Məhkəmə qərarları › İş №2(011)-4057/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4057/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4057/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən onun xeyrinə 19550 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 11100 ABŞ dolları və 300 manat məbləğində borc pul almış, bununla bağlı xx.xx.2020-ci il tarixində tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh aldığı borcu xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 1000 ABŞ dolları olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh aldığı borc pulu qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, cavabdeh 20 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında birgə iş görüb qazanc əldə elmək bəhanəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ondan milli valyuta ilə 19550 manat ekvivalentində 11500 ABŞ dolları məbləğində pul vəsaiti almış, lakin heç bir iş görməmiş və dəfələrlə tələb etməyinə baxmayaraq, bu günədək pulunu geri qaytarmamışdır. Həmin faktla bağlı şikayət ərizəsinə əsasən Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CPM-nin 207-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış, tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması və cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək toplanmış material üzrə 20 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumatlandırılsa da, (hazırlıq iclası barədə məhkəmə bildirişini şəxsən almış, sonrakı məhkəmə iclasları barədə isə sms vasitəsilə məlumatlandırılmışdır) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, iddiaçı dostudur, cavabdehlə pandemiya dövründə tanış olublar, qonşudurlar. İddiaçı cavabdehə pulu verəndə orada olmuşdur. İddiaçı 11 000 manat məbləğində cavabdehə pul vermişdir. Sonradan eşitdiyinə görə əlavə olaraq 300 manat pul da iddiaçı tərəfindən cavabdehə verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, iddiaçı ona bildirib ki, o, qonşuluqda yaşayan birinə pul verib ancaq 8 aydır ki pulu qaytarmır. Daha sonra cavabdeh bir dəfə Rusiyadan ona zəng edərək evində pul olmadığı üçün ona pul verməsini istəmiş, iddiaçı da 300 manat məbləğində pul vermişdir. Bir müddət sonra iddiaçı ona zəng edərək cavabdehi tapdığını bildirmiş və gəlməsini xahiş etmişdir. Cavabdeh orda iddiaçıdan pul aldığını etiraf etmiş və bununla bağlı yazılı sənəd imzalanmışdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Tərəflər arasında borc müqaviləsinin bağlanması və cavabdehin pulu iddiaçıya qaytarmaması işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Həmin müddəada qeyd edilir ki, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən müddəanın mənasından aydın olur ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı müqavilədə göstərilmiş pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı borcun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 19 550 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iş materiallarında olan müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 11 100 ABŞ dolları (18 870 manat) və 300 manat olmaqla, ümumilikdə 19 170 manat məbləğində pulun verildiyi qeyd edilmiş və iddiaçı qalan 380 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən 19 170 manat pul tutularaq iddiaçıya verilməklə iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 148 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 98%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 19 170 manat məbləğində borc və 145,04 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2,96 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar