Məhkəmə qərarları › İş №2(011)-4037/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4037/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4037/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7300 manat məbləğində pulun və 94 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı dostu Teyranın atasıdır. Cavabdeh 2023-cü ilin aprel ayında iddiaçıya yaxınlaşaraq çətin vəziyyətdə olduğunu, təcili olaraq 7300 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçının o qədər pulu olmadığı üçün ailəsinin və özünün qızıllarını lombarda qoyaraq nağd pul əldə etmiş və Cavabdeh lazım olan 7300 manat pulu ona vermişdir. Cavabdeh pulu iddiaçıdan götürən zaman söz vermişdir ki, 3-5 aya 7300 manat məbləğində olan pulu iddiaçıya geri qaytaracaqdır. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 7300 manat məbləği geri qaytarmamışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında bildirmişdir ki, o, cavabdehin kiçik oğlu ilə birlikdə işləmiş, yaxşı münasibətlərinə görə cavabdehə ehtiyacı olduğu üçün 7300 manat borc pul vermişdir. Həmin pul vəsaiti iddiaçının özündə olmadığından, iddiaçı ailəsinin qızıllarını "xxxx" ASCyə qoyaraq pul götürmüş, hər ay həmin vəsaiti banka ödəmişdir. Cavabdeh 1800 manat təqaüd aldığını, borcu 5 aya qaytaracağını bildirsə də, bu günədək geri ödəməmişdir. Bu halı təsdiq edən videogörüntü məhkəməyə təqdim edilmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, oğlu narkomaniyadan müalicə aldığı üçün, iddiaçı ona 7300 manat deyil, 1500 manat pul vermişdir. Cavabdeh də qardaşının maşınını iddiaçıya vermişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Təqdim edilmiş CD-diskdəki videogörüntüdən müəyyən edilir ki, İddiaçı Cavabdeh 7300 manat pul vəsaiti vermiş, cavabdehə pulu hər ay vaxtında qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmiş, cavabdeh pul vəsaitini qəbul edərək, hər ay vaxtında ödəniş edəcəyini bildirmiş, iddiaçının məhkəməyə müraciət etməsinə etiraz etməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 7300 manat məbləğində borc pul vermiş, cavabdeh həmin borcu hər ay ödəniş etməklə geri qaytaracağını öhdəsinə götürmüşdür. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən və görüntüdəki cavabdehin etirafı ilə öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda iddiaçıdan 1500 manat borc pul götürdüyünü və əvəzində qardaşının avtomobilini iddiaçıya verdiyini bildirsə də, qeyd etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı 7300 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edildiyindən, həmin borc hazırkı günədək iddiaçıya geri ödənilmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 7300 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 94 manat. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən, ödənilmiş 94 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7300 manat pul vəsaiti və 94 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar