Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4086/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı cavabdehə 20000 manat pul borc vermiş, cavabdeh isə iddiaçıdan aldığı 20000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh aldığı pulu iddiaçıya qaytarmamışdır. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı cavabdehə 10000 manat pul borc vermiş, cavabdeh isə iddiaçıdan aldığı 10 000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdeh AR CM-nin 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, iddiaçı 30000 manat pulu kredit (borc) müqaviləsi ilə cavabdehə versə də, cavabdeh həmin pulu iddiaçının oğlunu prokurorluq orqanlarına xidmətə qəbul edəcəyi vədi ilə almış, iddiaçının etibarını qazanmaq və etdiyi cinayət əməlini pərdələmək niyyəti ilə pulun həmin şəkildə verilməsi təşəbbüsü göstərmişdir. Həmin hökmdə cavabdeh izahatında bildirmişdir ki, iddiaçının oğlunun prokurorluq orqanlarına işə qəbul olunması üçün ilkin olaraq 30000 manat pul verilməli olmasını demiş, iddiaçının təklifi ilə 20000 manat pulu xx.xx.2023-cü il tarixli notarial müqavilə ilə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində nəğd şəkildə, 10000 manatı isə xx.xx.2023-cü il tarixdə yenə də həmin yerdə almış, sonradan aldığı 10000 manat pulu qaytarmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehə verdiyi 30000 manat pulu, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pulu və 180,15 manat manat dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehi şəkər xəstəliyi ilə əlaqədar olaraq mütəmadi onun çalışdığı 38 nömrəli şəhər poliklinikasına müayinəyə gələn zaman tanımışdır. 2023-cü ilin fevral ayının ortalarında müayinə üçün onun yanına yenidən gələn zaman söhbət əsnasında oğlunun işə qəbul edilməsi üçün köməklik edəcəyini ona bildirmiş, ardınca işin həlli üçün ilkin olaraq 30.000 manat verilməli olduğunu demişdir. Bundan başqa, əldə olunan razılıq nəticəsində, pul rəsmi şəkildə notariat ofisində cavabdehə verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı Bakı "ASAN xidmət" mərkəzində olan notariat ofisində nağd şəkildə ona 20.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində isə qeyd olunan yerdə 10.000 manat pul vəsaitini vermişdir. Bir neçə ay keçdikdən sonra o, cavabdehlə əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını maraqlanmış, bundan 3-4 ay keçdikdən sonra isə aldadıdığını başa düşürək pulunun geri qaytarılmasını tələb etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh verdiyi vədi yerinə yetirməmiş, verilmiş 30000 manat məbləğində pul vəsaitini qaytarmamışdır. Cavabdehin pulu geri qaytarmamasından sonra hüquq mühafizə orqanlarına DİN-in 102 xidmətinə məlumat verərək Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh ondan 30000 manat pul vəsaitini aldığını özü etiraf etmişdir. Cavabdehin AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Xətai Rayon Məhkəməsi cinayət işinə baxmış və barəsində 1(011)-143/2024 saylı, xx.xx.2024-cü il tarixli hökm çıxarılmış, cavabdeh AR CM-nin 178.2.4-cü maddəsini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. İbtidai istintaq zamanı cavabdeh törətdiyi hüquq pozuntusunu etiraf edərək, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı Bakı "ASAN xidmət" mərkəzində olan notariat ofisində nağd şəkildə ona 20.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində isə qeyd olunan yerdə 10.000 manat pul vəsaitini aldığını təsdiq etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 21.1 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
9. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
10. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
11. Maddə 340.1 Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin əqd uydurma əqddir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində kredit müqavilələri bağlanılmış, müqavilələrə əsasən cavabdeh iddiaçıdan 30 000 manat məbləğində borc götürüldüyü qeyd edilsə də, həmin 30 000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc qismində, yəni razılaşdırılmış müddət ərzində geri qaytarılmaq şərti ilə deyil, iddiaçının oğlunun prokurorluq orqanlarına işə qəbul olunması üçün verilmişdir. Sözügedən hal iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə də öz təsdiqini tapır.
23. Göründüyü kimi, kredit müqaviləsi bağlandıqda iddiaçının 30 000 manat məbləğində pul vəsaitini cavabdehə borc vermək ilə bağlı niyyətinin olmaması, müqavilənin yalnız görünüş üçün bağlanması və uydurma olması barədə nəticəyə gəlməyə əsas verir.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmadığından, mübahisəyə MM-nin maddi zərərin vurulması ilə bağlı müddəaları tətbiq ediləcəkdir.
26. Yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
27. İşin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 143/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
28. Həmin qərardan da görünür ki, cavabdeh iddiaçının övladını prokurorluq orqanlarına işə düzəltmək məqsədilə 30 000 manat pulu iddiaçıdan aldığını bildirmişdir.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus pulu ələ keçirməklə ona maddi zərər vurduğundan və ziyanı vurmaqda cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən iddia təmin edilməlidir.
30. Məhkəmə həmçinin iddianın 180,15 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
31. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin tutulması hissəsində də əsaslıdır.
32. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, iddiaçı 34 saylı Vəkil bürosuna 50 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. İddiaçının ödədiyi 50 manat hüquqi xidmət xərci pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi üçün ödənilmişdir ki, həmin xərc Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş zərər anlayışı ilə tam əhatə olunur.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 30 000 manat məbləğində pul vəsaiti, 50 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti və ödənilmiş 180,15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı