Məhkəmə qərarları › İş №2(011)-3995/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3995/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3995/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilin nasaz olması səbəbi ilə çəkdiyi xərcələrin əvəzi olan 1.565 (730+385+450) manatın və ödədiyi 37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobil almaq üçün “Turbo” az saytından “Chevrolet” Cruze markalı maşınlarla maraqlanırmışdır. **-ZY-*** dövlət qeydiyyat nömrəli 2015-ci buraxılışlı 150.000 km olan avtomobildən xoşu gəldiyi üçün qeyd edilən ***-***-**-** mobil nömrə ilə Coşqun adlı şəxslə əlaqə saxlamışdır. Sonuncu, avtomobilin tam saz vəziyyətdə olmasını bildirmişdir. İddiaçı avtomobilə baxmaq istədiyini və xoşuna gəldiyi zaman alqı-satqı edəcəyini bildirmiş və Zabrat qəsəbəsində vizual olaraq avtombilə baxış keçirmişdir. Avtomobil vizual baxışdan saz vəziyytədə görsənirdi. Avtomobilin hansı nasazlıqları olması barədə soruşduqda cavabdeh heç bir nasazlıq olmadığını, mühərrik və sürətlər qutusunun tam saz vəziyyətdə olmasını və katalizatorun üstündə olmasını söyləmişdir. Avtomobilin yürüşü isə 207.000 km göstərirdi. Yürüşün 150.000 km qeyd edilməsini, lakin avtomobilin göstəricisində 207.000 km olmasını bildirdikdə cavabdeh qeyd etmişdir ki, sürət göstərici olan priboru dəyişdirmişdir. 13 yanvar 2024-cü il tarixdə Coşquna avbomobilə dair etibarnamə verməsini və pulu ödədiyini bildirmişdir. Coşqun avtomobillə Xətai rayonu, Zığ yolu 1 küçəsi, ev 29B-nin qarşısına gəlmiş və iddiaçıya onlayn etibarnamə vermiş, iddiaçı isə ona 14.000 manat pul ödəmişdir. Avtomobillə hərəkətə başlarkən avtomobilin mühərrikinin düzgün işləməməsini və titrəməsinin şahidi olmuşdur. Bu barədə özünə bildirdikdə cavab olaraq hava borusunda nasazlıq olmasını və xırda xərclə yəni 45 manat dəyərində həll olunacağını söyləmişdir. 14 yanvar 2024-cü il tarixdə iddiaçı avtomobilin mühərrik hissəsinə aid hava borusunu yenisi ilə əvəz etmişdir. Lakin yenə də titrəmə davam etmişdir. 15 yanvar 2024-cü il tarixdə avtomobili oğlu Muradın adına sənədləşdirmişdir. 16 yanvar 2024-cü il tarixdə hərəkətdə olarkən avtomobilin mühərrik hissəsindən yağ tökülmüş və evakuatorla yaxın ərazidə yerləşən servisə aparmışdır. Orada usta 250 manat məbləğinə üst krışka və mühərrikin qabaq salnikini dəyişmiş və yeni yağ əlavə olunmuşdur. Oradan yenicə hərəkətə başlamışdı ki, yenidən yağ axıtmağa başlamışdır. Avtomobili yenidən evakuatorla həmin ustanın yanına gətirmişdir. Usta avtomobilin mühərrik hissəsində nasazlıq olduğunu və yenisi ilə dəyişdirilməsini və ya yenidən yığılmasını söyləyərək öz ustasına aparmaq lazım olduğunu bildirmişdir. Yenidən evakuatorla maşın bazarı deyilən ərazidə avtomobil servisinə gətirmişdir. Usta mühərrikə baxaraq mühərrikin sıradan çıxdığını bildirmişdir. Eyni zamanda katalizatorun da olmadığını söyləmişdir. Hazırda isə mühhərikin yenidən yığılmasına görə iddiaçıdan ehtiyat hissələrinə 730 manat, usta pulu isə 385 manat, katalizatora isə 450 manat pul tələb olunduğunu söyləmişlər. Avtomobilin mühərrikinin yenidən yığılmasını Coşqun adlı şəxsə söyləyəndə iddiaçıya bildirmişdir ki, özün bilərsən mən sənə avtomobili satmışam və 1 manat da olsun sənə pul qaytarmayacam. Nəhayət iddiaçı anlamışdır ki, Coşqun adlı şəxs etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçıya nasaz avtomobil satmış və iddiaçıya qarşı dələduzluq etmiş, niyyəti iddiaçıya nasaz avtomobil satmaq imiş. İddiaçı məcbur qalıb avtomobilin mühərrik hissəsini yenidən yığdırmış və əlavə olaraq 730 manat ehtiyyat hissələrinə, usta əl haqqı isə 385 manat xərci çıxmışdır. Katalizatoru isə 450 manata alıb quraşdırmışdır. Hazırda cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində faizə götürdüyü pulun faizləri artmış, iddiaçı isə avtomobilsiz qalmışdır. Bununla bağlı ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə şikayət etsə də, şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, bildirmişdir ki, cavabdeh avtomobili ona satan zaman mühərrikə gedən şlanqın xarab olduğunu bildirmiş, onu təmir etmək üçün avtomobili ustaya apardıqda usta iddiaçıya mühərrikin də xarab olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, avtomobil iddiaçıya satılan zaman katalizator avtomobilin üzərində olmuş, avtomobil yoxlandıqdan sonra iddiaçıya satılmışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı “Turbo.az” saytından “Chevrolet” Cruze markalı **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobili bəyənmiş, almaq üçün Cavabdeh ilə əlaqə saxlamışdır. İddiaçı avtomobili baxışdan keçirərək almışdır. Avtomobil nasaz vəziyyətdə olduğundan iddiaçı onu təmir etdirmişdir. İddiaçı çəkdiyi təmir xərclərinin əvəzini cavabdehdən tələb etmiş, cavabdeh həmin xərcləri ödəmədiyi üçün iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçının müraciəti üzrə Xətai rayon Polis idarəsinin 36-cı polis şöbəsi tərəfindən 29 fevral 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Aparılmış məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən avtomobil almışdır. Məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, avtomobili alan zaman cavabdeh mühərrikə gedən şlanqın xarab olduğunu bildirmişdir. O, avtomobili həmin vəziyyətdə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı avtomobildə yaranan nasazlıqların səbəbi olaraq avtomobilin xarab vəziyyətdə satılmasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, avtomobilin alğı-satqısı həyata keçirilmədən öncə iddiaçının oğlu tərəfindən avtomobil müxtəlif ustalara göstərilmiş və hər hansı problem olmadığı üçün iddiaçı tərəfindən alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının özünün də bildirdiyi kimi avtomobil usta yanına aparıldıqdan sonra mühərriki yağ buraxmağa başlamışdır. Bu halın səhv aparılmış təmir nəticəsində baş verməsi yoxsa cavabdehin avtomobili qüsurlu vəziyyətdə satması nəticəsində baş verməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, nə qədər ki, iddiaçı avtomobili almamışdan öncə usta yanında texniki baxışdan keçirtmiş və avtomobildə hər hansı qüsur aşkar edilməmişdir, hazırkı mərhələdə avtomobildə yaranan nasazlıqların aradan qaldırılmasının cavabdehdən tələb edilməsi əsassızdır. Həmçinin, iddiaçı katalizator üçün 450 manat xərc çəkdiyini bildirsə də, məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, məhkəmə iclasında izahat verən cavabdeh avtomobili iddiaçıya katalizatorlu vəziyyətdə satdığını bildirmişdir. İddiaçı isə ona satılmış avtomobilin üzərində həqiqətən katalizatorun olmadığını və buna görə 450 manat xərc çəkdiyini sübuta yetirə bilməmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmədə sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 37 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 37 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh avtomobilin nasaz olması səbəbi ilə çəkdiyi xərcələrin əvəzi olan 1.565 (730+385+450) manatın və ödədiyi 37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar