Məhkəmə qərarları › İş №2(011)-4259/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4259/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4259/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(011)-8742/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi və cavabdehdən 30.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsin14.09.2017-ci il tarixli qərarı ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan X3 onun yanında qalması müəyyən edilmiş, onun saxlanılması üçün hər ay 137 manat aliment və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda Cavabdeh övladına lazımi diqqət və qayğı göstərmir və alimenti vaxtı-vaxtında ödəmir. Uşaq xəstədir və gələn ildən məktəbə getməlidir. Uşağa baxmaq üçün də hazırda işləmir. Cavabdeh özəl şirkətdə işlədiyi və aylıq gəlirinin 1000 manatdan artıq olması ilə bağlı məlumatı vardır. Övladının xərclərini ödəməkdə çətinlik çəkir. Ona görə də alimentin artırılması zərurəti vardır. Cavabdeh iddia ərizəsinə etira edərək göstərmişdir ki, hal-hazırda “xxxx” MMC-də işləyir və aylıq əmək haqqı 996 manat təşkil edir. İddiaçı ilə 14.09.2017-ci il il tarixdə nikah pozulandan sonra ayrı yaşamağa başlamışdır və həmin vaxtdan uşağın saxlanılması üçün iddiaçıya hər ay 187 manat aliment ödəyirdi. Lakin iddiaçı iddia ərizəsində yalan qeyd edərək bildirmişdir ki, guya ki, o uşağa lazımi diqqət və qayğı göstərmir və alimenti vaxtı-vaxtında ödəmir. Alimenti vaxtlı-vaxtında hər ay artıqlaması ilə ödəyir. Nikah pozulandan sonra 21.08.2018-ci il tarixdə X5 ilə nikaha daxil olaraq ikinci dəfə ailə həyatı qurmuş, bu nikahdan 07.05.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Hal-hazırda oğlu və həyat yoldaşı onun himayəsindədirlər. Həyat yoldaşı heç bir yerdə işləmir. Yaşlı anası da onun himayəsindədir, onların bütün maddi təminatlarını özü ödəyir. Əlavə olaraq, 13.02.2020-ci ildə “xxxx” Bank ASC-dən 48 ay müddətinə 9000 AZN məbləğində kredit götürmüşdür və aylıq 281.12 manat ödəniş edir. Hesab edir ki, oğlunun saxlanılması üçün İddiaçı da üzərinə öhdəlik düşür. Halhazırda ailəli olması, yuxarıda göstərilən xərcləri nəzərə alaraq hesab edir ki, 30.06.2015-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün 175 manat aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğunizahat vermiş və aliment məbləğinin aylıq 175 manat müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(011)-8742/2017 saylı qətnaməsinin surətindən görünür ki, tətərlər arasında bağlanmış nikah pozulmuş, 30.06.2015ci il təvəllüdlü X2 anasının yanında qalması və onun saxlanılması üçün Cavabdeh X1 xeyrinə hər ay 137 manat və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Elektron məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh “xxxx” MMC-də təchizatçı vəzifəsində işləyir və ənək haqqı 1115 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, uşağın mənafeyini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(011)-8742/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 30.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(011)-8742/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 30.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar