Məhkəmə qərarları › İş №2(011)-4128/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4128/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4128/2021 21.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24.04.2007-ci il tarixli 191 saylı kredit müqaviləsi üzrə 2526,58 manat əsas borc, 524,99 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1572,90 manat olmaqla, cəmi 4624,47 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2007-ci il tarixli 191 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 18 ay müddətinə illik 28%-lə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixə cavabdehin borcu 2526,58 manat əsas borc, 524,99 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1572,90 manat olmaqla, cəmi 4624,47 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********15 saylı 22.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bankla aralarında bağlanmış 24.04.2007-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə kredit götürmüş, xəstəliyi ilə əlaqədar krediti qaytara bilməmişdir. Bankın 18.12.2012-ci il tarixli təkrar bildirişi əsasında qarşılıqlı razılaşma yolu ilə 2800 manat ödəməklə borcun bağlanılmasına razılıq verilmiş, 29.11.2012-ci il tarixdə həmin məbləği banka ödəmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(011)-333/2013 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bank isə 3 illik müddəti ötürməklə iddia irəli sürmüşdür. Ona görə də, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24.04.2007-ci il tarixli 191 saylı kredit kartı vasitəsilə ilə verilən kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 28%-lə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli, 2(011)-333/2013 saylı qərardadından görünür ki, iddiaçı “xxxx” ASC Cavabdeh qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 24.04.2007-ci il tarixli 191 saylı kredit müqaviləsi üzrə 2526.58 manat əsas borc, 3250.31 manat faiz borcu, 4500 manat dəbbə pulu olmaqla cəmi 10276.89 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etmiş və həmin qərardadla iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2013-cü il tarixli, 2(011)-333/2013 saylı qərardadından görünür ki, 17.01.2013-cü il tarixli qərardad ləğv edilərək, iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2(011)-333/2013 saylı qərardadından görünür ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 24.04.2007-ci il tarixli 191 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 2013-cü ildə iddianın verilməsi nəticəsində kəsilmiş, fasilədən sonra yenidən 3 illik müddətin axımı başlanmış və 2016-cı ildə bitmişdir. İddiaçı 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək müqaviləni mübahisələndirməklə, qanunda nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, ”Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin ərizəsi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cavabdehdən 24.04.2007-ci il tarixli 191 saylı kredit müqaviləsi üzrə 2526,58 manat əsas borc, 524,99 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1572,90 manat olmaqla, cəmi 4624,47 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar