Məhkəmə qərarları › İş №2(011)-411/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-411/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-411/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınım artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin artırılaraq hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 20.10.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar, cavabdehlə nikaha daxil olduqdan sonra o, Abşeron rayonu, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 18, mənzil 8-də cavabdehə məxsus evə gəlin köçərək yaşamışdır, 29.07.2017-ci ildə cavabdeh onunla mübahisə etmiş, buna görə də həmin tarixdən iki azayşlı uşağı ilə birlikdə həmin evdən çıxıb getmişdir, hal-hazırda müvəqqəti olaraq valideynləri ilə birlikdə yaşayır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2(011)-8016/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 137 manat alimentin tutulması qət edilmişdir, lakin həmin məbləğ uşaqların tələbatını ödəmir, o, heç bir yerdə işləmir və qazancı yoxdur, o, dəfələrlə cavabdehdən övladlarının saxlanılması üçün maddi yardım etməsini istəsə də, o, bundan boyun qaçırmışdır, hal-hazırda alimentin miqdarının artırılması zərurəti vardır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hərbiçidir, 25.08.2017-ci il tarixli, 2(011)-8016/2017 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər bir uşaq üçün 137 manat alimentin tutulması qət edilmişdir, boşandıqdan sonra ikinçi ailə həyatı qurmuşdur, hazırda digər nikahdan 2 azyaşlı uşağı vardır, düzdür, əvvəlki illərə nisbətdə uşaqların tələbatı artmışdır, alimentin artırılmasına etiraz etmir, lakin hazırda məvacibinin və maddi imkanının aşağı olması və öhdəsində ikinci nikahdan olan uşaqların olması səbəbindən hər ay 2 uşağa görə 170, cəmi 340 manat aliment ödəmək iqtidarında deyil, əvvəlki illərə nisbətdə əmək haqqı cəmi 100 manat artmışdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 izahat verərək bildirdi ki, cavabdehin anasıdır, oğlu ikinci dəfə ailə həyatə qurub və onun həmin nikahdan 2 azyaşlı övladı vardır, oğlu hərbiçi olsa da, əmək haqqı yüksək deyil, alimentin hər uşaq üçün 170 manat deyil, daha az məbləğdə artırılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 21.09.2019-cu il tarixdə verilmiş AZ-İV 334100 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 05.06.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır, bu barədə 02.07.2011-ci il tarixdə 2001 saylı aktla qeydiyyat aparılmışdır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 21.09.2019-cu il tarixdə verilmiş AZ-İV 334099 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 19.07.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır, bu barədə 05.08.2008-ci il tarixdə 1979 saylı aktla qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 13.09.2019-cu il tarixdə verilmiş AZ-İ 334299 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29.11.2017-ci il tarixdə 593 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Vəliyev, qadına Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(011)-5024/2020 saylı Qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraat Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək dayandırılmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04.11.2018-ci il tarixdə verilmiş AZ-İV 203042 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X7 26.10.2018-ci il tarixində Bakı şəhərində doğulmuşdur, onun atası Cavabdeh, anası X3r, bu barədə 04.11.2018-ci il tarixində 6333 saylı aktla ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25.01.2020-ci il tarixdə verilmiş AZ-İV 394414 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X10 16.01.2020-ci il tarixində Bakı şəhərində doğulmuşdur, onun atası Cavabdeh, anası X3r, bu barədə 25.01.2020-ci il tarixində 486 saylı aktla ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş 28.01.2021-ci il tarixli, 145 saylı arayışdan görünür ki, Cavabdeh MAHHXHQ əsgər kimi N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq pul təminatını 14% gəlir vergisi, DSMF-ya 3% ayırmalar tutulduqdan sonra 661.42 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2(011)-8016/2017 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 20.10.2007-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış 1503 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahlarından olan 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X6 anaları X2 yanında saxlanılmış, 25.08.2017ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 025141 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X2 adı “Rufina”-adına dəyişdirilmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 01.09.2019-cu il tarixdə 109 nömrə ilə qeyd aparılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, tərəflər ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2(011)-8016/2017 saylı Qətnaməsi ilə 25.08.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir, cavabdeh başqa bir şəxslə nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 26.10.2018-ci il təvəllüdlü X7 və 16.01.2020-ci il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. Bununla belə, uşaqların saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, cavabdehin birgə nikahdan doğulmuş daha iki uşağının olmasını, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların əvvəlki yaşayış səviyyəsini və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8016/2017 saylı 25.08.2017-cı il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8016/2017 saylı 25.08.2017-cı il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19.07.2008-ci il təvəllüdlü X9 və 05.06.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar