Məhkəmə qərarları › İş №2(011)-410/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-410/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-410/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdehnə qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 85000 manat 00 qəpik (səksən beş min manat sıfır qəpik) (Mərkəzi Bankın həmin günkü məzənnəsinə əsasən 50000 (əlli min) USD) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 345 (üç yüz qırx beş) manat məbləğin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı ərizə təqdim edərək, İddiaçı Cavabdeh MMC-ə qarşı “borc tələbinə” dair mülki iş üzrə hazırki mübahisənin aidiyyatı qaydada kommersiya məhkəməsində baxılması üçün göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 “İddiaçı Cavabdehnə qarşı “borc tələbinə” dair mülki iş üzrə hazırki mübahisənin aidiyyatı qaydada kommersiya məhkəməsində baxılması üçün göndərilməsi” barədə ərizəsi rədd edilmiş, həmin qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-721/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə, Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6847/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iş 15 noyabr 2023-cü il tarixli qərardaddan verilmiş şikayətin mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, hal-hazırki iş üzrə subyetklərdən biri (İddiaçı) fiziki şəxs olsa da, mübahisə predmeti təsisçi ilə hüquqi şəxs arasında olan, hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələbdir. Belə ki, İddiaçı Cavabdeh MMC-nin təsisçisi olaraq cavabdehə təsisçi borcu vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə təsisçi ilə hüquqi şəxs arasındakı münasibətlərlə bağlı olduğundan mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən, Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 19-cu bəndinə görə, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31, 32, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 “İddiaçı Cavabdeh MMC-ə qarşı “borc tələbinə” dair mülki iş üzrə hazırki mübahisənin aidiyyatı qaydada kommersiya məhkəməsinə göndərilməsinə dair” ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “borc tələbinə” dair iddia tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar