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (MM 390). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və yekun qərar qəbul etməlidir. İddiaçı cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması əsasları ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması üçün qanuni əsasın mövcud olması halları aşkarlanmamışdır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir.
24. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, ev 7, 100 saylı mənzilin qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi və hərracın 120 000 manat bazar dəyəri əsasında keçirilməsi ilə bağlı qeyd etməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti artıq müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
25. Məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlara dayanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə xərcləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Həmçinin Dövlət rüsumu haqqında AR Qanununa əsasən, qiymətləndirilməyən iddialara görə ödənilməli dövlət rüsumunun məbləği 100 manatdır. Odur ki, dövlət rüsumunun əskik ödənilmiş hissəsi – 70 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi rədd edilsin.
2. İddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 70 manat dövlət rüsumu müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilsin.
3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova