Məhkəmə qərarları › İş №2(011)-4107/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4107/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4107/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı X7 qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yanında olan yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il tarixdə anadan olmuş oğlu X1 üçün xeyrinə X2 tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10 adlı bir uşaqları anadan olmuşdur, tərəflər ailə münasibətləri pozulduğundan ayrı yaşayırlar, həmin vaxtdan uşaq iddiaçının himayəsindədir, Şərur rayon Məhkəməsinin Qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, indi həmin məbləğlə uşağın xərclərini ödəmək çətindir, o artıq böyüyür, uşaq böyüdükcə onun təlabatı da artır, hazırda isə 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manatdır, cavabdehin artıq ödəməyə imkanı çatır, bu səbəbdən alimentin artırılmasını xahiş edir, iddiaçı həmin pulu yaşayış minimumuna görə istəyir, cavabdeh prinsipə görə alimenti ödəmək istəmir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildimişdir ki, iddiaçı ilə boşanmışdırlar, boşanmadan sonra uşaq anasının himayəsində saxlanmışdır, hazırda maddi vəziyyəti çox aşağıdır, işləmir, iş olanda fəhlə kimi işləyir, adına daşınar daşınmaz əmlak yoxdur, ev var, ancaq anasının adınadır, hazırda atası və anası ilə birlikdə 3 nəfər həmin evdə yaşayırlar, onların 62-63 yaşları var, hər ikisi xəstədir, əvvəl uşağa görə 130 manat aliment ödəmişdir hazırda maksimum 160 manat aliment ödəməyə razıdır, daha çoxuna imkanı çatmır, həmçinin uşağı artıq bir ildir ki, ona göstərmirlər. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şərur rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(110)-44/2018 saylı Qətnaməsindən görünür ki, X11 və X8 arasında 11 mart 2015-ci il tarixdə 02 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X10 anasının yanında qalması müəyyən edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 176470 saylı Nikahın pozulması haqqında şəhadətnamənun surətindən görünür ki, X11 və X9 arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə 2018-ci ilin iyun ayının 14-də qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına Babayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 981406 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası X11, anası X4r. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 289 №-li 05 may 2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı və X10 ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının mansard mərtəbəsində olan 2 otaqlı 61 saylı mənzilində yaşayır. İş materiallarında olan 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 20 may 2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, X11 mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, X6 adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, cari əmək müqaviləsi yoxdur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, cari əmək müqaviləsi yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Şərur rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(110)-44/2018 saylı qətnaməsi əsasında müəyyən olunmuş hər ay 120 manat miqdarında aliment məbləği uşağın saxlanması məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdehin rəsmi iş yeri yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydiyyata alınmamışdır, cavabdeh iddia tələbini qismən qəbul edir, hər ay 160 manat aliment ödəməyə razıdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Şərur rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(110)-44/2018 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin rəsmi iş yerinin olmamasını, hazırda işləməməsini, onun əmlak vəziyyətini – adına daşınar və daşınmaz əmlakların olmamasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılaşma hallarının müəyyən olunmamasını, bununla belə uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş 2022-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırılmış məbləğini (2018-ci il üzrə 154 manat; 2022-ci il üzrə 193 manat – 39 manat), habelə cavabdehin iddia tələbini qismən qəbul etməsini nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2018-сi il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat təşkil edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (40x12=480 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(110)-44/2018 nömrəli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar