Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3976/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının ortalarında iddiaçı kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən bina evində olan mənzildən çıxacağı üçün yenidən kirayə ev axtarmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında olan ev alqı-satqı kirayə ofisinə yaxınlaşmışdır. İddiaçı orada olan xanımla söhbət edərək ev axtaran zaman, kənarda olan bir nəfər, sonradan adını bildiyi Malik adlı şəxs ona bildirmişdir ki, ev kirayəsi işi ilə məşğul olur. O, iddiaçıya demişdir ki, burada ev axtarmasın, çünki o, daha yaxşı təkliflər edəcək. Bu səbəbdən onlar çölə çıxmış və bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Həmin gün axşamüstü Malik adlı şəxs iddiaçıya zəng edərək bildirmişdir ki, sabah görüşsünlər ki, ev barəsində məlumat versin. Növbəti gün onlar Bakı şəhəri, Xətai rayonu, N,Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar və ev iddiaçının xoşuna gəlməmişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, burada ikisi yaşasın və evin kirayə pulunu cavabdeh ödəsin. İddiaçı isə bildirmişdir ki, onun cavabdehin puluna ehtiyacı yoxdur, ona kirayə ev lazımdır. Bundan sonra cavabdeh iddiaçıya bir neçə obyekt göstərmiş və bildirmişdir ki, 50000 manat iddiaçı və 50000 manat isə cavabdeh düzəltsə, işlər görmək olar. İddiaçı isə o qədər pulunun olmadığını ona bildirmişdir. Bundan sonra cavabdeh bildirmişdir ki, birlikdə nəsə iş görüb şərikli pul qazansınlar. İddiaçı 20000 manat pulu olduğunu və bu civarda nəsə iş görə biləcəyini demişdir. Cavabdeh bir neçə təklif etmiş, iddiaçı isə onlardan avtomobil alışı və satışına razılaşmışdır. Cavabdehlə şərikli olaraq avtomobil alıb sataraq əlavə əldə olunacaq pulu yarı böləcəkmişlər. Bu səbəblə iddiaçı xx.xx.2023-cü ildə 20000 manat pulu, xx.xx.2023-cü ildə isə 1000 manat pulu, ümumilikdə 21000 manat pulu ünvan 1 ünvanda H.Aslanov metrostansiyasının yaxınlığında olan bankomatdan çıxardaraq cavabdehə vermişdir. İddiaçı təxminən bir həftədən sonra cavabdehlə əlaqə saxlamış, cavabdeh ona “Porsche Cayenne” markalı avtomobil aldığını və onu inandırmaq üçün həmin avtomobilin fotoşəkillərini göstərmişdir. İddiaçı demək olar ki, hər gün cavabdehə zəng edərək nə olduğunu, avtomobilin satılmadığını soruşurdu. Cavabdeh isə avtomobil bahalı olduğu üçün satışın bir az gec olduğunu demişdir. Cavabdeh iddiaçıya “Porsche Cayenne” markalı avtomobili 47000 manata aldığını, satışa isə 55000 manata çıxardığını demişdir. İddiaçı cavabdehin avtomobili sata bilmədiyini görüb demişdir ki, verdiyi 21000 manat pulu geri qaytarsın. Cavabdeh ona bildirmişdir ki, əlində pulu yoxdur, ancaq əvəzində ona obyekt verə bilər. İddiaçı isə ondan yalnız pulunu tələb etmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün iddiaçı polisə müraciət etmişdir. Cavabdeh Xətai rayon Pİ-nin TŞ-na dəvət olunmuş və orada izahatı alınmışdır, cavabdeh polis idarəsində etiraf etmişdir ki, hazırda iddiaçıya 21000 manat borcu var və tezliklə qaytaracaqdır. Polis idarəsində iddiaçıya iş mülki xarakterli olduğundan, pul tələbinə dair məsələyə baxılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 21000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 154 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manatın, cəmi 21454 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ondan tələb etdiyi pul ona faizlə borca verdiyi pul məbləği olmuş və həmin məbləğin böyük hissəsini qaytarmışdır. Belə ki, münasibətləri yaxşı olduğu üçün ona dəfələrlə pul vermiş, lakin bununla bağlı heç bir sübut toplamamış, çünki onun ağlına da gəlməzdi ki, ona qarşı belə haqsız hərəkət edər. İddiaçı ondan polisə şikayə etdiyi vaxt ona elə polis idarəsində 5000 manat pul da vermişdir. Bundan sonra da, cavabdeh müxtəlif vaxtlarda 1200 manat, 550 manat, 1000 manat, 400 manat, 2500 manat və 250 manat pul vəsaitlərini iddiaçıya ödəmiş, bununla bağlı sübutları (qəbzlər, yazışmalar, səsli mesajlar) mövcuddur. Cavabdehin ona borcu 5100 manat təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, onu prosesdə təmsil edən vəkili Nümayəndə fəaliyyəti dayandırılmışdır və ona məlum olmuşdur ki, ona təqdim etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmin sübutları təqdim edərək, mülki işə əlavə edib, onlara qiymət verərək, məhkəmə prosesini onun iştirakı olmadan keçirilib obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etdiklərinə münasibət bildirən İddiaçı etiraf etmişdir ki, cavabdeh həmin puldan ona 1200 manat pul vermişdir. Bununla yanaşı İddiaçı səs yazısında səsləndirilən 5000 manat pul vəsaitinin polisə verilməsini cavabdehə özü tərəfindən bildirildiyini təsdiq etsə də, həmin vəsaitin ona çatmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş, eyni zamanda məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaş İddiaçı müraciəti əsasında 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayev tərəfindən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış 1982-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 23A-da yaşayan Cavabdeh İddiaçı ərizəsi üzrə bildirmişdir ki, arada ev və avtomobil alqı-satqısı işi ilə məşğul olur. Belə ki, təxminən 2023-cü ilin noyabr ayının 6-da Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında yerləşən ev alqı-satqı ofisində olan zaman bir nəfər xanım yaxınlaşmış, kirayə ev axtarmış, o da İddiaçı demişdir ki, məlumatlı olduğu evlər vardır. Onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar, qiyməti yuxarı olduğu üçün İddiaçı istəməmişdir. Sonradan xanımla münasibət yaranmış, Aynurə xanım ona faizə pul verdiyini, həmin işin sərf etmədiyini demiş, daha yaxşı nə iş görə biləcəklərini soruşmuş, o isə ev alıb sata biləcəyini, evi alıb təmir edib sata biləcəyini, maşın alıb sata biləcəklərini, həmçinin “Porsche Cayenne” markalı avtomobil var, onu ucuz alıb sata biləcəyini demişdir. Sonra isə ona mağazada göstərmiş, Aynurə xanım seçim içərisində qalmış, fikirləşdikdən sonra avtomobil alıb satmalarını demiş, həmçinin dediyi “Porsche Cayenne” markalı avtomobili alıb satmağı demişdir. Bu səbəblə o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən bankın qarşısında xx.xx.2023-cü il tarixdə Aynurə xanımdan 21000 manat pul almış, Aynurə xanıma isə “Porsche Cayenne” markalı avtomobilin qiymətinin 48000 manat olacağını, qalan pulu isə özü düzəldib üstünə qoyacağını, həmin avtomobili alacağını, İddiaçı adına keçirəcəyini demiş, Aynurə xanım isə ona ehtiyac olmadığını, avtomobili alıb öz adına keçirməsini bildirmişdir. Cavabdeh ona avtomobili satdıqdan sonra isə əlavə olan puldan yarı-yarı götürəcəklərini demiş, Aynurə xanım da onunla razılaşmışdır. O, Aynurə xanıma avtomobilin ola bilər ki, 3 günə, 10 günə, 1 aya satıla biləcəyini, buna görə də səbrli olmasını demiş, Aynurə xanım da bununla razılaşmışdır. Təxminən 2 gündən sonra Aynurə xanım 10000 manat faizə pul verməli olduğunu, buna görə ona 10000 manat pul lazım olduğunu demiş, o isə əlində o qədər pulun olmadığını bildirmişdir. Təxminən 2-3 gündən sonra Aynurə xanım ona 5000 manat pul lazım olduğunu, mağazaya mal almalı olduğunu demiş, o, isə tanıdığı varsa götürməsini, maşın satılandan sonra pulu verməsini bildirmişdir. Lakin sonradan İddiaçı pulunu qaytarmasını, onun danışığından xoşu gəlmədiyini demişdir. Cavabdeh ona avtomobili satın pulunu qaytaracağını demişdir. A. Rzayeva sonradan ona maşının şəkillərini göndərməsini, kürəkəninin avtomobili satmaq üçün kömək edəcəyini demiş, o, da şəkilləri göndərmişdir. Sonradan eşitmişdir ki, Aynurə xanım şikayət etmişdir. O, “Porsche Cayenne” markalı Az **-MX-*** dövlət nömrə nişanlı avtomobildən söhbət etdiklərini, Aynurə xanım ilə danışığı avtomobili ucuz alıb baha qiymətə satacağını, əlavə əldə olunan qazanc pulu isə yarı böləcəklərini, lakin Aynurə xanım bunu gözləmədiyini, o, yenə də avtomobil satılan kimi Aynurə xanımın pulunu qaytaracağını, avtomobilin satılması üçün elan yerləşdirdiyini bildirmişdir, söz vermişdir ki, Aynurə xanıma olan borcunu tezliklə qaytaracaq. Hazırda Aynurə xanıma 21000 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ondan tələb etdiyi pul ona faizlə borca verdiyi pul məbləği olmuş və həmin məbləğin böyük hissəsini qaytarmışdır. Belə ki, münasibətləri yaxşı olduğu üçün ona dəfələrlə pul vermiş, lakin bununla bağlı heç bir sübut toplamamış, çünki onun ağlına da gəlməzdi ki, ona qarşı belə haqsız hərəkət edər. İddiaçı ondan polisə şikayə etdiyi vaxt ona elə polis idarəsində 5000 manat pul da vermişdir. Bundan sonra da, cavabdeh müxtəlif vaxtlarda 1200 manat, 550 manat, 1000 manat, 400 manat, 2500 manat və 250 manat pul vəsaitlərini iddiaçıya ödəmiş, bununla bağlı sübutları (qəbzlər, yazışmalar, səsli mesajlar) mövcuddur. Cavabdehin ona borcu 5100 manat təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, onu prosesdə təmsil edən vəkili Nümayəndə fəaliyyəti dayandırılmışdır və ona məlum olmuşdur ki, ona təqdim etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmin sübutları təqdim edərək, mülki işə əlavə edib, onlara qiymət verərək, məhkəmə prosesini onun iştirakı olmadan keçirilib obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 50 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan CD diskdə olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə “What`s up” sosial şəbəkədə danışıqlar zamanı borclu olduğunu qəbul etmiş, İddiaçı kart hesabını vermədiyinə görə onun (İddiaçı) istəyi ilə 5000 manat məbləğində pul vəsaitini polisə verdiyini, bundan başqa 400 manat pul vəsaitini hesabına göndərdiyini bildirmişdir. Digər səs yazısında “What`s up” sosial şəbəkədə danışıq zamanı iddiaçı cavabdehə 19800 manat borcundan 2500 manat hissəsini çıxdığını, cavabdeh isə 17300 manat borc qaldığını bildirmiş, həmin danışıqda İddiaçı “polisə verdiyini də çıxım burdan” ifadəsini işlətmişdir. Həmin səs yazıları tədqiq edilərkən İddiaçı həmin danışıqların onun tərəfindən cavabdehlə aparıldığını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, , iddiaçının izahatı və mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında avtomobil alveri ilə bağlı şifahi razılaşma olmuş, İddiaçı Cavabdeh 21000 manat pul vermiş, onlar şərikli “Porsche Cayenne” markalı avtomobil almış, cavabdeh həmin avtomobil satıldıqdan sonra əldə olunan qazancı bölüşdürməyi öhdəsinə götürmüşdür. Bu hal 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh avtomobili sata bilməmiş, iddiaçıya olan 21000 manatdan müxtəlif vaxtlarda (iş materiallarında olan qəbzlər və səs yazıları ilə müəyyən edilmiş) 9900 manat ödəniş etmiş, ümumilikdə 11000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1200 manat məbləğində ödəniş etdiyini etiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 21000 manat borcunun olması, sonradan həmin borcla bağlı 9900 manat pul vəsaitinin qaytarılması, cavabdehin qalan pulun iddiaçıya geri qaytarmaması təsdiq olunduğundan, iddia qismən təmin edilməli, Cavabdeh 11000 manat məbləğində borc pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat və 154 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-i, yəni 227 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 227 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3976/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3976/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver