Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4236/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X2 və gəlini X1 itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizə itkin düşmüş elan edilməsi barədədir, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizə, qanunvericiliyə uyğun olaraq, ərizəçinin rəsmi qeydə alındığı yer üzrə Şəmkir Rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai rayon məhkəməsinə verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67/15”B” saylı özbaşına tikili evdə qeydiyyatsız yaşaması barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB-nin 66 saylı MKİS tərəfindən verilmiş arayış, şəxsin yaşayış yerinin, həmçinin ərazi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün nəzərə alına bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyətinə əməl olunmadan verildiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göstərilənqanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 və 312-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi X2 və gəlini X1 itkin düşmüş elan edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4236/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4236/2020
07.08.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver