Məhkəmə qərarları › İş №2(011)-4171/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4171/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4171/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh 8615 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 106,15 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, təcili ona pul lazımdır, pulu ən geci 10 gün müddətində qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçı ilə razılaşaraq iddiaçıdan alacağı 9500 manat pulu ən geci 8 günə qaytaracağını bildirirək aralarında 01 sentyabr 2023-cü il tarixdə borc müqaviləsi (kredit müqaviləsi) bağlanmışdır. Həmin borc müqaviləsi üçün iddiaçı cavabdehə 9500 manat pul vermiş, əlavə olaraq notarius üçün rüsum kimi 115 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən ona verdiyi borcdan 1000 manat pul iddiaçıya ödənmişdir. Cavabdehdən borca verdiyi pulun qalan hissəsini yəni 8500 manat pulu tələb etdikdə o müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən boyun qaçıraraq tələbini yerinə yetirməmişdir. Cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2023-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Borc alan borcunu 11 sentyabr 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi (kredit müqaviləsi) üzrə borc alan tərəfindən alınan borc vaxtında qaytarılmadığı halda qanunvericiliklə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, borc müqaviləsində (kredit müqaviləsi) müqavilənin notarial qaydasında təsdiq edilməsi üçün çəkilən xərc borc alanın öhdəliyinə düşmüşdür, ancaq həmin 115 manat rüsumu da iddiaçı ödəmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, ev almaq məqsədi ilə Cavabdeh bacısı ilə tanış olmuş, birlikdə notariusa getmişlər. Cavabdehin bacısı ilə krediti rəsmiləşdirmək mümkün olmadığından, cavabdehin razılığı ilə onunla iddiaçı arasında kredit müqaviləsi bağlanaraq 9500 manat tərəflərindən cavabdehə verilmişdir. Həmin pulun 1000 manatı cavabdehdə qalmış, qalan 8500 manat cavabdeh tərəfindən X1 hesabına ödənilmişdir. Daha sonra X2 dələduz olduğu məlum olduqda, cavabdeh ona verilmiş 1000 manat məbləğində pul vəsaitini iddiaçı tərəfə geri qaytarmışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş edərək, bildirmişdir ki, bacısı əmlak alqı-satqısı ilə məşğul olarkən X3 ilə tanış olmuşdur. Bacısı ilə birlikdə İddiaçı ev məsələsinə görə notariusa getmişlər, orada bacısı Təranənin şəxsiyyət vəsiqəsi aktiv olmadığından iddiaçının xahişi ilə onunla aralarında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ona 9500 manat pul vəsaiti verilmişdir. Həmin pulun 1000 manatı onlarda qalmış, qalan 8500 manat onun öz vasitəsi və iddiaçının iştirakı ilə X1 hesabına ödəmişdir. Daha sonra X2 dələduz olduğunu öyrəndiklərində isə, ona verilmiş 1000 manat məbləğində pul vəsaitini iddiaçı tərəfə geri qaytarmışdır. Habelə cavabdeh qeyd etdi ki, İddiaçı polis idarəsinə ərizə ilə müraciət etmiş, həmin faktla bağlı Sabunçu rayon Pois İdarəsində cinayət işi başlanmışdır. . İş materiallarında olan: xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərtilə 9500 manat məbləğində pul vəsaiti vermişdir, borc verən tərəfindən 115 manat məbləğində notarius xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 10073 saylı qəbzdən görünür ki, 8500 manat H... M... Ə... oğluna ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 106,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olması və 8500 manat məbləğində pul vəsaitinin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə verilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə cavabdehin pul vəsaitini ona deyil, digər şəxsə borc verilməsi ilə bağlı dəlilinə münasibət olaraq bildirir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Yəni ki, əqdin bağlanması üçün tərəflərin iradə ifadəsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iclasında izahat vermiş cavabdeh isə pulu notariat ofisində götürdüyünü, pulu götürdükdən bir neçə dəqiqə sonra isə üçüncü şəxs Məhəmməd Həsənovun kartına göndərdiyini bildirmiş, iddiaçı da məhkəmə iclasında pulun cavabdeh tərəfindən götürüldükdən sonra digər şəxsə göndərdiyini təsdiq etmişdir. Məhkəmə məhz həmin hal ilə bağlı bildirir ki, müqavilə onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır. Odur ki, Cavabdeh ilə Məhəmməd Həsənov arasında olan pul münasibətləri hazırkı iddianın predmenti hesab edilməməklə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin də pərdələnmiş əqd olunmasına əsas ola bilməz. Bundan başqa məhkəmə iclasında da tədqiq edilmişdir ki, notarius tərəfindən hüquq və vəzifələr müqavilə iştirakçılarına izah edilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 106,15 manat məbləğində dövlət rüsumunun 56,15 manat hissəsi və 115 manat notariat xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və 115 (yüz on beş) manat məbləğində notariat və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun 56,15 (əlli altı manat, on beş qəpik) hissəsi olmaqla, cəmi 8671,15 (səkkiz min altı yüz yetmiş bir manat, on beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar