Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4161/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.275 manat və dövlət rüsumu kimi ödənilmiş 122.75 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 10 fevral 2022-ci il tarixdə iddiaçıdan 3.500 manat pul borc istəmiş, 2 ay müddətində pulu qaytaracağını bildirmişdir. 10 fevral 2022-ci il tarixdə iddiaçı ilə cavabdehin arasında yazılı şəkildə borc müqaviləsi bağlanmış və X1 pulun vaxtında ödənilməsinə zamin durmuşdur. Cavabdehin iddiaçıdan almış olduğu borcun ödənilmə müddətindən xeyli vaxt keçməsinə baxmayaraq o borcunu qaytarmamışdır. Cavabdehin borc aldığı 3.500 manatın 5 faizi 175 manat təşkil edir. Cavabdehdən borcu 33 gün ödəmədiyinə görə 3.500 manat alınmalıdır. Cavabdehin iddiaçıya 9.275 manat borcu yaranmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 fevral 2022-ci il tarixli borc müqaviləsinə əsasən 2.000 manat məbləğində əsas borcun, ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı Cavabdeh Ələmdar oğlu öz izahatında iddiaçıya 1500 manat borcunun olmasını, bu hissədə iddianı qəbul etdiyini və 1500 manat pulu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin verdiyi izahata qiymət verərək belə hesab edir ki, cavabdeh iddiaçıdan cəmi 1500 manat borc aldığını bildirsə də, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 fevral 2022-ci il tarixdə yazılı şəkildə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı borclu Cavabdeh 3.500 manat məbləğində borc vermişdir. Borc alan krediti 2 ay müddətinə borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli aktdan görünür ki, məhkəmə iclasında Cavabdeh tərəfindən İddiaçı 500 manat pul qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı tərəf öz izahatlarında 10 avqust 2022-ci il tarixdə Cavabdeh tərəfindən kartla ödəmə yolu ilə iddiaçıya 1.010 manat pul vəsaiti ödənildiyini bildirdilər. İddiaçı hazırkı iddia tələbində cavabdehin ona olan 3.500 manat borcundan 1.510 manatını geri qaytarmasına istinad edərək, 2.000 manat pul vəsaitinin cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu tam şəkildə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən 3.500 manat borcun 1.510 manat hissəsi iddiaçıya ödənildiyindən, qalan 1.990 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 77 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 46 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1.990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qalan 46 (qırx altı) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4161/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4161/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver