Məhkəmə qərarları › İş №2(011)-408/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-408/2023

17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-408/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin (əldən çıxmış faydanın) ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ½ hissəsinin istifadəsində yaradılmış maneələrə görə dəymiş ziyanın əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Cavabdeh1 ilə aramızda olan nikah pozulduqdan sonra iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-ciı il tarixli 2(006)- 473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının ünvan 4 (indiki ünvan 3 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payına mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 139/2019 saylı Qətnaməsi ilə və AR Ali Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli 2(102)2942/2020 saylı Qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(006)-473/2014 saylı Qətnaməsini dəyişdirmədən qüvəddə saxlanılmışdır. 2012-ci il tarixdə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən cavabdehlə faktiki ayrıldığını və ər evindən çıxdığını vaxtdan etibarən birgə nikahları dövründə ünvan 4 ünvanında yerləşən sahəsi 701,4 m2 olan qeyri-yaşayış sahəsini əldə etdiklərini gəlirin yarı hissəsinin alınıb iddiaçıya verilməsi ilə bağlı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)-27/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)-374/2018 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının Cavabdeh1 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin iş üzrə Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, "İddiaçı iddia tələbində əmlakın icarəyə verilməsinə görə xx.xx.2010-cu il tarixdən etibarən 28 ay ərzində əldə edilən gəlirdən pay istəməsinə baxmayaraq, onun xeyrinə 2010-2020-ci illər üçün hesablanmış gəlir məbləğinin müvafiq hissəsinin tutulması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir; çünki, iddiaçı iddia tələbini xx.xx.2012-ci il tarixdə irəli sürmüş, məhkəmə prosesi isə ondan asılı olmayan səbəblərdən hazırkı dövrə qədər davam etmişdir. Həmçinin qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və iddiaçının iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə əldə olunmuş əmlakla bağlı hüququnun bərpası barədə olmaqla bu hüququn həcmi (miqdarı, ölçüsü və s.) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin iş üzrə Apellyasiya Məhkəməsində məhkəmə tərəfindən (təkrar) məhkəmə-mültasibatlıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş ekspertiza tədqiqatına Azərbaycan Respublikasının Auditorlar Palatasının auiditorları da cəlb olunmuş, audit rəyi və onun əsasında verilmiş ekspert rəyi ilə 2010-2020-ci illər ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov (keçmiş Tağızadə küçəsi) 19/1 ünvanında yerləşən 701,4 m2- dən ibarət qeyri-yaşayış sahəsindən əldə olunan xalis gəlirin 7671,58 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi öz qərarını çıxararkən ancaq gələn gəliri bölgüsünü aparmış və bu qətnaməsini audit rəyi əsasında çıxarmışdır. Məhkəməyə təqdim edilmiş "Next Audit-Kpnsaltinq MMC-nin direktoru X1 tərəfindən 24 dekabr 2020-ci il tarixli audit rəyində qeyd olunanları nəzərə alsaq 2010-2020-ci illər üzrə Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən sahəsi 701,4 kv.m olan qeyri-yaşayış sahəsindən xərclər çıxıldıqdan sonra qazanc 7671,58 manat təşkil edir. 2010-2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində 701 kv-lik (həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1500 kv.m-dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Belə ki, 10 (120 ayı) ili aylara bölsək (120 ay edir ki, 7671,58 manatı 120 aya bölsək (7672,58 :120 =63,92 (altmış üç manat doxsan iki qəpik) sözügedən qeyri-yaşayış sahəsinin aylıq gəliri cəmi 64 manatdan az təşkil edir. Bu da o deməkdir ki, iddiaçıya o böyüklükdə icarə sahəsindən hər ay üçün cəmi 32 manat qazanc düşür). Nəzərə almaq lazımdır ki, həmin 701 kv-lik (faktiki olaraq 1500 kv.m-dən çox) sahədə mebel sexi, avto servis və.s kimi çoxsaylı istehsalat və xidmət sahələri hazırda da fəaliyyət göstərir. Bu sahələrin fəaliyyət göstərdiyi Bakı şəhərinin mərkəz yerlərindən birində yerləşən sahəsi 701 kv olan (faktiki sahəsi 1500 kv-dan çox olan) bir qeyri-yaşayış sahəsinin aylıq gəlirinin 64 manatdan az»olması, ağlabatan olmadığı kimi qeyri-ciddi, faktiki bazar qiymətini əks etdirməyən bir göstəricidir. Nəzərə alınmalıdır ki, ünvan 2 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilmiş qeyri- yaşayış sahəsinin iddiaçıya məxsus hissəsini 2010-cu ildən istəsə də cavabdeh həmin əmlakı iddiaçıya verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı keçən illər ərzində əmlakından istifadə edə bilməmişdir. Əgər cavabdehin mənə qarşı süni maneələri olmasa idi, iddiaçı keçən 12 il ərizində qeyriyaşayış tipli əmlakından hər ay 32 manat deyil, daha çox gəlir əldə edərdi. Görünən odur ki, cavabdeh hər hansı məcburi ödəmələrdən yayınmaq üçün təhrif edilmiş hesabatlar vermiş və nəticədə rəsmi sənədlərdə gəlir məbləği 32 manat müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Nəsimi Rayonu, Ceyhun Səlimov (keçmiş Tağızadə) küçəsi olan ərazidən 1 otaqlı, 30-35 kv.m-lik sahəsi olan mənzilin kirayə haqqı 300 (üç yüz) manat civarındadır. Belə olan halda çıxarışda sahəsi 701 kv.m olan tex pasportda və faktiki vəziyyətdə 1500 kv.m-dən artıq sahəsi qeyri-yaşayış obyektinin ümumi qazancının 64 manat olması heç də ağlabatan deyildir. Odur ki, cavabdeh X2 (menə) iddiaçıya məxsus əmlakı illərlə verməməklə, icarə dəyəri belə minlərlə manat olan əmlakı formal dəyər göstərək istifadə edərək, hüquqlardan sui-istifadə hallarına yol vermiş, nəticədə məni əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Hesab edir ki, müvafiq ekspertiza və sahəsinin istifadəsi (icarəsi) ilə bağlı bazar dəyəri müəyyən edilməklə bu illər ərzində iddiaçı kimi mənə dəymiş zərər (ziyan) hesablanaraq ödənilməlidir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 701,4 (faktiki 1200) kv.m-dən ibarət əmlak kompleksinin (xx.xx.2023-cü il tarixli ekspert-mütəxəssis rəyində nəzərdə tutulmuş 2010- 2022-ci illər ərzində hesablanmış 444.000 manata uyğun olaraq) müəyyənləşdirilmiş icarə dəyərinin ½ hissəsinin (yarısının) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq (cavabdehlərdən əldən çıxmış faydanın, zərərin əvəzi kimi tutulma həyata keçirilərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3.835,79 (üç min səkkiz yüz otuz beş tam yüzdə yetmiş doqquz) manat İddiaçı verilməsi nəzərə alınaraq bu məbləğin tutulacaq məbləğdən çıxılmasına və geri qalan məbləğin) iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ünvan 2 ünvanmda yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Daha sonra sözügedən qeyri-yaşayış sahəsinə tərəflərin ½ hissədə payları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi 2(103)-27/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)- 374/2018 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının Cavabdeh1 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən mülkiyyətindən qanunsuz olaraq məhrum edilməsi nəticəsində ona dəymiş zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə tərəfindən qeyd olunmalıdır ki, iş üzrə araşdırma aparılan zaman işin faktiki vəziyyətini əks etdirən və iş üzrə mübahisəsiz olan bir sıra hallar müəyyən edilmişdir. Belə ki, bu hallara ilk öncə ünvan 2 ünvanmda yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin tərəflərin ½ hissədə olmaqla paylı mülkiyyətində olması, həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən 2010-2020-ci illəri əhatə edən dövr ərzində üçüncü şəxsə icarəyə verilməsi və icarə haqqından əldə edilmiş gəlirin 7671,58 manat olması kimi hallar daxildir. Belə ki, sözügedən hallar iş materiallarına əlavə edilmiş müvafiq qətnamələrdən də göründüyü kimi mübahisəsiz hallardır. Həmçinin, o da müəyyən olunmuşdur ki sözügedən əmlak hələ də cavabdehin sahibliyindədir. Hazırkı iddia tələbi üzrə isə əsas araşdırılmalı hal ondan ibarətdir ki, sözügedən ünvan 2 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 2010-2020-ci illər ərzində, həm də ondan sonrakı dövr ərzində icarə haqqı orta bazar qiymətinə uyğunluq təşkil edib-etməməsi, təşkil etmədiyi təqdirdə iddiaçıya münasibətdə vurulmuş zərər, yəni əldən çıxmış faydanın nə qədər təşkil etməsi müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş sözügedən obyektin 2010-2022-ci illər üzrə aylıq icarə dəyərinin əks olunduğu ekspert-mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanmda yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin icarə dəyəri 2010-2022-ci illər ərzində orta bazar qiymətinə uyğun olaraq cəmi 444.000 manat təşkil edir. Məhkəmə ekspert-mütəxəssis rəyini digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, rəy sübut qismində qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-27/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)-374/2018 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2018-ci il tarixli qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının Cavabdeh1 qarşı "birgə mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin 2/3 hissəsinin xeyrinə tutulması" tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh1 tərəfindən icarəyə verilməsindən 2010-2020-ci illər ərzində əldə olunmuş gəlirin 1/2 hissəsi, yəni 3835,79 manat, dövlət rüsumlarının əvəzi qismində 35,80 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Belə olan təqdirdə ilk öncə məhkəmə hesab edir ki, sözügedən icarə haqqı tərəflərin paylarına uyğun olaraq bölünməli, daha sonra Bakı Apellyasiya Məhkəməsi 2(103)-27/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ məhkəmə araşdırması zamanı müəyyən edilmiş zərərdən çıxılmalı, yəni 222.000 manatdan 3.835,79 manat çıxılmalı, qalan 218.164,21 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, qiymətləndirmənin keçirilməsi üçün 400 manat xidmət haqqı təyin edilmiş və həmin xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumu və keçirilmiş qiymətləndirmənin dəyəri olan 400 manat alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 218.164,21 (iki yüz on səkkiz min bir yüz altmış dörd manat iyirmi bir qəpik) manat maddi zərər, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və keçirilmiş qiymətləndirmənin dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar