Məhkəmə qərarları › İş №2(011)-4244/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4244/2021

10.08.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4244/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 mart 1991-ci ildə Bakı şəhərində anadan olmuş X2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu 21 mart 1991-ci il təvəllüdlü X4 valideynlərindən xəbərsiz 2014-cü ildə Türkiyəyə getmişdir. Oradan ailəsinə zəng edərək bir müddət orada qalacağını və ondan nigaran olmamalarını xahiş etmişdir. Bundan sonra bir daha ondan xəbər gəlməmişdir. 2016-2017-ci illərdə ərizəçini Milli Təhlükəsizlik Nazirliyindən çağırıb bildirmişlər ki, onun oğlu X3 və İGİL terrorist dəstəsinə qoşularaq döyüşlərdə iştirak edir. 04 fevral 2021-ci il tarixdə ərizəçi Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək oğlu ilə bağlı məlumat almaq istəmiş, ona oğlunun sağ qalıb-qalmaması barədə onlarda heç bir məlumatın olmadığı bildirilmişdir. Ərizəçinin oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. 2014-cü ildən 2021-ci ilədək ərizəçinin oğlu Bayram Müslümovdan heç bir məlumat yoxdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı 21 mart 1991-ci il təvəllüdlü X4 09 may 2014-cü ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmiş və bu günədək geri qayıtmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli məktubdan görünür ki, X1 Ərəb Respublikası ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmaların tərkibinə qoşulmuş ekstremist yönümlü şəxs kimi məlumdur. O, münaqişə bölgəsinə getmək məqsədilə 09 may 2014-cü il tarixdə ölkəni Türkiyə istiqamətində tərk etmiş və bu günədək geri qayıtmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.2-ci maddələrinə əsasən, məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə tərəfindən X2 məlum son yaşayış yeri polis orqanlarından və digər müvafiq təşkilatlardan onun haqqında olan məlumatların olub-olmaması ilə bağlı araşdırma aparılmışdır. Məhkəmə iclasında iş materialları və işin araşdırılmış halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası vətəndaşı 21 mart 1991-ci il təvəllüdlü X4 09 may 2014-cü ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmiş və bu günədək geri qayıtmamışdır. Göründüyü kimi 21 mart 1991-ci il təvəllüdlü X2 olduğu yer məlum olmadığından, 7 il ərzində o, yaşayış yerində görünmədiyindən və Ərizəçi 21 mart 1991-ci il təvəllüdlü X2 atası olduğundan, onun ərizəsi əsasında 21 mart 1991-ci il təvəllüdlü X4 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, 21 mart 1991-ci il təvəllüdlü X4 ilə bağlı sonuncu məlumat 09 may 2014-cü il tarixdə olduğundan, X4 09 may 2014-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 20 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 mart 1991-ci il təvəllüdlü X4 09 may 2014-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Ərizəçi ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar