Məhkəmə qərarları › İş №2(011)-4051/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4051/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4051/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3.781.66 manat əsas borc, 155.27 manat faiz borcu, 120.18 manat cərimə borcu olmaqla, cəmi 4.057.11 manat məbləğinin və 60.57 manat ödənilmiş dövlət rüsumu xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021 -ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 24 ay müddətinə 7.700 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-ci il aprelin 28-dək Cavabdeh banka xx.xx.2021 -ci il tarixli kredit müqaviləsi üzrə 3.781,66 manat əsas borc, 155,27 manat faiz borcu və 240.36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.177,29 manat borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 240,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 120.18 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 4051/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1”-in məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razıdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1” Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5”-in məzmunundan görünür ki, istehlak məqsədi ilə illik 16% faizlə, 24 ay müddətinə 7.700 manat məbləğində kreditin verilməsi "xxxx" ASC ilə Cavabdeh arasında razılaşdırılmışdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd edilmiş Əlavə üzrə illik cərimə 180% həddində qeyd edilmişdir. Aylıq ödəniş hər ayın 29-u 377 manat məbləğində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 808-Y-1-0-752-21 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 3.781,66 manat əsas borc, 155,27 manat faiz borcu və 240,36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.177,29 manat borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli 2204-********** kodlu məxaric qəbzindən görünür ki, 7.700 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 808-Y-1-0-752-21 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 120,18 manat məbləğində deyil, 60 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 60,57 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 60,57 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” üzrə 808-Y-1-0-752-21 saylı razılaşmaya əsasən 3.781,66 (üç min yeddi yüz səksən bir manat altmış altı qəpik) manat məbləğində əsas borc, 155,27 (bir yüz əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 60 (altmış manat) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.996,93 (üç min doqquz yüz doxsan altı manat doxsan üç qəpik) manat məbləğində kredit borcu və 60,57 (altmış manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar