Məhkəmə qərarları › İş №2(011)-4281/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4281/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4281/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Cavabdeh1 onun kiçik övladına toy etmək məqsədilə 3.000 manat məbləğində borc vermişdir. Həmin borcu toydan sonra qaytaracağına dair şifahi söz vermişdir. Daha sonra onun böyük oğlu (iddiaçının qızının keçmiş həyat yoldaşı) onun baldızına (oğlunun xalasına) olan 5.500 manat borcu olduğunu bildirmiş və iddiaçı cavabdehə bu haqda bildirmişdir. İddiaçı demişdir ki, 3.000 manat əvvəldən verib, 2.500 manat da indi əlavə edir və son aralar öz evinə kondisioner almaq üçün 500 manat pul istəmişdir. Beləliklə də iddiaçıya 6.000 manat borcu yaranmışdır. 2021-ci ilin avqust ayında cavabdeh iddiaçıya bildirmişdir ki, bu borcu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh pulu ödənilməsini şahidlərin yanında və video çəkiliş aparılması zamanı söz vermişdir. Pulun bir hissəsini poçtla vurmuşdur. Lakin 2 il keçməsinə baxmayaraq hələ də cavabdeh iddiaçıya olan borcunu ödəmir. Yazılı müraciət etəsə də cavabdeh poçtla xəbərnamə vasitəsilə alsa da pulu ödəməkdən imtina etmişdir. Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 5.500 manat və Cavabdeh2 11.000 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında texniki vasitələrdən istifadə edilməklə digər Cavabdeh1 iddiaya münasibəti öyrənilmiş, sonuncu, iddianı qəbul etdiyini və iddiaçıdan qeyd edilən məbləğdə pulu aldığını, lakin aralarında olan avtomobillə bağlı məsələdə 5 min manatın əvəzləşdirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, cavabdehlər onun həmkəndlisidir. İddiaçı onun qaynıdır. İddiaçının qızı Cavabdeh1 oğlu ilə evlənib. Cavabdeh1 kiçik oğlunun xeyir işi ilə bağlı iddiaçıdan borc pul alıb. Həmin məbləğ təxminən 17.000 manat təşkil edirdi. Cavabdehlər pulu qaytaracaqlarına dair söz vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, iddiaçı onun qaynıdır. Cavabdeh1 iddiaçının qohumudur. Şahid bildirmişdir ki, pulun verilməsi ilə bağlı Namiqin xalası oğlunun evində söhbət zamanı orada olmuşdur. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehlərlə aralarında olan razılaşmaya əsasən cavabdehlərə pul vermişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçıya məxsus hesabdan Cavabdeh2 hesabına 4.000 manat və 1.000 manat olmaqla, ümumilikdə 5.000 manat pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçıdan 11.000 manat aldığını, texniki vasitələrdən istifadə edilməklə iddiaya münasibəti öyrənilmiş digər Cavabdeh1 isə iddiaçıdan 5.500 manat aldığını etiraf etmişdir. İş materiallarında olan arayışdan görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan 5.500 manat, Cavabdeh2 isə 11.000 manat pul almışdır, həmin məbləğin iddiaçı tərəfindən cavabdehlərə verilməsi və cavabdehlər tərəfindən pulun alınması cavabdehlər tərəfindən məhkəmə araşdırması zamanı etiraf edilmişdir. Beləliklə, cavabdehlərin pulu alması işin mübahisəsiz halıdır. Cavabdehlər pulun qaytarılmasına dair öhdəliklərini icra etməmişlər və borcu geri qaytarmamışlar. Araşdırma zamanı cavabdehlərdən olan Cavabdeh1 iddiaçı ilə aralarında olan avtomobil msələsində 5 min manatın əvəzləşdirildiyi göstərilsə də, buna dəlalət edən hər hansı subut məhkəməyə təqdim edilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmalarına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Lakin cavabdehlər qeyd edilən vəzifəni icra etməyərək, öhdəliklərini yerinə yetirməmişdirlər. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 5.500 manat, Cavabdeh2 11.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür və dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, məhkəmə dövlət rüsumunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi də təmin edildiyindən, Cavabdeh1 55.80 manat və Cavabdeh2 83.70 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 5.500 (beş min beş yüz) manat, Cavabdeh2 11.000 (on bir min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 55.80 (əlli beş manat səksən qəpik) manat və Cavabdeh2 83.70 (səksən üç manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar