Məhkəmə qərarları › İş №2(011)-4049/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4049/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4049/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 20 dekabr 2012-ci il təvəllüdlü Rəsul və 22 avqust 2019-cu il təvəllüdlü Rəşadın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(011)-3312/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat və iddiaçıya 50 manat olaraq, ümumilikdə 436 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 19 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 20 dekabr 2012-ci il təvəllüdlü Rəsul və 22 avqust 2019-cu il təvəllüdlü Rəşad anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(011)-3312/2020 saylı qətnaməsi ilə övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla və 22 avqust 2019-cu il təvəllüdlü Rəşad 3 yaşına çatanadək 50 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşaqlar iddiaçının himayəsindədirlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin birgə münasibətlərindən 20 dekabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 20 dekabr 2012-ci il təvəllüdlü X1 və 22 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, 22 avqust 2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni 22 avqust 2022-ci il tarixədək cavabdehdən 20 may 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 manat məbləğində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehdən məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin iddiaçının xeyrinə hər ay 50 manat alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3312/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə 22 avqust 2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni 22 avqust 2022-ci il tarixədək cavabdehdən 20 may 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 manat məbləğində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, həmin qətnamə ilə tutulmuş 50 manat aliment deyil, əlavə xərc kimi tutulmuşdur. Odur ki, qanunvericiliyin tələbinə əsasən əlavə xərcin artırılması nəzərdə tutulmadığından hazırkı iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə 20 dekabr 2012-ci il təvəllüdlü X1 və 22 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 43.16 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə 20 dekabr 2012-ci il təvəllüdlü X1 və 22 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X1 və 22 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 43.16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar