Məhkəmə qərarları › İş №2(011)-4278/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4278/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4278/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı uzun illər əvvəl tanıdığı, ailəvi dostluq etdiyi Cavabdeh dələduzluq hərəkətləri nəticəsində külli miqdarda maddi zərərə düşmüşdür. Belə ki, təxminən 2020-ci ilin əvvəllərində İsmayıl iddiaçıya bir neçə dəfə müraciət edərək bildirmişdir ki, onun maliyyə vəziyyəti çətinləşmiş, banklardan götürdüyü kreditlərin ödənilməsində gecikmə var bu səbəbdən yenidən kredit götürə bilmir. Bu əsasla cavabdeh iddiaçıdan ona faizlə pul verməyini xahiş etmişdir. Həmçinin iddiaçını arxayın etmişdir ki, tez bir zamanda pulunu qaytaracaq. İddiaçı ilk dəfə onun xahişini rədd etmiş və İsmayıla demişdir ki, onlar dostdurlar, ona görə də pula görə aralarında söz-söhbət olmasını istəmir. İsmayıl təkid etmiş və bildirmişdir ki, onsuz da banklardan yüksək faizlə kredit götürəcəkdir, aylıq iddiaçıya 80000 manata görə 3000 manat, 20000 dollara görə isə hər ay 1000 dollar ödəyəcək. Cavabdeh iddiaçını əmin etmişdir ki, onu pis vəziyyətdə qoymayacaq, aldığı pulu razılaşdığı şərtlərlə qaytaracaqdır. İddiaçı cavabdehə bir daha bildirmiş və xahiş etmişdir ki, onunla arasında pul barəsində söz-söhbət olmayıb, pulun qaytarılmasında çətinlik yaranmasın. İsmayıl iddiaçını arxayın salmışdır ki, onu heç vaxt çətin vəziyyətdə qoymayacaq, alacağı pulların da vaxtında qaytarılmasını, razılaşdırdığı şərtlərlə düzgün hesablanaraq hər ay ödənilməsini təmin edəcəkdir. İsmayılın böyük quşçuluq ferması var və həmişə də yaxşı işləmiş və özünün dediyinə görə yaxşı qazanc götürmüşdür. Cavabdeh iddiaçıya bildirmişdir ki, onun quşçuluq ferması, nə qədər maşınları, texnikaları, torpaqları vardır. Sadəcə müvəqqəti çətinlik yaranmışdır və tez bir zamanda aldığı pulları bağlayacaqdır. İndi yumurtanın qiyməti düşmüşdür və bu müvəqqətidir, toyuqlara yem almalıdır. İsmayılın iş yoldaşı həm də dostu Akif də iddiaçıya quşçuluq fabrikində bir az çətinlik yarandığını, imkan daxilində İsmayıla kömək etmək lazım olduğunu bildirmişdir. İddiaçı özü də bilirdi ki, həqiqətən tanıdığına ğörə İsmayılın hər şeyi - maşın, ev, torpağı vardır. İddiaçı İsmayıla inandığı üçün ona pul vermək qərarına gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi İsmayıl özü iddiaçıya götürəcəyi pula uyğun şərtlərlə pul verməyi təklif etmişdir. İddiaçı İsmayılın təklifi ilə razılaşmışdır. Sadəcə İsmayılı çoxdan tanıdığı üçün onunla notariatda borc müqaviləsi bağlamamışdır. Birinci dəfə Yasamal rayonu Haxverdiyev küçəsində 30000 manat, ikinci dəfə yenə eyni ünvanda 50000 manat, üçüncü dəfə Azərbaycan Nəşriyyatının qarşısında 20000 ABŞ dollarını İsmayılın oğluna vermişdir. Əvvəlki pulları da İsmayılın oğluna vermişdir. Hər dəfə pulu İsmayılın oğluna verdikdən dərhal sonra İsmayıla zəng edib xəbər vermişdir və İsmayıl da pulların ona çatdırıldığını bildirmişdir. Ümümilikdə üç dəfəyə İsmayıla 80000 manat və 20000 ABŞ dolları vermişdir. Aralarında İsmayılın özünün təklif etdiyi şərtə görə hər ay 80000 min manat üçün 3000 manat, 20000 ABŞ dolları üçün isə 1000 ABŞ dolları faiz ödəməli idi. Beləliklə, İsmayıl bir neçə ay ardıcıl olaraq ğötürdüyü pula görə əlavə pul ödəmişdir. Təxminən 6 -7 aydan sonra artıq İsmayıl pula görə hesablanmış əlavələri gecikdirməyə başlamışdır. İddiaçı İsmayılın əlavələri gecikdirdiyini görüb narahat olmuş, İsmayılla görüşdüm və ondan xahiş etmişdir ki, pulları tam olaraq qaytarsın. İsmayıl təkrar iddiaçını inandırmışdır ki, narahat olmasın, pulları son qəpiyinə qədər qaytaracaqdır. Artıq 2021-ci il aprel ayından etibarən İsmayıl iddiaçıya heç bir məbləğ ödəməmişdir. Hər dəfə cavabdehə zəng etdikdə iddiaçıya narahat olmamağını, hər şeyin yaxşı olduğunu, istehsalı bərpa etdiyini bildirmişdir. İddiaçı da onun sözlərinə inanmış və gözləməyə başlamışdır. Ortaq dostları da iddiaçıya İsmayıla vaxt verməsini, bir az işlərini qaydaya salıb, yumurta satışını bərpa edəcəyini bildirmişdir. İddiaçı uzun müddət İsmayıla zəng etməmiş, İsmayıl da onunla əlaqə qurmamışdır. Axırda İsmayılla görüşüb vəziyyəti ona izah etmişdir ki, pulu qaytarmaq lazımdır. İsmayıl yenə də and içib yaxında bankdan böyük məbləğdə kredit götürəcəyini və bütün borclarını bağlayacağını bildirmişdir. İsmayıl bu günədək iddiaçıya olan borcunu qaytarmamışdır. İsmayılın bu günədək ona olan borcu 80000 manat əsas borcu, 111000 manat faiz borcu, dollarla olan əsas borcu isə 6.000 dollar, faiz hissəsi 7680 ABŞ dollarından ibarətdir. Beləliklə, İsmayılın iddiaçıya olan borcu ümumilikdə manatla 191000, dollarla 13056 dollar təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixinədək iddiaçıya olan ümumi borcu 213195 manat təşkil edir. Cavabdeh artıq uzun müddətdir ki, onunla əlaqəyə çıxmır, iddiaçının nömrəsini bloklamışdır və onunla əlaqə yaratmaq mümkünsüz olmuşdur. İddiaçı cavabdehin iddiaçıya olan borcunu ödəməkdən yayındığını görüb borcun hüquq mühafizə orqanları vasitəsilə geri qaytarılması üçün 09 yanvar 2025-ci il tarixli ərizə ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə müraciət etmişdir. Şikayət ərizəsi araşdırılması üçün Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə göndərilmişdir. Şikayəti araşdırılarkən cavabdeh iddiaçıdan almış olduğu əsas borcları və hər valyuta növü üçün özü tərəfindən təyin edilmiş faizləri təsdiq etmişdir. Beləliklə, aralarında olan hər iki valyuta növündəki əsas borc cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin cavabdeh araşdırma zamanı bilərəkdən guya bütün faizləri və əsas borcun bir hissəsini qaytardığını bildirsə də, buna dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh manatla 80000 əsas, 111000 faiz, cəmi 191000 manat, 6000 ABŞ dolları əsas borc, 7680 ABŞ dolları faiz olmaqla, cəmi 13056 ABŞ dolları olmaqla hər iki valyutanın cəmi olaraq faizlərlə birlikdə 213195 manat borcun və dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehə 2017-ci ildən etibarən 20000 ABŞ dolları və 80000 manat faizlə ödəmək şərtilə borca vermişdir. Cavabdeh borcu bir aya, bir ay yarıma qaytaracağını bildirmiş, lakin ümumilikdə iddiaçıya 44000 manat faiz borcu ödəmişdir. İddiaçı məhkəməyə təqvim bloknotundan cırılmış vərəqdə əl yazma təqdim edərək, 30 000 manat borcun 10 mayda, 50 000 manatın 26 mayda verildiyini və 22 iyun 2017-ci il tarixədək müddət qoyulduğunu bildirmişdir. Sonuncu dəfə ödənişi 2022-ci ilin sentyabr ayında olmuşdur. Həmin müddətdə cavabdeh iddiaçıya 26000 ABŞ dolları, 98000 manat pul ödəməli olduğu halda, 20000 ABŞ dolları ödəmiş, iddiaçı həmin puldan 6000 ABŞ dollarını dollarla olan borcun faizindən, 11000 ABŞ dollarını manatla olan borcun faizindən, qalan 3000 ABŞ dollarını da növbəti ayın faiz borcundan silmişdir. 3 ildən artıqdır ki, cavabdeh iddiaçıya bir qəpik də olsa ödəniş etməmişdir. İddiaçı həmçinin faizlə borc verməklə bağlı lisenziya almadığını və vergi ödəmədiyini bildirmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında pul münasibətləri 2020-ci ilin əvvəllərində yaranmışdır. Cavabdeh tərəfindən sonuncu ödənişin tarixi isə 2021-ci ilin aprel ayı olmuşdur. Bu tarixdən indiyə qədər dörd ildən artıq vaxt keçmişdir. Bu isə həm ümumi, həm də xüsusi iddia müddətlərinin aydın şəkildə ötürüldüyünü göstərir. Bununla yanaşı, iddia ərizəsinə əlavə edilmiş sənədlərə, yəni polis orqanında cavabdehin ifadəsinə istinad edilərsə belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmin ifadəyə əsasən, cavabdeh bildirmişdir ki, iddiaçıya borc kimi etdiyi sonuncu ödənişin tarixi 2022-ci ilin sentyabr ayı olmuşdur. Yəni, hətta bu tarix əsas götürülsə belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bundan əlavə, iddiaçı tərəfindən Yasamal Rayon Polis İdarəsinə də müraciət edilmişdir. Həmin müraciət əsasında 03 mart 2024-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu araşdırma zamanı cavabdeh tərəfindən borcun etiraf edildiyi göstərilsə də, cavabdeh nümayəndə və vəkili kimi ona bu etirafın təzyiq nəticəsində alındığını bildirmişdir. Belə ki, cavabdeh özü və ya yaxınları barəsində cinayət işinin başlanmasından qorxmuş və təhqiqat orqanında göstərildiyi kimi ifadə vermişdir. Hətta bu qərarda göstərilən hallar əsas götürülsə belə, polis orqanında da iddiaçının borc məbləğini şişirtdiyi qeyd edilmiş, ona külli miqdarda əsas borc və faiz borcu qaytarıldığı göstərilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiada göstərilən borc üzrə iddiaçıya ödənilməli olan borc məbləğindən çox faiz ödənişi edilmişdir. Belə ki, cavabdeh iddiaçıya 200000 manatdan çox vəsaiti faiz formasında qaytarmışdır. Tərəflər arasında hər hansı yazılı müqavilə və ya notariat qaydasında rəsmiləşdirilmiş öhdəlik olmamışdır, halbuki iddiaçı öz iddiasında göstərilən məbləğdə əgər borc vermişdirsə bu qanunvericlikdə müəyyən edilmiş formada yazılı olaraq müqavilə əsasında verilməli idi. Lakin buna əməl edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 mart 2024-cü (tarix səhvdir) il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı 09 yanvar 2025-ci il tarixdə şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət edərək, Cavabdeh dələduzluq hərəkətləri nəticəsində külli miqdarda maddi zərərə düşdüyü barədə şikayət vermiş, onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, 2017-ci ilin yay aylarında quşçuluq fabrikində işlərin zəifləməsi ilə əlaqədar dost-tanışlarından borc pul axtarmış, həmin ərəfələrdə quşçuluq fabriklərinə yem paylayan Akif Mehdiyev adlı şəxs onunla söhbət zamanı Səlimin sələmə pul verdiyini, hətta özünün də Səlimdən bir neçə dəfə sələmə pul aldığını bildirmiş və Səlimlə bu barədə söhbət etməsini ona məsləhət etmişdir. Bu minvalla o, Səlimlə söhbət edərək həmin vaxt sonuncudan təxminən 70000 manat civarında sələmə pul götürmüşdür. Aralarında olan razılığa əsasən, o, həmin pula görə Səlimdə ayda 4 faiz, yəni hər ay 3000 manat sələm pulu ödəməli və sonra əsas borcu geri qaytarmalı olmuşdur. Həmin izahatda Cavabdeh bildirmişdir ki, 2017-ci ildən başlayaraq İddiaçı dəfələrlə faizə borc götürmüş, o, cümlədən tanışı Akif Mehdiyev üçün 50 000 manat borc götürmüş, sonuncunun xahişi ilə o borcu da özü qaytaracağı öhdəliyini qəbul etmişdir. İddiaçı külli miqdarda pul ödəsə də, ödədiyi pullar faizə hesablandığı üçün hələ də ona 50 000 manat borcu qalmaqdadır. Həmin izahatda Cavabdeh bildirmişdir ki, 20 000 ABŞ dolları məbləğində borcu 2021-ci ilin may ayında almış və tam şəkildə 15 sentyabr 2022-ci il tarixdə geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5.-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-cı maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı mübahisələri tənzimləyən tərəflər arasında münasibət yarandığı zaman qüvvədə olan maddələr aşağıdakı redaksiyada idi: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1-ci maddəsinə görə əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Beləliklə, mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında tanışlıq münasibətləri olmuş və iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmaqla 3 dəfəyə 30 000 manat, 50 000 manat və 20000 ABŞ dolları məbləğlərində borc verilmişdir. İddiaçının bildirdiyinə görə birinci dəfə Yasamal rayonu Haxverdiyev küçəsində 30000 manat, ikinci dəfə yenə eyni ünvanda 50000 manat, üçüncü dəfə Azərbaycan Nəşriyyatının qarşısında 20000 ABŞ dollarını İsmayılın oğluna vermişdir. İddiaçı borcların faizlə verildiyini - manatla verilən cəmi 80000 manata görə 3000 manat, 20000 dollara görə isə hər ay 1000 dollar faiz ödəniləcəyi şərti ilə verildiyini bildirmişdir. İddiaçı iddia ərizəsində həmin borcların 2020-ci ilin əvvələrində verildiyini bildirsə də, məhkəmə iclasında 2017-ci ildə qısa müddətə - təxminən 1-1,5 aylıq müddətə verildiyini təsdiq etmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, təxminən 6 -7 aydan sonra artıq İsmayıl pula görə hesablanmış əlavələri gecikdirməyə başlamış, bununla bağlı olaraq o, cavabdehlə görüşmüş və ondan xahiş etmişdir ki, pulları tam olaraq qaytarsın. İsmayıl təkrar iddiaçını inandırmışdır ki, narahat olmasın, pulları son qəpiyinə qədər qaytaracaqdır. Artıq 2021-ci il aprel ayından etibarən İsmayıl iddiaçıya heç bir məbləğ ödəməmişdir. İddiaçı 09 yanvar 2025-ci il tarixdə şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət edərək, Cavabdeh dələduzluq hərəkətləri nəticəsində külli miqdarda maddi zərərə düşdüyü barədə şikayət vermiş, onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən ümumilikdə cəmi 44400 manat və 20000 ABŞ dolları qaytarıldığını təsdiq etmişdir. Cavabdeh tərəf iddiaçı ilə aralarında hazırki mübahisəyə səbəb olan borc münasibətlərinin 2020-ci ilin əvvəllərində yarandığını, cavabdeh tərəfindən sonuncu ödənişin tarixi isə 2021-ci ilin aprel ayı olduğunu, həmin tarixdən indiyə qədər dörd ildən artıq vaxt keçdiyinə, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünə əsaslanaraq, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçının faizlə borc vermək səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı faizə borc verməsi ilə bağlı lisenziyasının olmadığını və vergi ödəmədiyini etiraf etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, faizlə kredit vermək fəaliyyəti yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə fazə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması inzibati və cinayət məsuliyyəti yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, tərəflər arasında faizin ödənilməsi razılaşdırılsa da, iddiaçı belə bir səlahiyyətə malik olmadığından razılaşma həmin hissədə etibarsız hesab edilməli, cavabdeh tərəfindən edilmiş ödənişlər verilmiş borcun məbləğindən çıxılmaqla borcun faktiki məbləği hesablanmalıdır. Tərəflərin izahatları ilə təsdiq edilmişdir ki, tərəflər arasında borc münasibətləri 2017ci ildən başlamış, 2020-ci ilin əvvəllərində 3 şifahi müqavilə bağlanaraq, 30 000 manat, 50 000 manat və 20000 ABŞ dolları məbləğində borc cavabdehə verilmişdir, cavabdeh tərəfindən iddiaçının etiraf etdiyinə görə 44400 manat və 20 000 ABŞ dolları ödəniş edilmişdir. Beləliklə, 3 müqavilədən ikisi üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra edilmişdir. Qalan 3-cü müqavilə üzrə 14400 manatın ödənilməsini nəzərə alsaq, həmin müqavilə üzrə borcun 35600 manat məbləğində qaldığı müəyyən edilir. Tərəflərin izahatları ilə təsdiq edilir ki, həmin müqavilə üzrə verilmiş 50 000 manat 2020-ci ilin əvvəllərində qısa müddətə - 1-1,5 aylıq müddətə verilmişdir. İddiaçının ifadəsindən görünür ki, həmin müqavilə üzrə ödənişi cavabdeh 2021-ci il aprel ayından dayandırmışdır. İddiaçı məhkəməyə 23 aprel 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq, işin faktiki hallarını qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar