Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-40/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi isə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 qarşı 5266 manat (hüquqi xidmət, notariat və sair) məbləğində pul tutulması və ödənilmiş 55 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək Cavabdeh2 cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Sahibi olduğu mənzilə cavabdehin istifadəsində və sahibliyində olan mənzildən davamlı olaraq çirkab suları axıdılır və ona maddi və mənəvi zərər vurur. Dəfələrlə xəbərdarlıq etrməyinə baxmayaraq cavabdeh qanuna və etik normalara sığmayan hərəkətlərindən çəkinməmiş hətta bu xoşagəlməz, qonşuluq münasibətlərinə yaraşmayan hərəkətlər dəfələrlə təkrarlanmış və yenə də təkrar baş vermə ehtimalı aradan qaldırılmamışdır, həmçinin baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 36-cı PB-nə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınsın və ona dəymiş zərər ödənilməsi xahiş etmişdir, həmin müraciətinə cavab olaraq Xətai RPİ-nin xx.xx.2022-ci il tarixli, 104-662B saylı məktubunda qeyd edilmişdir ki şikayətində göstərdiyi hallar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu xoşagəlməz davranışların qarşısı sülh yolu ilə alınmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 21 yanvar 2022-ci il tarixli aktdan da görünür ki, istifadəsində və sahibliyində olan 46 saylı mənzilə 48 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 tərəfindən mütamadi olaraq çirkab sular axıdılmış, su basma nəticəsində iddiaçıya məxsus 46 saylı mənzilin qonaq otağı, mətbəxi, dəhlizi və kombi elektrik sisteminə və soyuducuya və sairə əşyalara ziyan dəymişdir, həmçinin bu halın təkraralanma səbəbləri aradan qaldırılmamışdır, sahibi olduğu mənzilə cavabdehin istifadəsində və sahibliyində olan mənzildən davamlı olaraq çirkab suların axıdılması və qanuna zidd əməlləri nəticəsində ona 4000 (dörd min) manat məbləğində zərər vurulmuşdur. Lakin çox təəssüflər olsun ki, cavabdeh nəinki ona dəyən zərəri ödəməkdən böyün qaçırdır, həmçinin mənzilinə axıdılan suyun qarşısını almaqdan da boyun qaçırdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona həm də mənəvi ziyan dəymişdir. Sonda iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş ziyanın ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının izahatına uyğun izahat verərək və iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdehin mənzilindən su axıdılması nəticəsində iddiaçının mənzilində problemlər yaranmış, idddiaçıya maddi zərər dəymişdir. Buna baxmayaraq cavabdeh qonşuluq münasiətlərinə və birgə yaşayış norma və qaydalarına əməl etməyərək öz mənzilindən iddiaçının mənzilinə su sızmasının qarşısını almağa yönələn hər hansı bir tədbir də görməmişdir. İddiaçı mənzilində yaranmış problemlərin həlli üçün müxtəlif vasitələrə müraciət etdiyi üçün o stress keçirmiş, əsəbləri korlanmış və boş yerə vaxtı getmişdir ki, ona təkcə maddi deyil, həm də mənəvi zərər dəymişdir. Lakin ekspert rəyində dəymiş ziyanın məbləği hesablanarkən yalnızca divarlar nəzərə alınmış, dəymiş digər zərərlər nəzərə alınmamışdır. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olduğu üçün, qanunverici bir sıra normativ hüquqi aktlarda həm maddi, həm də mənəvi zərərin müəyyən edilməsi və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur, buna görə də iddiaçının tələbi tam əsaslı olduğundan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 10, 48 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satılmışdır, lakin hadisənin baş verdiyi tarixdə həmin mənzil Cavabdeh1 istifadəsində və sahibliyində olmuşdur. Bununla belə, iş materiallarında 46 saylı mənzilə dəymiş ziyanın məhz 48 saylı mənzildəki hər hansı problemdən qaynaqlandığını təsdiq edən kifayət qədər sübutlar yoxdur, ziyanın 48 saylı mənzildən qaynaqlandığı ilə bağlı iddialar fərziyyələrə əsaslanır. Həmçinin ekspert rəyində qeyd olunan məbləğlə razılaşmır və həmin məbləğin həddindən artıq olduğu qənaətindədir. Sonda o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 104- 662B nömrəli məktubdan görünür ki, araşdırma zamanı göstərilən xüsusatların həll edilməsi DİO-nun səlahiyyətində olmadığı, mülki mübahisə predmeti olaraq məhkəmə tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 82 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1-da yaşayan İddiaçı ərizə ilə müraciət edərək mənzil 48-dən onun evinə su axını olduğunu bildirmişdir. Həmin aktdan görünür ki, ünvan 1-ya yuxarı mərtəbədən, mənzil 48-dən isti su axaraq mənzilə maddi ziyan vurulmuşdur, su basma nəticəsində iddiaçıya məxsus 46 saylı mənzilin qonaq otağı, mətbəxi, dəhlizi və kombi elektrik sisteminə və soyuducuya və sairə əşyalar pis vəziyyətə düşmüşdür, 48-ci mənzilin sahibi Cavabdeh1dur. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 tam mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satılmışdır. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2842 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 46 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 46 saylı mənzilə 48 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. Lakin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 48 saylı mənzilin qapısı bağlı olduğundan 46 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2-ci sual üzrə: Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 48 saylı mənzilin qapısı bağlı olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 manat təşkil edir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3112-9/3510 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 46 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və ) s. qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 46 saylı mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 46 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən də su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2-ci sual 1-ci hissəsi üzrə: Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 10 saylı evin 46 saylı 3 mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işləri orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2055,0 manat məbləğində müəyyə olunmuşdur. 2-ci sualın 1-ci hissəsi üzrə: iş materiallarında qeyd edilən əşyalar (kombi, soyuducu, televizor və s.) barədə kifayət qədər məlumat olmadığından tədqiqat aparılmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 13878 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilə 200 manat məbləğində xidmət haqqı ödənilmişdir Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətat rayonu, Rahib Məmmədov küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən 48 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin qonaq otağı, mətbəxi, dəhlizi və kombi elektrik sisteminə və soyuducuya və sairə əşyalara aiddir, həmin hissənin təmir-bərpa xərcləri 2055 manat təşkil edir, qeyd olunan Rahib Məmmədov küçəsi, ev 10, 48 saylı mənzil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılsa da, hadisənin baş verdiyi tarixdə Cavabdeh1 istifadəsində olmuş, 46 saylı mənzilə su sızması 48 saylı mənzildən faktiki istifadə edən Cavabdeh1 hüquqazidd əməli ilə nəticəsində baş vermişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, su sızması hadisəsinin, mülki hüquq pozuntusu baş verdiyi anda cavabdehə məxsus olan mənzilində baş vermiş xəta nəticəsində əmələ gəlməsi barədə iş materiallarında olan sübutlar, ekspert rəyi və cavabdehin etirafı, iddia tələbinin həmin hissədə əsaslı olması barədə nəticəyə gəlmək üçün kifayət edir və hazırkı iş üzrə cavabdehin təqsirli əməli, əmlaka vurulmuş zərərin əvəzinin tələb edilməsinə əsas yaratmaqla, həmin zərərin də zərərəvuran tərəfindən tam həcmdə ödənilməsini şərtləndirir. Məhkəmə, həmçinin mənzilə dəymiş zərərin müəyyən edilməsi barədə ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək mənzilə dəymiş zərərin miqdarının müəyyən edilməsində ekspertin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin miqdarı 2055 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının yaşadığı mənzilə və oradakı əşyalara ziyan dəymiş, iddiaçının həmin evdə rahat və stresdən kənar yaşamağına mane olmuşdur ki, bu da mənəvi zərərin yaranması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində kompensasiya tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranmasını və cavabdehin yaranmış problemi həll etməklə bağlı hər hansı tədbir görməməsini və qonşuluq hüquqlarını pozduğunu və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləği 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddia tələbinin “nümayəndə xərci kimi 200 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 100 manat pul məbləğini, 2055 manat qiymətində təmin edilən iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 2055 manat, mənəvi zərərin əvəzi kimi 200 manat, hüquqi xidmətə görə 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi məhkəmə tərəfindən nəzərə alınmadığından həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri mülki iş üzrə cavabdehə aid edilməməli, iddia tələbi qismən təmin edildiyindən, xx.xx.2020-ci il tarixli ekpert rəyi üzrə keçirilmiş ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh1, 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Xətat rayonu, Rahib Məmmədov küçəsi, ev 10 ünvanında yerləşən 46 saylı mənzilə vurulmuş maddi ziyana görə 2055 manat, mənəvi ziyana görə 200 manat, ödənilmiş hüquqi xidmətə görə 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40,55 manat, ümumilikdə 2495 (iki min dörd yüz doxsan beş) manat 55 (əlli beş) qəpik alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin . Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-40/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-40/2023
06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver