Məhkəmə qərarları › İş №2(011)-4156/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4156/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4156/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fayık oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1a yerləşən 2 saylı mənzildən ünvan 1a yerləşən 1Q saylı mənzilinə su axıdılmasının dayandırılması; ünvan 1a yerləşən 2 saylı mənzildən su axıtması nəticəsində ünvan 1a yerləşən 1Q saylı mənzilinə dəymiş 1000 manat məbləğində maddi ziyanın, ona dəymiş 1000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh Fayık oğlundan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1a yerləşən 1Q saylı mənzil onun mülkiyyətindədir və orada yaşayır, bu barədə ona Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ******* saylı Çıxarış verilmişdir, yaşadığı mənzil 1-ci mərtəbədə, cavabdehin yaşadığı mənzil isə 2-ci mərtəbədə yerləşir, cavabdeh onun üst qonşusudur, uzun müddətdir ki, üst mənzilndən onun yaşadığı mənzilə su axır, bununla da ona maddi ziyan dəyib, axıntı hələ də davam etməkdədir, cavabdeh axıntının onun mənzilindən yox, onunla eyni mərtəbədə qonşuluğunda yerləşən 1 nömrəli mənzildən axıdıldığını iddia edir, halbuki bu belə deyil, çünki axıntının həmin mənzildən gəlib-gəlmədiyini yoxlamışdır, hər dəfə su axanda 1 nömrəli evdə yaşayan qonşuya gedirdi, amma bir müddət əvvəl Yengibar rayonda yaşayan qızıgilə getmişdi, ailə üzvləri o evdə olmayanda zəng etmişlər ki, evi su basır, tez gəl, gəlib görmüşdür ki, yenə su axıb evə, 1 nömrəli mənzildə yaşayan qonşunun evinə gedində, qonşu evə yeni gəlmişdir, ümumi krantı hələ heç açmamışdır, həmin an Yengibarın evdə olmadığını bilirdi, lakin onun qapısına yaxınlaşanda evdən su şırıltısının səsini eşitmişdir, onda bilmişdir ki, onun evində boru partlayıb və su onun evindən axır, sentyabr ayında Yengibar evinə qayıdanda su axıntısı yenə davam etdi, o bununla bağlı ona dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh hər dəfə inkar edirdi ki, axıntı qonşudan gəlir, ekspertizanın rəyindən də görünür ki, axıntı cavabdehin mənzilindən gəlir, bu səbəbdən ona dəymiş 1000 manat həcmində maddi və 1000 manat həcmində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri ilə bağlı məhkəməyə məlumat verməmişdir, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə 18.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, iddiaçının yaşadığı mənzil ondan 1 mərtəbə aşağıdadır və məsələ ilə bağlı onun qeyd etdiyi hallar həqiqətə uyğun deyil, belə ki, su axıntısı onun mənzilindən deyil, ona bitişik qonşu mənzildən axır, yəni mənzilə ziyan vurulmasının günahkarı o deyil, həmçinin ekpsert rəyi üzrə gəlinmiş nəticənin düzgün olmadığını düşünür və ekspertizanın gəldiyi nəticə ilə razı deyil, onun maddi ziyana görə 1000 manat ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, 1”Q” saylı mənzil 15.10.2009-cu ildə tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan 1 saylı XTMKTB tərəfindən tərtib olunmuş 15.04.2021-ci il tarixli Aktdan görünür ki, 1 saylı XTMKTB-in mühəndisi E.Əliyev, 122 saylı MKİS-nin rəisi A.Şərifov, mühəndis E.Cahanlı aktı ona görə tərtib etmişlər ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, mənzil 2-in sakini Cavabdeh Fayık oğlunun mənzilindən alt mərtəbədə yerləşən İddiaçı ünvan 1a yerləşən 1Q saylı mənzilinə daimi çirkab su axıdılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 09.07.2021-ci il tarixli 10/2621 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqatın nəticə hissəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, 1Q saylı mənzilin tavan və divarında olan qüsurların olduğunu nəzərə alaraq, həmin mənzilə su sızması faktı müəyyən olunmuş, lakin sanitar qovşağı kimi istifadə olunan yardımçı tikilidə aparılmış təmir işi və su kanalizasiya xətlərinin gizli şəkildə olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan 122 saylı MKİS-nin əməkdaşları tərəfindən 15.04.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatların, eləcə də tavan divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 1Q saylı mənzilə 2 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 1Q saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1050,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 saylı evin 1Q saylı mənzili İddiaçı, həmin ünvanda yerləşən 2 saylı mənzil isə Cavabdeh Fayık oğluna məxsusdur, iddiaçıya məxsus mənzildən yuxarı mərtəbədə yerləşən 2 saylı mənzildən su sızması nəticəsində həmin mənzilin tavan və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikilisinə ziyan dəymişdir, həmin hissənin təmir-bərpa xərcləri 1050,0 manat təşkil edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul edir və dəymiş maddi ziyanın və onun həddinin müəyyən edilməsində ekspertin gəldiyi nəticə ilə razılaşır. Bununla belə məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxdığından, iddiaçı isə maddi zərəri 1000 manat həddində müdafiə etdiyindən dəymiş maddi zərərin əvəzi kimi 1000 manat müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı məxsus olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 100 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Fayık oğlundan dəymiş maddi zərərin əvəzi kimi 1000 manat, vurulmuş mənəvi ziyana görə 100 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Fayık oğlundan 1000 (min) manat, mənəvi ziyanın əvəzi kimi 100 (yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı verilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52 ünvanda yerləşən 2 saylı mənzildən ünvan 3rləşən 1Q saylı mənzilə su axıdılmasının dayandırılması Cavabdeh Fayık oğluna həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh Fayık oğlundan alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar