Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4136/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıdan borc kimi aldığı 17.000 (on yeddi min) manat pulun, əldən çıxmış fayda kimi 6.000 (altı min) manat, mənəvi ziyan olaraq 2.000 (iki min) manat pulun və dövlət rüsumu olaraq 166 (bir yüz altmış altı) manat pulun, ümumilikdə 25.166 (iyirmi beş min bir yüz altmış altı) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Səfərov Ülvinin Bakı şəhərindəki 271 saylı tam orta məktəbdə təhsil alarkən yaxın dostluq münasibətində olduğu Bakı şəhərinin Xətai rayonu ərazisində yaşayan Əliyev İman adlı şəxsin çoxsaylı xahişlərinə əsasən onların hansısa işlərini səhmana salmaqdan ötrü onun atası Cavabdeh 21 may 2022-ci il tarixdə saat 21-22 radələrində yaşadığı binanın həyətində 10.000 (on min) ABŞ dolları məbləğində pulu oğlu Ülvinin iştirakı ilə vermişdir. Həmin pulu 2022-ci ilin avqust ayında ondan geriyə istəyərkən 3-4 günün içərisində pulu ona qaytaracağına söz vermiş və hətta ona əlavə hörmət də edəcəyini bildirmişdir. 2022-ci ilin avqust ayından başlayaraq Cavabdeh və onun oğlu İmana dəfələrlə müraciət edərək ona düşdüyü çətin vəziyyətdən çıxarmaqdan ötrü tezliklə qaytarmaq şərti ilə verdiyi on min ABŞ dolları məbləğində pulunu ona qaytarmasını tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə onu aldadır, süründürməçilik edir, aldadıcı metodlarından istifadə edərək pulunu ona qaytarmır, telefon zənglərinə cavab vermir, telefonlarını qapalı saxlayır və sairə. Cavabdeh adlı bu şəxs keçmiş polis əməkdaşıdır. Ona görə də bu fakt üzrə işin Nizami rayon Pokurorluğunun əməkdaşlarından biri tərəfindən araşdırılmasından ötrü xx.xx.2022-ci il tarixli ərizə ilə Prokurorluğa müraciət etmişdir. Lakin Bakı Şəhəri Nizami Rpi-nin 24-cü Pş-nin Tətqiqatçısı P.Ş.Əzizova Cavabdeh izahatım aldıqdan sonra ərizəsi üzrə xx.xx.2022-ci il tarixli qərarla dələduzluq maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Odur ki, həmin faktla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ədalət naminə qeyd edir ki, bu məsələ ilə əlaqədar həmin pulumun əlində olmaması səbəbindən əldə edə biləcəyim xeyli məbləğdə gəlirimdən və faydadan məhrum olmuş və buna görə də əsəb gərginliyi, stress keçirərək səhətim korlanmışdır. Nəticə etibarı ilə maddi sərərə və mənəvi ziyana məruz qalmışdır. Belə ki, həmin 17 min manat puluna bu müddət ərzində istənilən mal alqı-satqısı ilə məşğul olsaydı, minimum 6 min manat gəlir əldə edərdi. Mənəvi ziyanı isə 2 (iki) min manat hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən onun həyat yoldaşının bank kartına 500 ABŞ dolları, yəni 850 manat pul yüklənmişdir. Lakin sözügedən məbləğ cavabdehin ona söz verdiyi əsas borcdan əlavə edəcəyi hörmət kimi qəbul edilməlidir. Bu pulun borc məbləğinə hər-hansı qaydada aidiyyatı yoxdur. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, tərəflər birgə biznes fəaliyyəti ilə məşöul olmaq üçün razılıq əldə etmiş, iddiaçı bunun üçün cavabdehə 10.000 ABŞ dolları vəsait vermişdir. İşlər Türkiyə ərazisində həyata keçirilməli idi. Bununla bağlı problemlər yarandığından cavabdeh iddiaçının vəsaitini qaytarmaqda çətinlik çəkmişdir. Lakin birgə görülən iş bərpa edildikdən sonra hüquqlarını müdafiə etdiyi cavabdeh vəsaitin ödənilməsinə etiraz etmir. Odur ki, hazırkı mərhələdə iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Eyni zamanda qeyd etmişdir ki, cavabdeh iddiaçıya əldə edilmiş vəsaitdən 500 ABŞ dollarını geri ödəmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 10.000 ABŞ dolları yəni 17.000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh puldan bir qismini qaytarsa da hazırda onun iddiaçıya 16,150 manat borcu qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarın surətindən görünür ki, Cavabdeh izahtında bildirmişdir ki, oğlu X2 Səfərovun oğlu Ülvi orta məktəbdə bir sinifdə oxumuşdur, aralarında normal münasibətlər olmuşdur, hal-hazırda da münasibətləri davam etməkdədir. Şamil oğlu İmanın Türkiyədə olan tanışlarının meyvə alqı-satqısı ilə məşğul olduğunu, İmanın da onlarla birlikdə meyvə alqı-satqısı işinə yatırım etmişdir. Ülvi də İmanın bu işlə məşğul olmasını bildiyi üçün 2022-ci ilin əvvəllərində əlində bir qədər pul olduğunu, həmin pulu İmanıla birlikdə Türkiyədə meyvə-alqı satqısına yatırım etmək üçün sərmayə qoymağı təklif etmiş, İman da onunla razılaşmışdır. Bu barədə İman atası Şamilə dedikdən sonra Şamil 2022-ci ilin may ayında Abuzərin yaşadığı evin həyətində onunla görüşmüş, Abuzər oğlu Ülvinin iştirakı ilə Şamilə 10.000 ABŞ dolları pul vermişdir. O, pulu alarkən Abuzərə narahat olmamamğı, əldə olunan gəlirdən ona düşən payı hər ay göndərəciyini demişdir. Pulu aldıqdan sonra Şamil həmin pulu Türkiyədə meyvə satışı ilə məşğul olan İmanın tanışlarına göndərmiş, pulu verdikdən sonra birinci ay onlar Şamilə 500 ABŞ dolları pul göndərmiş, Şamil həmin 500 ABŞ dollar pulu xx.xx.2022ci il tarixdə əldə edilmiş gəlir qismində “Leo” banka məxsus Ülvinin anasının adına olan kart hesabına göndərmişdir. İmanın Türkiyədə olan tanışları həmin malı satıb gəlir əldə etmək üçün adətən Türkiyədən Ukraynaya, Rusiyaya göndərirmişlər, lakin həmin ərəfədə Ukrayna və Rusiya arasında olan münasibətlər gərginləşdiyindən onlar Türkiyədən göndəridkləri mal Rusiyanın gömrük məntəqəsində qaldığı üçün onlar ziyan etdiyindən növbəti aylarda Şamilə pul göndərə bilməmişdirlər. Bu səbəbdən də o, Abuzərə pul qaytara bilməmişdir. Şamil Abuzərə 10.000 ABŞ dollar borcu olduğunu inkar etməmiş, həmin pulu ələ keçirmək fikri olmamışdır, sadəcə oğlunun Türkiyədəki tanışları ziyana düşdüyü üçün o Abuzərdən aldığı 10.000 ABŞ dollar pulu qaytara bilməmişdir. Hal-hazırda işsiz olduğu üçün ondan aldığı pulu hal-hazırda qaytara bilmir, borcunu hissə-hissə qaytarması üçün ona möhlət verilməsini xahiş etmiş, bu barədə yazılı olaraq təhqiqata iltizam da təqdim etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabehə 10.000 ABŞ dolları, yəni 17.000 manat məbləğində pul verməsi işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, cavabdeh iddiaçıdan 17.000 manatı aldığını etiraf etmiş və bu məbləğdən 500 ABŞ dolları, yəni 850 manat vəsaiti qaytardığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı 850 manatın ona verilməsini təsdiq etmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi). İstinad olunanlara əsasən məhkəmə iddia tələbinin 17.000 manata münasibətdə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 16.150 manat pul tutulmalıdır. Daha sonra əldə çıxmış fayda olaraq tələb olunan 6.000 manata münasibətdə qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı əldən çıxmış faydanın nədən ibarət olmasını, hesablamaların nəyə əsasən aparılmasını təsdiq edəcək sübutları məhkməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu, nəticədə sağlamlığının pozulduğunu, mənəvi iztirab çəkdiyini qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.150 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 166 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu mütənasiblik prinsipi əsasında həll edilməlidir. Belə ki, iddia tələbinin təmin edilməli olan hissəsinə münasibətdə cavabdehdən 138.45 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 27.55 manat rüsum isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.150 (on altı min bir yüz əlli) manat məbləğində pul vəsaiti və 138.45 (bir yüz otuz səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4136/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4136/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver