Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4028/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflərin faktiki nikah münasibətlərindən (vətəndaş nikahı) bir övladları – xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin X1 atası olması barədə xx.xx.2021-ci il tarixdə, akt qeydləri kitabında 25 nömrə ilə qeydiyyata alınmaqla, 403391 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilməklə, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Cavabdeh X2 işçisi olmaqla, satıcı (mağaza) vəzifəsində işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin, övladının səhhətindəki müəyyən problemlər olduğu üçün çəkilmiş və çəkilməsi zəruri olan xərclərin yarısının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə vətəndaş nikahı ilə (qeyri rəsmi) münasibətdə olmuşdur. Cavabdehlə birlikdəliklərindən bir övladları anadan omuşdur. X3 hazırda onun himayəsində yaşayır. Bakı şəhəri. Xətai rayon Məhkəməsinin 2(011)-7152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı "alimentin tutulması tələbinə dair” iddia tələbi qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 11.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşağın səhhətində müəyyən problemlər olduğu üçün çəkilmiş və çəkilməsi zəruri olan xərclərin yarısının cavabdehdən tutulmasının zərurəti yaranmışdır. Uşaq azyaşlıdır, tez-tez sağlamlığında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Buna görə də o, cavabdehə qarşı “Alimetin miqdarının artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclərin tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, uşağın saxlanılması üçün alimentdən əlavə kifayət qədər maddi köməklik göstərir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
14. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
15. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, müəyyən edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
24. Məhkəmə iddiaçının göstərdiyi dəlillə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
25. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Eyni zamanda, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması da nəzərdə tutulmuşdur.
26. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması barədə məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra, yəni 2023-cü il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
27. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.
28. Şərh edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün alimentin tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Odur ki, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqlarının saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.
29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın səhhəti ilə bağlı çəkilmiş və çəkiləcək əlavə xərclərin yarısının tələb edilməsi hissəsində təmin edilməməlidir.
31. Məhkəmə qeyd edir ki, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla – tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir (§13,14,15).
32. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür (§13).
33. Həmçinin Ailə Məcəlləsinin 81.3-cü maddəsində məhkəmə tərəfindən himayəsində uşaq qalmayan valideyni həm çəkilmiş, həm də gələcəkdə cəkiləcək xərclərə cəlb etməsi əsasları nəzərərdə tutuulmuşdur. Bunun üçün isə həm şərh edilən əsasların olması, həm də bununla bağlı sübutların məhkəməyə təqdim edilməsi zəruri şərtdir. Lakin iddiaçı uşağın səhhətində yaranmış problemlər üçün xərc çəkdiyini bildirsə də, dəqiq olaraq uşağın hansı xəstəlikdən əziyyət çəkməsi, onun səhhətində hansı problemlərin yaranmasını iddia ərizəsində qeyd etməmiş, eləcə də, övladının sağlamlığında olan problemlərə, onun müayinə və müalicəsinə görə hansı miqdarda xərc çəkdiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
34. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçının hüquqlarının müdafiəsi ilə bağlı xərclərə aid edildiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 180 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı